Sizin reklam burada
Sizin reklam burada

Buzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidirlər?

Buzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidirlər?
Əgər təqribən 15-20 faizdən çox buzlu şüşə mənzərəsi varsa, dərhal müalicə başlamalıdır.

Bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bütün əhaliyə laborator və instrumental müayinələrin nəticələrində əsaslı dəyişiklik olan xəstələrin nə etməli olması elan edilməlidir:

“İnsanlar bilmir ki, nə etsin! Təcili yardım çatdırmır, sahə həkimləri çatdırmır və əksəriyyəti bu sahə üzrə bilgisizlikdən çox fərqli reseptlər yazır! Xəstəliyin əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu, həm həkimləri, həm də xəstələri çox çaşdırır! Bəzən heç qızdırması olmayan xəstənin vəziyyəti çox ağırlaşır, bəzən qızdırması olan insan xəstəliyi yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur.

Xüsusən yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər - başağrı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsı, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı ilk növbədə COVID-dən şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan (boğazdan-əsnəkdən, burundan) yaxma-sıyrıntı-test analizi verilməlidir! Test analizi mənfi çıxıbsa, lakin yuxarıdakı saydığımız şikayətlər büruzə verilib artırsa, mütləq döş qəfəsi orqanlarının KT müayinəsi edilməlidir!”

A.Əliyev qeyd edib ki, əgər təqribən 15-20 faizdən çox buzlu şüşə mənzərəsi varsa, dərhal müalicə başlamalıdır. KT müayinəsində buzlu şüşə mənzərəsi 30 faizdən çox olanlar, xüsusən yanaşı xəstəliyi olan xəstələr mütləq stasionar müalicə almalıdırlar:

“Bu halda təcili yardım və qaynar xətlərə davamlı zəng edib stasionar müalicə tələb edin! KT müayinəsində 50 faizdən çox buzlu şüşə görüntüsü olan xəstə görmüşəm ki, şikayəti çox cüzidir. Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir!”.

Həkim əlavə edib ki, yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan və xəstəliyin əlamətlərinin təzahüründən 5-12 günlərində KT müayinəsində 5-10 faizə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panik vəziyyətə düşməsinlər, qəti surətdə antibiotiklərdən, deksametazon, damar daxili inyeksiyalardan-sistemlərdən istifadə etməsinlər! Bu yolla öz xəstəliklərini çox ciddi şəkildə ağırlaşdıra bilərlər!

Onun sözlərinə görə, test analiziniz müsbətdirsə, lakin heç bir şikayət, yanaşı ciddi xəstəlik, KT müayinəsində buzlu şüşə mənzərəsi yoxdursa heç bir müalicəyə ehtiyac yoxdur:

“Maska geyinmək (xüsusən KN95 və tibbi-cərrahi maska), 2 metr ara məsafəsi saxlamaq və əlləri 70-95 faizli etil spirti əsaslı məhlullarla dezinfeksiya etmək, bir yerə toplaşmamaq, yas yerlərinə getməmək, əl ilə görüşməmək, öpüşməmək çox vacibdir!”

Conflict.az

  • Sosial şəbəkədə paylaş