Sizin reklam burada
Sizin reklam burada

Əkbər QOŞALI - DÖVLƏT BABA ÖZ VƏTƏNDAŞININ YANINDADIR

Əkbər QOŞALI - DÖVLƏT BABA ÖZ VƏTƏNDAŞININ YANINDADIR
Cənab Prezident “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” (06.11.2020 tarixli, 2292 saylı) Sərəncam imzalayıb.
Sərəncama əsasən Baş nazirin rəhbərliyi ilə müvafiq Dövlət Komissiyası yaradılıb.
-Mülki əhaliyə,
-dövlət əmlakına,
-sahibkarlıq fəaliyyəti subyektlərinə,
-nəqliyyat vasitələrinə,
-kənd təsərrüfatı məhsulları və texnikasına,
o cümlədən
əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın
müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar 11 rayonda yerinə yetiriləcək. Ona görə də, Prezidentin Sərəncamının icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən uyğuntəyinatlı 11 işçi qrupu yaradılıb.

11 rayon üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər Dövlət Komissiyası tərəfindən təxirəsalınmadan davam etdirilir. Sərəncama uyğun olaraq, ASAN Xidmət tərəfindən vahid məlumat bazasının formalaşdırılması işləri də görülür.

14 dekabrda isə ölkə başçısı ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalayıb. Bu yeni Sərəncamla, düşmən təcavüzü sonucunda dağılmış və ya qəzalı duruma düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə altı min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə min beş yüz manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə min manat məbləğində maddi yardım ayrılması müəyyənləşib. (Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin yiyələrinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödənilməsini təmin edəcək.)

İş bununla bitmir. Növbəti mərhələdə (yuxarıda vurğuladığımız kimi) mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus – dağıdılmış və ya qəzalı duruma salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq.

Bütün bu tədbirlər nəzərdə tutulmuş müddətlərdə, tez bir zamanda həyata keçiriləcək.

Gəlin bu yerdə, üç on illik boyunca saxta “qalib ədası” ilə dolanan işğalçıya – keçmiş işğalçıya nəzər yetirək, görək, oralarda durum necədir? – Ermənistanın hazırda 8 milyard dollar(!) xarici dövlət borcu var. Bu uğursuz dövlətin valyuta ehtiyatları təqribən 1 milyarddan bir az çoxdur. Borc-xərc içindədir Ermənistan: xarici dövlət borcu ÜDM-in 60 faizini təşkil edir. Təsəvvür edin: iqtisadiyyat məhv olmaqdadır; milli valyuta – “dram” dramatik durumdadır; sosial-psixoloji durum bərbad; hərbi-siyasi durum qarmaqarışıq; silah-sursat ehtiyatının uzun illər ərzində dirçəldilməsi belə zordur; genefond – necə deyərlər, təhlükə ərz edir; ordusunun ən döyüşkən bölmələri daxil on min civarında əsgər-zabiti əbədi zərərsizləşdirilib, təqribən bir o qədər erməni gənci əsilsiz iddiaları üzündən ömürlük şikəst olub, 10 min fərariləri var və s... Mövcud olduğu 100 il civarı müddət ərzində bütün civardakılarla dalaşıq, dolaşıq dolandı, tərkibində olduğu ittifaqın dotasiyası, ərkələməsi-filanı hesabına mövcud oldu uğursuz Ermənistan dövləti. Bu uğursuz dövlət haqqında ən yaxşı və gerçəkçi mənzərini Azərbaycan Prezidenti cızıb: “İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar”. (Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Xalqa Müraciətindən. 20.11.2020.)

Ermənistan qalsın öz miskin durumunda, keçək öz respublikamıza.

Yuxarıda sadalananlar? Prezidentin Sərəncamları bir daha təsdiq edir ki respublikamızda sosial dövlətin prinsiplərinə, prioritetlərinə sadiqlik nümayiş olunur. Müharibə dövründə olduğu kimi, döyüşlərin dayandırıldığı dövrdə - bütün xüsusi hallarda, müstəqil Azərbaycan dövlətinin müvafiq orqanlarının mükəmməl saat mexanizmi kimi işlədiyini görürük, qürurlanırıq.

Cənab Prezidentin “Mən bütün azərbaycanlıların Prezidentiyəm” sözünün həyatiliyini, bugünkü parlaq gerçəkliyini, necə bir gələcək vəd etməsini görürük, şad oluruq. Ümummilli liderin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” kəlamının mahiyyətini daha yaxşı başa düşürük. Başa düşürük ki müstəqil dövlət əvəzsiz nemətdir. Xalq-dövlət birliyi əvəzsiz nemətdir. Xalqımızın dəyanətini cənab Prezidentin 01 dekabrda, Laçının azad olunması münasibəti ilə Xalqa Müraciətindəki məşhur sözlərlə ifadə etmək istərdim: “Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.

Bəli, 27 sentyabr-10 noyabr 2020-ci il tarixində müharibə gedirdi. Dövlət baba 44 gün içində biləvasitə hərb meydanında ölkəmizin qüdrətini təcalla etdirirdisə, indi sosial meydanda da, vətəndaşın şəxsi qayğılarına konkret münasibətdə öz məsuliyyətini yerinə yetirir. Məncə, bu məsuliyəti yalnız hüquqi planda deyil, ondan da öndə mənəvi planda qiymətləndirməli və qəbul etməliyik.
Dövlət baba öz vətəndaşının yanındadır, çünki onun qəlbindədir!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!


Conflict.az

  • Sosial şəbəkədə paylaş