Sizin reklam burada
Sizin reklam burada

"Bu müharibə təbliğat, təşviqat üzərində qurulub"

"Bu müharibə təbliğat, təşviqat üzərində qurulub"
Məlum olduğu kimi, bütün cəbhəboyu genişmiqyaslı əks-əməliyyatlar başlandığı ilk gündən etibarən Azərbaycanda sosial şəbəkələrdən istifadəyə məhdudiyyət tətbiq olundu. Əlbəttə, belə bir qərar vacib idi. Çünki müharibə təkcə cəbhədə yox, həm də informasiya məkanında gedir. Sosial şəbəkələrdə yayılan müxtəlif dezinformasiyalar, ayrı-ayrı saytlara hücumlar bir daha onu deməyə əsas verir ki, düşmən “ipə-sapa yatmır”.

Raketlərinin elə havadaca zərərsizləşdirildiyini , polkovniklərinin “adı var, özü yox” misalına tam uyğunluğunu görən Ermənistan hərbi-siyasi hakimiyyəti son çarəni informasiya məkanındakı təxribatlarda tapıb. Təəssüf ki, bəzən soyuqqanlılığımızı qoruya bilmir, düşmənə inanırıq. Yalnız bir neçə gündən sonra məsələnin mahiyyətinin nədən ibarət olduğunu anlayır, boş yerə həyəcanlandığımıza görə özümüzü qınayırıq. Deməli, eyni ilə cəbhədəki kimi informasiya məkanında da diqqətli olmalı, kamuflyajlara aldanmamalıyıq.

BDU-nun Jurnalistika fakültəsinin dosenti Zaur Babayev informasiya müharibəsinin mahiyyəti barədə “Sherg.az”a danışıb:

“Son iki yüz ildir həm də ideoloji müharibə aparılır. Bu müharibə təbliğat, təşviqat üzərində qurulub. Soyuq savaşın ən pik həddi keçən əsrdə sosializmlə kapitalizm arasındakı mübarizə idi. Ayrı-ayrı ideologiyaların nümayəndələri öz fikirlərini, ideyalarını KİV vasitəsilə böyük auditoriyaya çatdırırdılar. Azərbaycan otuz ilə yaxındır, mənfur düşmən ermənilərlə həm də ideoloji müharibə aparır.

Bu savaş 90-cı illərin sonundan, yəni internetə əl çatımlığımızdan sonra daha da genişləndi. İnformasiya məkanının sərhəddi yoxdur. İstənilən ölkədə yaşayan biri başqa ölkədə yaşayan adama fikrini çatdıra, sözünü deyə bilər. Belə bir şəraitdə zərərli informasiyaların yayılmasınn qarşısını almaq məqsədilə “filtlər”, başqa sözlə desək, “süzgəclər” yaradıldı. Amma təəssüf ki, ikili standartlar bu məsələdə də özünü göstərdi”.

Z.Babayev informasiya məkanındakı təxribatlardan qorunmağın yolunu da göstərib:

“ Dediyim “süzgəc”lərə nəzarət edənlərin çoxunun erməni olması bizə qarşı kampaniyanı gücləndirir. Belə ki, bir az emosional rəy görə andaca onu silir, profili bloklayırlar. Ona görə də sosial şəbəkələrdə maksimum soyuqqanlı olmalıyıq. Başa düşürəm, düşmən törətdiyi vəhşiliklərə görə ən ağır təhqirlərə layiqdir.

Amma sosial şəbəkələrin də öz etik qaydalarının olduğunu, qlobal səciyyə daşıdığını nəzərə almaq lazımdır. Bundan əlavə, hakerlər öz siyasi rəhbərlərinin sifarişi ilə dağıdıcılıq fəaliyyəti ilə məşğul olurlar. Təhlükələrdən, hücumlardan qorunmaq naminə diqqətli, ayıq-sayıq davranmalı, paylaşımlarımıza, yazdıqlarımıza qarşı məntiqli olmalıyıq. Fikrimcə, ölkə miqyaslı, yəni ancaq Azərbaycan istifadəçiləri üçün nəzərdə tutulmuş sosial şəbəkənin yaradılması müsbət effekt verə bilər.

Bu, ən azından xarici hücumların qarşısını alacaq. Məsələn Çində belədir. Çində heç kim “Facebook”dan istifadə etmir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ