Çevriliş təhlükəsi!

Gündəm / Siyasət

120

Çevriliş təhlükəsi!
Qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra Amerika Birləşmiş Ştatlarında baş verənlər ölkədə ciddi qarşıdurmaları daha da dərinləşdirir.

Küçələrə çıxanları gah “iğtişaşçılar”, gah da “terrorçular” adlandıran prezident Donald Tramp kütləvi iğtişaşların qarşısını almaq üçün bütün güc strukturlarından, o cümlədən ordudan istifadə etməkdən belə çəkinmir. Lakin görünən odur ki, ABŞ-da müəyyən dairələr onun bu planının asanlıqla baş tutmasına imkan vermək istəmirlər.

Xarici KİV-in əldə etdiyi məlumata görə, ABŞ silahlı qüvvələrinin Baş qərargah rəisi Mark Milley tərəfindən hazırlanan bildirişdə qeyd olunub ki, Amerika ordusunun “tabeçiliyi yalnız Konstitusiyayadır”.

Bəziləri prezident Trampla Müdafiə Nazirliyi – Pentaqon arasındakı səlahiyyət krizini az qala “çevriliş” hesab edirlər. Ordunun da hadisələrə müdaxiləsini istəyən prezidentə cavab M. Milleydən gəlib.

Donald Trampın etirazçılara qarşı “Üsyan qanunu”nun (etirazçılara qarşı hərbi qüvvələrin müdaxiləsi) qəbul edilməsinin mümkünlüyünü deməsindən sonra Baş qərargah rəisi M. Milley əmrində olan hərbi birliklərə göndərdiyi bildirişdə xüsusi olaraq qeyd edib ki, “Bizim tabeçiliyimiz Konstitusiyayadır”. Bu isə çevriliş müzakirələrinin ortaya çıxmasına səbəb olub. Bir çoxları bunu ABŞ ordusunun prezidentə qarşı çıxması kimi qiymətləndirib.



Bildirişin mətnində istifadə edilən cümlələr bu iddiaların heç də əsassız olmadığını söyləməyə imkan verir. Belə ki, Baş qərargah rəisi hərbi birliklərin komandirlərinə göndərdiyi bildirişdə qeyd edib ki, amerikalıların ifadə azadlğı və sülh niyyətli toplaşma hüququ mövcuddur, ona görə də əsgərlər konstitusiyanın tələblərinə uymalıdırlar.

Məhz bu ifadələri əsas götürərək bir çoxları qeyd edirlər ki, Pentaqon etirazçılara qarşı ordunun gücündən istifadə edilməsinin əleyhinədirlər və bu, əslində, Trampa qarşı çıxmaqdır.

Bundan əlavə, Milley rəsmi bildirişin üzərinə öz əl yazısı ilə belə bir cümlə də əlavə edib: “Hamımızın canı Amerika uğruna qurbandır. Bu anda və Amerikan xalqına bağlı qalacağıq”.

Digər tərəfdən, hazırlanan bildirişin ikinci hissəində böhran dövründə səlahiyyətin və Milli Mhafizəçilərə nəzarətin əyalət valilərində olduğuna işarə edilməsi də Trampa qarşı bir hərəkətin olması kimi dəyərləndirilib. Həmin hissədə açıq qeyd olunub ki, böhran zamanı Milli Mühafizəçilər təhlükəsizliyi təmin etmək, əmlakı və ictimai asayişi qorumaq üçün əyalət valilərinin rəhbərliyi altında vəzifələrini yerinə yetirirlər.

Bu qiymətləndirməni gücləndirən faktorlardan biri də etirazların qarşısının alınması üsullarında əyalət rəhbərləri ilə prezident Tramp arasında müəyyən ziddiyyətlərin olmasıdır. Məlumdur ki, bir sıra valilər də prezidentin nümayişləri zor yolu ilə yatırmasına qarşı çıxırlar.

Conflict.az