Sizin reklam burada
Sizin reklam burada

“İstənilən halda hər birimiz bu virusa yoluxacağıq”

“İstənilən halda hər birimiz bu virusa yoluxacağıq”
Dünyada koronavirus xəstələrinin sayı artmaqda davam edir. Həkimlərin və elm adamlarının səylərinə baxmayaraq, hələ də COVID-19 üçün nə dərman, nə də peyvənd yoxdur. Həkimlərin ağır xəstələri xilas etmək üçün gəldikləri yeganə qənaət koronavirusdan sağalmış insanlardan qan plazmasının köçürülməsidir. Üstəlik, bu cür müalicənin effektivliyi hələ sübut edilməyib, çünki virus tamamilə yenidir və terapiyanın klinik sınaqları yeni başlayıb.

Media.Az bu mövzuda pediatr-infeksionist Həmid Hacıağayevlə danışıb.

- Qanda koronavirusa qarşı antitellərin olması COVID-19-la mübarizə üçün bədəndə immunitetin yaranmasına səbəb ola bilər?

- Əlbəttə ki, immunitet də məhz bu yolla yaranır. Antitellər yalnız hər hansı yoluxucu xəstəlikdən əziyyət çəkən insanlarda müşahidə edilir.

- Fikrinizcə, bu cür terapiya nə dərəcədə təsirlidir?

- Hələlik bu barədə danışmağa ehtiyac yoxdur, virus tamamilə yenidir, buna görə belə müalicənin effektivliyi hələ sübut olunmayıb. Bütün bu testlərin eksperimental xarakter daşıdığını söyləmək olar.

- Rusiyanın tətbiq etdiyi kimi kütləvi skrininqə ehtiyac varmı? Məsələn, Moskvada koronavirusa qarşı antitellər üçün pulsuz kütləvi testlər başlayır.

- Azərbaycanda bənzər zərurət yoxdur. Başa düşürsünüz, əgər bütün xəstələri plazma köçürülməsi ilə müalicəyə başlamısınızsa, onda heç peyvənd hazırlamağa da dəyməz. Və həqiqətən, oxşar tədqiqatlar hər hansı digər virus xəstəliklərinin, məsələn, adi qripin müalicəsinə yönəldilə bilər.

- Konkret olaraq koronavirus haqqında danışsaq, kütləvi skrininq sakinlərin hansı hissəsinin COVID-19-dan sağaldığını və immunitet qazandığını, həmçinin, neçə nəfərin yoluxduğunu müəyyən etməyə imkan verərdi?

- Bəli, bu yaxşıdır, ancaq statistika üçün... Plazma köçürməsinin effektivliyi sübuta yetirilməyincə, kütləvi sınaqlara pul xərcləməyin mənası yoxdur. İstənilən halda hər birimiz bu virusla xəstələnəcəyik, bəs niyə indi müalicə olunmuş vətəndaşlardan xəstələrə plazma köçürülməsi ilə məşğul olaq?!

- Axı, söhbət ağır xəstələrin müalicəsindən gedir...

- Başa düşürsünüz, belə bir qan köçürülməsi ağır vəziyyətdə olan insana çətin ki, kömək etsin. Bu, yalnız vəziyyəti orta-ağır dərəcəyə yaxın olan xəstələrə müəyyən təsir göstərə bilər. Əhalini peyvənd edirlər ki, xəstəliyə yoluxan insan onu çox yüngül formada keçirsin. Artıq ağır xəstə olduğunuz zaman antitel yeritmək çox vaxt mənasızdır.

- Dünyanın bir çox ölkələrində koronavirus xəstələrini pulsuz müalicə edən və antitel testləri keçirən dövlətə məxsus tibb müəssisələrindən əlavə, eyni proseduru istifadə edə biləcəyiniz, ancaq ödənişli əsaslarla fəaliyyət göstərən özəl klinikalar var.

- Bəli, bu, düzgündür və həqiqətdir. Axı, asimptomatik olaraq koronavirusla xəstələnən insanlar var və özləri də bunu bilmirlər. Yalnız müvafiq test verdikdən sonra antitellərin olub-olmadığını öyrənə bilərlər. Fürsət yaratmaq lazımdır ki, hər hansı şəxs istədiyi zaman analiz verə bilsin.

Xatırladaq ki, ölkədə artıq immun plazmasının köçürülməsindən istifadə edərək, ağır koronaviruslu xəstələrin müalicəsinə başlanıb..

Bununla əlaqədar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan müalicə alan vətəndaşlara müraciət edib. Donor olmaq istəyən vətəndaşlar Mərkəzi Qan Bankına müraciət edə bilərlər.

Eyni zamanda, koronavirus xəstələri üçün plazma donorları laboratoriya tərəfindən təsdiqlənmiş COVID-19 diaqnozu olan şəxslər, sağalmadan minimum iki həftə sonra iki testin nəticələri mənfi olan şəxslər, 18 yaşdan 60 yaşa qədər olan könüllülər, həm də həyatlarında heç vaxt qan köçürməmiş kişilər və hamilə olmayan qadınlar (doğuş və ya abortlar olmadan) ola bilərlər.

Müvafiq donor lazımi sənədləri doldurur və razılığını təsdiqləyir. Sonra ondan qan götürülür və laboratoriya müayinələri aparılır. Test nəticələri uyğun olan donorlardan aferez metodu ilə plazma alınır. Prosedur 45-60 dəqiqə davam edir.

Donordan immun plazma bir ay ərzində ən çox üç dəfə, ilk plazmanın götürüldüyü tarixdən etibarən 7-10 gün fasilə ilə alına bilər

Bu prosedur donorun sağlamlığı üçün təhlükə yaratmır. Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) sağalan xəstələr haqqında məlumatları donorların seçildiyi Mərkəzi Qan Bankına göndərir. Könüllü donorlar növbəli olaraq Mərkəzi Qan Bankına dəvət olunur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş