Nazirlik şirkəti prokurorluğa verdi

Gündəm / Kriminal

184

Nazirlik şirkəti prokurorluğa verdi
Bakı şəhərinin "Baksol" adlanan ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıb.

Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O qeyd edib ki, Ələsgər Qayıbov küçəsində, "Baksol" adlanan ərazidə Bakı Biskvit Fabrikinə məxsus ərazidə drenaj kanalı çəkilərkən bir neçə sərv ağacının dibinin kök sisteminə zərər vurulduğu və nəticədə ağacların aşdığı məlum olub: "Araşdırma zamanı təbiətə 3900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Aşan ağaclar isə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən doğranaraq ərazidən kənarlaşdırılıb”.

Nazirlik rəsmisi faktla bağlı Bakı Biskvit Fabrikinin məsul şəxsi barəsində akt tərtib olunduğunu bildirib: "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluğa göndərilib. Yaşıllıqlara belə laqeyd münasibət göstərənlər məsuliyyətə cəlb olunacaq və barələrində ciddi tədbirlər görüləcək. Lakin cərimə və cəza ilə iş bitmir, bu cür insanlar ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar".

Conflict.az