Sizin reklam burada
Sizin reklam burada

Güclü istilər gəlir, virusdan qorunmağın yolu

Güclü istilər gəlir, virusdan qorunmağın yolu
Son günlər COVID-19 ştamı ilə gündəlik xəstələnmə sayının sağalma sayını üstələməsi ciddi narahatçılıq doğurur. Pandemiya ilə mübarizənin gedişində mənfi dinamika nədən qaynaqlanır? Ailə üzvlərinin və onlara yaxın şəxslərin xəstələnməsi halları mövcuddur. Bu nə ilə izah oluna bilər?

Pravda.az xəbər verir ki, tibb professoru Adil Qeybulla SMS icazəsi başlayandan yaxın qohumların, dostların kütləvi də olmasa, görüşüb ev ziyafətləri təşkil etdiklərini deyib: "Hətta SMS icasəsi dövründə hamı maskalardan istifadə etməyib. Bakı kəndlərində, şəhərdəki bina məhəllərində insanların icasəsiz hərəkət azadlığına və bu zaman karantin qaydalarının pozulmasına göz yumulub. Bina evlərində bayıra çıxan insanların liftdən istifadə zamanı lift düyməsinə, divarına, dəstəklərə toxunması, liftin içərisində birgə hərəkət zamanı ağız-burun aerozolundan yoluxma da nəzərdən qaçırılmamalıdır".

O bildirib ki, həmin proseslərdə yoluxmalar bu gün özünü göstərir: "Əlbəttə, insanların ünsiyyətə olan ehtiyacı başadüşüləndir, lakin bu karantin qaydalarının ciddi şəkildə pozulmasıdır. Bütün baş verənlər vətəndaş məsuliyyətinə bağlıdır. Polis hər nüansa nəzarət edə bilməz. Burada əsas nəzarətçi şüur və məsuliyyət olmalıdır.

Bu gün karantin qaydalarının yumşaldılması ilə insanların küçələrə axışması, baş verənləri sanki unutması, iqnor etməsi, sosial məsafə gözləməməsi, maskadan istifadə etməməsi, şəxsi gigiyena qaydalarını gözləməməsi əldə olunan nailiyyətləri heçə endirir, yeni reinfeksiya dalğasının əsasını qoyur".

Adil Qeybullanın fikrincə, karantinin qaydalarının yumşaldılması ilə baş verən yoluxmaların nəticəsini yaxın həftələrdə müşahidə edəcəyik:

"Karantin qaydalarını ləğv edib, əvvəlki illərdəki respirator virus infeksiyalarına olan münasibəti sərgiləyib, hər şeyi taleyin ümidinə buraxdıqda total xəstələnmə baş verir. Nəticədə hamı tibbi yardım ala bilmir, atipik pnevmoniya ilə ağırlaşan xəstələrin əksəriyyəti dünyasını dəyişir, sağalanların bir qismində əlillik (ağ ciyərlərin pnevmosklerozuna bağlı) yaranır. Sonuncuların gələcəkdə, postpandemik dövrdə reabilitiasiyası, onlara ağ ciyər transplantasiyası məsələsi kimi problemlər ortaya çıxır. Bu zaman kollektiv immunitet formalaşır (sağalanların qanında əks-cisimlər yaranır), virusun yaşamaq üçün məskəni (canlı hüceyrə) qalmadığından yoxa çıxır. Nəzərə alaq ki, xəstələnib sağalan şəxsdə reinfeksiya təhlükəsi yoxdur. Bu yol kütləvi tələfata aparan, təhlükəli və milli təhlükəsizliyimizi təhdid edə biləcək yol olardı".

Adil Qeybulla bildirib ki, proqnoza görə, bu il daha güclü və intensiv istilər gözlənilir: "Belə istilərdə, xüsusilə yayda insanların uzun müddət sərt qaydalarla hərəkət azadlığının məhdudlaşdırılması, evdəqal rejimi xeyli problemli görünür. Kütləvi depressiya, psixoloji sarsıntılar, istivurma halları arta bilər, xroniki xəstələrin xəstəliyinin kəskinləşməsi halları geniş xarakter ala bilər. Kondisionerlərin kütləvi istismarı bir tərəfdən elektrik problemi yarada bilər, digər tərəfdən kondisioner xəstəliyi (legionellosis, soyuqdəymələr) arta bilər. Bununla yanaşı, sosial həyatı uzun müddət dondurmaq insanların yaşam şərtlərini pisləşdirə, ölkə iqtisadiyyatına sarsıdıcı zərbələr vura bilər. Düşünürəm ki, bu da effektiv yol hesab edilə bilməz".

O qeyd edib ki, karantin qaydalarını insanların hərəkət azadlıqları istiqamətində yumşaltmaq, lakin karantin şərtlərinə əməl edilməsinə sərt nəzarətin həyata keçirilməsi yaranmış situasiyadan çıxış yolu ola bilər: "Bu zaman, ticarət obyektlərinin, ərzaq mağazalrının, satış obyektlərinin, xidmət sahələrinin, bərbərxanaların fəaliyyətinə icazə verilir, lakin onların fəaliyyət qaydalaır ilə bağlı xüsusi təlimatlar hazırlanır. Vətəndaş məsuliyyəti artırılır, karantin qaydalaırnın pozulmasına administrativ və ictimai nəzarət gücləndirilir.

Karantin qaydasını pozan hər kəs üçün ictimai qınağın artırılması, ictimai pressinqin gücləndirilməsi üçün mexanizmlər düşünülür. Elektron KİV-lər, media insanlara məsuliyyətli olmağın önəmi, karantin qaydalarının mahiyyəti və zərurəti haqda usanmadan təbliğati işi davam etdirir. Sonuncu ən optimal yol hesab edilə bilər. Vətəndaşlarımızı məsuliyyətli olmağa, karantin qaydalarını gözləməyə çağırıram. Yalnız bu yolla hər birimizin həyatını təhlükədən qorumağa və bu bəladan az itkilərlə çıxmağa nail ola bilərik".

  • Sosial şəbəkədə paylaş