“Totalitar və kleptokratik” koronavirus

Gündəm / yazar

242

“Totalitar və kleptokratik” koronavirus
Koronavirus hələ fevral ayından İranda canlar almağa başladı. Qonşu ölkədə bu virus əsasən dini mərkəz sayılan Qum şəhərindən yayılmışdı (Quma isə onun “Dini elmlər hövzəsi”ndə təhsil alan çinli tələbələr vasitəsilə daxil olduğu iddia edilirdi).

Fevralın 20-də rəsmi mənbələr Qumda dörd nəfərin öldüyünü, Tehran və Gilan da daxil, İranda daha 13 nəfərin bu virusa yoluxduğunu etiraf edir, Ərdəbil, İranşəhr, Sənəndəcdə də virusa yoluxanların varlığından xəbər verirdilər. Gilan və Ərdəbil ostanları Azərbaycanla həmsərhəd olduğu üçün real təhlükənin qapıda dayandığını görməmək mümkün deyildi. O zaman ki, hələ sərhədlərimiz də tam açıq vəziyyətdə idi.

Nəhayət, davamlı həyəcan siqnallarından sonra fevralın sonunda sərhədlər bağlandı. Bu, nisbətən gecikmiş olsa da, doğru qərar idi. Amma ona qədər təkcə fevralda Astara və Biləsuvar keçid məntəqələrindən Qumda təhsil alan yüzlərlə tələbə geri dönmüş, eləcə də qonşu ölkəyə müxtəlif məqsədlər üçün minlərlə vətəndaşımız gediş-gəlmişdi.

Artiq dördüncü aydır ki, sərhəd məntəqələri qapalıdır. Elə isə, bizim əsas nigarançılığımız nədir və nədən qaynaqlanır?

İranın siyasi rejimini, hakimiyyətin totalitar mahiyyətini, eləcə də insan faktoruna münasibətini dəyərləndirsək, nigaran qalmaqda haqlı olduğumuz üzə çıxar. Nəzərə alsaq ki, ölkə əhalisinin yarısını soydaşlarımız təşkil edir, o zaman bu nigarançılığın şiddəti artacaq. Belə rejimlərdə insan dəyəri faktorunu Sovetlər dönəmində biz də aşağı-yuxarı təcrübə etmişik. İran reallığında isə hətta epidemiyalara münasibətdə də oxşar təcrübə nümunələri az deyil. 1903-cü ildə Kərbəlada vəba xəstəliyi kütləvi hal alır. 1904-cü ilin əvvəlində virusun Kirmanşah çevrəsində yayıldığı aşkar olur. Qacar hökuməti İraqa səfəri qadağan edir. O dövrün mərcəyi-təqlidi Ayətullah Məməğani isə bu addımı şiələrin etiqadına hörmətsizlik kimi dəyərləndirir və sonucda Kərbəlaya ziyarətçi axını qarşısıalınmaz olur. Beləliklə, qısa müddətdə Tehranadək yayılan vəba təkcə paytaxtda hər gün 200-dən artıq insan həyatı aparır.

117 il sonra Qumda tapılan taclı virusla bağlı da din xadimləri buna bənzər şəkildə davrandılar, Qumun müqəddəsliyini, dini məkanların bağlanmasının mümkünsüzlüyünü əsas gətirərək, onlar şəhərin karantinə alınmasına mane oldular. Sonu bəllidir.

Azərbaycanda koronavirus iyunun 9-dək səkkiz minə yaxın insanı yoluxdurub, ölümlərin sayı 100-ə yaxınlaşır. İranda isə durum daha acınacaqlıdır: burada 8200-dən artıq ölüm, 170 min yoluxma halı qeydə alınıb. Rəqəmlər rəsmidir, müvafiq dövlət qurumu tərəfindən elan edilib, amma realdırmı?

Əcəba, nədən bizim coğrafiyada insanlar rəsmi statistikaya şübhə ilə yanaşırlar? Üstəlik, karantin qaydalarına da məhəl qoymur, dövlətin xəbərdarlıqlarını ciddi qəbul etmirlər. Niyə? Cavab sadədir. Çünki hakimiyyətlərə, iqtidarların səmimiyyətinə inanmırlar və haradasa haqlıdırlar. Hələ fevral ayında İranda ölümləri əks etdirən videolar yayılanda rəsmi Tehran bir neçə həftə mediada gətirilən faktları təkzib edirdi, statistik rəqəmlər heç açıqlanmırdı. Yalnız ölüm halları kütləvi xarakter alanda, nəhayət, əhali evlərinə çəkildi. Amma siyasi sistemin varlığı üçün müstəsna önəm daşıyan dini bayramların geniş şəkildə qeyd edilməsinə də şahid olduq.

Artıq görünən budur ki, son günlər İranda həyat öz axarına qayıtmaqdadır. Əlbəttə, yenə də rəsmi tabloda əks etdirilən səhnəyə baxıb fikir söyləyirik.

Bizim ölkəmizdə isə durum fərqlidir. Hər gün yüzlərlə yeni yoluxma halı aşkarlanır, itkilər artır. Paralel olaraq, insanların COVİD 19-a yoluxma bəhanəsilə karantinə alınıb, bir neçə gündən sonra evlərinə buraxıldığı barədə sosial şəbəkələrdə məlumatlar dolaşır. Ayrı-ayrı ekspertlər hətta bunun sağalma əmsalını yüksəltmək və səhiyyə sisteminin göstəricilərini yaxşılaşdırmaq üçün edildiyini söyləyirlər. Eləcə də, bəzi vətəndaşlardan fərqli səbəbdən vəfat etmiş əzizlərinin guya koronavirusdan öldüyünü təsdiqləmək tələb olunduğu barədə çox söz-söhbət gəzir.

Gerçəkdən, axı niyə real statistika azaldılmalı, ya da əksinə, artırılmalıdır? Bir versiyaya görə, yoluxanların sayının şişirdilməsi həm də ölkə əhalisi üzərində polis nəzarətinin gücləndirilməsi məqsədilə ola bilər. Hər halda, ortada qəribə bir tablo ilə də üzləşirik; totalitar ideoloji rejimlə kleptokratiyanın mahiyyətcə oxşar, amma taktiki cəhətdən fərqli davranışının “koronavirus güzgüsü”ndə əksini seyr etməli oluruq.

Rüfət Muradlı