ABŞ xarici tələbələri geri qaytarır

Gündəm / Elm

172

ABŞ xarici tələbələri geri qaytarır
Dünyanın ən qabaqcıl təhsil sistemlərindən birinə sahib Amerika Birləşmiş Ştatları (ABŞ) ölkədə təhsil alan yüz minlərlə xarici tələbənin öz ölkələrinə geri qayıtması üçün ciddi qərar alıb.

"Report"un xüsusi müxbiri xəbər verir ki, ölkə rəhbərliyi koronavirus səbəbi ilə növbəti tədris ilində distant təhsilə davam edən məktəblərdə və ali təhsil ocaqlarında oxuyan xarici tələbələrdən ölkəni tərk etmələrini tələb edir.

Məlumat üçün bildirək ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri və kolleclərdə bu ilin mart ayından etibarən dərslər onlayn formada keçirilir. Bir çox məktəb isə növbəti tədris ili üçün dərslərin hansı formada keçiriləcəyi barədə qərar verməyib.

ABŞ-ın qabaqcıl təhsil ocaqları, eləcə də Harvard Universiteti belə növbəti tədris ilində onlayn təhsilə davam edəcək. Eyni zamanda ABŞ-ın Sərhəd və Gömrük Mühafizə Birliyindən (ICE) xarici tələbələrlə bağlı da qərar verilib.

ICE-nın yaydığı açıqlamada həmin tələbələrin ölkəni tərk etmədiyi halda onlara yeni viza verilməyəcəyini özündə ehtiva edən maddə yer alıb. Bəyanatda həm də tələbələrin hüquqi statusunun qorunması üçün normal təhsilə davam edən univeristetlərə transfer haqlarından istifadə edə biləcəkləri qeyd olunub. Bundan başqa, həm onlayn, həm də üz-üzə təhsil verəcək universitetlərdə təhsil alan xarici tələbələr sadəcə 1 kurs və ya 3 kredit almaq hüququna sahib olacaqlar. Qərarda eyni zamanda ölkəni tərk etməyən xarici tələbələrin mühacirət deportasiyası problemi ilə qarşılaşa biləcəyi xatırladılıb. Bəyanatdan sonra tələbə yataqxanalarında qalan əcnəbi tələbələr oradan çıxarılıblar.

Amerika Təhsil Şurası isə yüz minlərlə xarici tələbəni əhatə edən açıqlamanı "dəhşətli qərar" adlandırıb.

Statistik göstəricilərə görə, son 12 ayda ABŞ-a təxminən 400 min xarici vətəndaş tələbə vizası ilə gəlib. Xarici tələbələr ABŞ-dakı universitet və kollec tələbələrinin 5,5 faizini təşkil edir. Ölkədə təhsil haqları olduqca yüksədir və bu məbləğ universitetlər üçün vacib qazanc mənbəyidir. ABŞ-da təhsil alan tələbələrin əksəriyyəti Çin, Hindistan, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Kanadadan gələnlərdir.

Xatırladaq ki, Azərbaycandan da ABŞ-da təhsil alan xeyli sayda tələbə var. Ali təhsil ocaqlarının demək olar ki, əksəriyyətinin distant təhsilə davam edəcəyini nəzərə alsaq, tələbələrə hansı seçimlərin təqdim olunacağı və qərarın necə reallaşacağı barəsində qaranlıq məqamlar var.

Uzun illərdir ABŞ-da fəaliyyət göstərən immiqrasiya üzrə vəkil Volkan Anık "Report"a müsahibəsində ICE-nin qəbul etdiyi qərarla bağlı bir neçə məsələyə aydınlıq gətirib.

Qərarda ciddi məlumat əksikliyi olduğunu deyən vəkil hökumətin yaxın keçmişdə immiqrantlarla bağlı verdiyi qərarları xatırladaraq mövcud qərarın gözlənilən olduğunu deyib: “Bu ilin fevral ayının 24-də alınan qərar “Public Charge” qanunu və bu qanunla verilən mesaja görə artıq əvvəlki kimi "Green Card" almaq asan olmayacaq. Aprelin 22-də alınan digər qərarla immiqrant vizası 60 gün müddətində dayandırılır. Həmin müddət bitdikdən sonra qərar dekabr ayının sonuna qədər uzadıldı və əhatə dairəsi çox genişləndirildi. Qərara immiqrant olmayan, nonimmiqrant vizalar da daxil edildi. Bunlar J1, L1 və xeyli sayda viza növlərini əhatə edirdi ki, bunlar da nonimmiqrant vizalar hesab olunur. Əslində gedişata baxsaq, tələbələrlə bağlı alınan indiki qərar gözlənilən idi və vəkil olaraq təəccüblə qarşılamadım. Düşünürəm ki, bundan sonra alınan qərarlar bu qərarlardan fərqli olmayacaq.

Tələbələrin ölkələrinə göndərilməsi ilə bağlı alınan qərara gəlincə, əgər M1 və F1 statusunda olan tələbələrin qeydiyyatdan keçdikləri ali təhsil ocaqları növbəti tədris ilinə məxsus bütün semesteri avqustun sonundan başlayaraq sentyabr, oktyabr, noyabr və dekabr aylarında təhsilə internet üzərində davam etdirəcəyini açıqlayıbsa, həmin tələbələr bu ölkədə qalaraq tələbə statuslarını qoruya bilməyəcəklər. Tələbə təhsilini oxuduğu universitetdə davam etmək istəyirsə, ilk növbədə ölkəni tərk etməlidir. Əgər tələbənin təhsil aldığı ali məktəb növbəti mərhələdə qərarını dəyişdirib normal təhsilə davam edərsə, yenidən ABŞ-a dönüb təhsilini qaldığı yerdən davam etdirə bilər”.

Volkan Anık tələbələrin statuslarını qoruyaraq ABŞ-da qalmaları üçün digər bir şansın da olduğunu deyir: "Belə ki, həmin tələbələr təhsil aldıqları ixtisaslara uyğun aktiv şəkildə tədrisə davam edən digər təhsil ocaqlarına transfer edə biləcəklər. Əgər bu prosesi reallaşdıra bilsələr bütün dərslər iüz-üzə deyil, gedişata görə 1 dərs və 3 saata qədər onlayn şəkildə davam etdirə bilərlər. Ancaq burada 3 saat və ya bir dərs olmaqla xüsusi kvota var. Şübhəsiz ki, ölkədə həm onlayn, həm də normal təhsilə davam edən təhsil ocaqları olacaq və onların avqust ayında açılacağı gözlənilir. Ona görə də tələbələri mütəmadi olaraq gedişatı izləmələri lazımdır.

Ailə ziyarəti, xəstəlik və digər səbəblərdən hazırda ABŞ-dan kənarda olan tələbələrin təhsil aldıqları müəssisələr təhsili distant formada keçirsə də, həmin tələbələr vizaları ilə təkrar ölkəyə qayıtmaq niyyətində olsalar belə ehtimal var ki, onlar hava limanına buraxılmayacaq. Əgər tələbə ölkədə qalıb statusunu qoruya bilmirsə, o zaman ən son variant da sınaqdan keçirə bilər. Bu isə viza dəyişikliyidir. Belə olan halda başqa viza alınmalıdır. Misal olaraq, turist vizası ola bilər. Təbii ki, bu vizanın istifadə müddəti də uzun tarixi əhatə etməyəcək".

Conflict.az