“Ramiz Mehdiyev təcili həbs edilməlidir”

Gündəm / Siyasət

470

“Ramiz Mehdiyev təcili həbs edilməlidir”
“Bəlkə Mehdiyev nəyə görə Hafiz Hacıyevi nazir postuna qoymadığını açıqlaya? Bəlkə açıq deyə ki, Hafiz Hacıyevə hakimiyyət əleyhinə olmağı təklif etdim. O da razı olmadığı üçün onu nazir postuna qoymadım”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ramiz Mehdiyevin açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Ramiz Mehdiyev nəhayət ki, susqunluğunu pozaraq, ona qarşı edilən hücumlara cavab verdi. Sabiq PA rəhbəri ümumilikdə H.Əliyev kursuna sadiq olduğunu bildirdi və qeyd elədi ki, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir.

Ramiz Mehdiyevin bu bəyanatını necə dəyərləndirmək olar və Azərbaycan siyasətində Ramiz Mehdiyev faktoru qalmaqda davam edirmi?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Ramiz Mehdiyevin bu gün mənəviyyatdan danışmağa mənəvi haqqının olmadığını düşünən Müasir Müsavat Partiyasının sədri qeyd edib ki, Mehdiyev ölkə prezidentinə xəyanət etmək üçün böyük qruplaşmalar yaradıb:

“Ramiz Mehdiyev böyük yanlışlığa yol verib. O dövlətimizə xəyanət edib. Həm də Mehdiyev Heydər Əliyevə və indi də İlham Əliyevə xəyanət edib. O vaxt Heydər Əliyev hakimiyyətə gələndə Ramiz Mehdiyev Heydər Əliyevi “siyasi meyid” adlandırırdı. O Yeni Azərbaycan Partiyasının yaranmasının da əleyhinə idi.

Bu gün Ramiz Mehdiyev keçmiş komandasından hakimiyyətə sırıdığı insanlarla dövlətə xəyanət edir. Onlar dövlət çevrilişi etmək istəyirlər. Buna görə də Ramiz Mehdiyev təcili həbs edilməlidir. Çünki bu gün Ramiz Mehdiyevin kadrları hakimiyyətdədirlər. Həmçinin Mehdiyevin güc strukturlarında, hərbidə müəyyən adamları var. Mehdiyev həmişə Azərbaycan xalqına düşmən olub və olmaqda davam edir.

Onun bu gün mənəvi haqqı yoxdur mənəviyyatdan danışsın. Mehdiyev ölkə prezidentinə və onun xanımına xəyanət etmək üçün böyük qruplaşmalar yaradıb. O 2-3 il bundan qabaq bizə xəbər göndərirdi ki, Mehriban xanımın ünvanına danışın, prezidentin əleyhinə gedin. Əgər bunlar onun yadından çıxıbsa, mən xatırlada bilərəm.

Bir daha qeyd edim ki, Ramiz Mehdiyev təcili həbs edilməlidir və yoxlanılmalıdır. Çünki onun bütün kadrlarının hamısı, Rusiya, xarici kəşfiyyat orqanlarında işləyirlər. Cənab prezident Ramiz Mehdiyev təhlükəsini dəf etmək üçün böyük çaba göstərir. Bizlər də cənab prezidentin yanında olun ona kömək olmaqla bu vəziyyətdən çıxacağıq.

Araşdırmaq lazımdır ki, Ramiz Mehdiyev nəvəsinin villasına vurduğu qiymətli mərməri haradan və hansı pullar hesabına gətirib. Həmçinin Mehdiyevin yoldaşının adına Novxanıda olan min hektarlarla torpaq sahəsi üzə çıxmalıdır. Hətta onun ləyaqətli insanları hakimiyyətə qoymaması da araşdırılmalıdır. Bu adam həmişə Azərbaycan dövlətinə zərbə vurub.

Bəlkə Mehdiyev nəyə görə Hafiz Hacıyevi nazir postuna qoymadığını açıqlaya? Bəlkə açıq deyə ki, Hafiz Hacıyevə hakimiyyət əleyhinə olmağı təklif etdim. O da razı olmadığı üçün onu nazir postuna qoymadım. Ramiz Mehdiyevin bütün işi başdan-ayağa cinayətdir. Onun bütün kadrları, övladları vəzifədən azad edilməlidir. Mehdiyevin oğlanlarının Rusiyada cənab prezidentin ünvanına dediyi sözlər ortaya qoyulmalıdır.

Vəzirovun və başqalarının dövründə Mehdiyevin Heydər Əliyev haqqında dedikləri də açıqlamalıdır. Bu gün Azərbaycan müxalifətini öndə saxlayan Ramiz Mehdiyev və onun komandasıdır. Elə sirrlər var ki, onların hamısı zaman-zaman açıqlanacaq. Ramiz Mehdiyev həbs ediləndə də biz onunla üzləşməli olacağıq. Dövlətimiz naminə biz buna gedəcəyik.

Onu da vurğulayım ki, Ramiz Mehdiyev torpaqların itirilməsində xüsusi xidmətləri olanlardandır. Azərbaycanın iqtisadiyyatının, kənd təsərrüfatının və digər sahələrində olan bütün pozuntuların hamısının başında Ramiz Mehdiyev dayanır.

Nazim İbrahimov hansısa teatrda Ramiz Mehdiyevin qadınına salam vermədiyi üçün onu şərlədi və vəzifəsindən azad etdirdi. Mehdiyev İlham Əliyevə sadiq olanların hamısını hakimiyyətdən uzaqlaşdırdı. Həmçinin Asim Mollazadənin XİN-də tutulan qohumu dedi ki, qohumum dövlətçiliyə xidmət etdiyi üçün onunla danışmırdım. Sual vermək lazımdır ki, bəs Asim Mollazadə kimə xidmət edir?

Ramiz Mehdiyevin çox sirrləri var. O, korrupsiya piramidasının başında daytanırdı. Rüşvət şəbəkəsinin başında duran adam kimi milyardlar yığıb. Mən 2010-cu il “Xural” qəzetində bunların hamısını açıb ortaya qoyduğuna görə parlamentdə mənim haqqımı dəfələrlə tanımadılar. Prezident seçkilərində iştirak etdiyim üçün də Ramiz Mehdiyev mənə maneçilik törədirdi. O, onunla işləməyimi istəyirdi və mən bu barədə ölkə prezidentinin, xanımının ətrafına məlumat vermişəm. Yaxın günlərdə bu barədə televiziya kanallarının birində geniş çıxışım olacaq”.

Conflict.az