İntiqam SOLTAN - DÜŞÜNÜN UŞAQLAR, HAMINIZ DÜŞÜNÜN

Gündəm / yazar

1 488

İntiqam SOLTAN - DÜŞÜNÜN UŞAQLAR, HAMINIZ DÜŞÜNÜN
Bir neçə gündür ki, fikirlərimi sizinlə bölüşmək istəyirəm. Amma qüvvələri qeyri bərabər olan bu müharibə günlərində mənim də başım sizləri qorumaq üçün döyüşə bərk qarışıb. Mən müharibə, döyüş deyəndə adı artıq dünyada hər kəsə bəlli olan, bu gün dünyada ən çox işlənən kəlmə olan KORONAVİRUSla mübarizəni nəzərdə tuturam.

Bir də ki, niyə məhz sizinlə söhbət eləmək, fikirlərimi bölüşdürmək istəyirəm, onu açıqlayım?!. Çünki bu cəmiyyətdə böyüklər özləri etiraf etməsəlıər də, artıq formalaşmış bir "qayda" mövcuddur. Hamı sizləri (yəni uşaqları) öz gələcəyi adlandırır, “sizin üçün yaşadıqlarını” az qala hər addımda israrla dilə gətirirlər. Amma əslində cəmiyyətin ən çox kölgədə qalan, fikri soruşulmayan, ciddiyə alınmayan hissəsi SİZLƏRsiniz. Yüzlərlə uşaq təşkilatları olsa belə, minlərlə qanunlar yazılsa belə hər zaman, “Eh uşaqdır da...” - deyib keçmişik.

Və buna yalnız təssüf etmək olar.

Bəlkə də təsadüfmü, ya bu da bir qanunauyğunluqmu idi, söhbətimiz artıq bizim də cəmiyyətdə sizinçün seçilən günə çevrilən məhz 23 aprelə (23 nisana) düşdü... Nə isə, bunu bir təsadüf sayaq...

Uşaqlar, dünyanın xilaskarlarının da bir zamanlar hər gün gedib gəldiyi məktəblər, girib çıxdığı siniflər, oturub dərs dinlədiyi partalar artıq iki aya yaxındır ki, bom-boş qalıb. Sizlərsizdir. İnanın ki, siz o məktəblər, siniflər, paralar üçün darıxdığınız qədər onlar da sizin mələk simanız, himn qədər gözəl səs-küyünüz üçün darıxıblar...

Darıxmayın, az qaldı. Gedəcəksiniz... Hamınız gedəcəksiniz... Məktəblər də açılacaq, sinifləriniz siz qarışıq dostlarınızla dolacaq, müəllimlərinizin tərifini və ərklə danlağını da eşidəcəksiniz... Hamısı olacaq, əvvəlki kimi, hətta əvvəlkindən daha gözəl, daha yaddaqalan günlər yaşayacaqsınız. Amma sizə bir sual etmək istəyirəm... Bu qədər evdə qaldığınız müddətdə heç bircə dəfə də olsa özünüzün indiyə qədərki əməllərinizi düşünüb təhlil etmisinizmi?.. Düşünmüsünüzmü ki,

“bəs biz, bəs biz özümüz necə, əvvəlki kimi olacağıqmı?.. Əvvəlki kimi olmalıyıqmı?..”

Hə, mənim balaca dostlarım, bax söhbətimiz məhz bu məzmunda olacaq...

Siz heç düşündünüzmü ki, bu faciələr nədən baş verdi?.. Təxminən iki-üç ayın ərzində bu virusdan dünyada nədən iki milyona yaxın insan tələf olmalı idi?..

Düşündünüzmü ki, sizin günahınızdan ola bilərdimi bu faciə?..

Bu fikrim sizə gülməli görünə bilər... Amma heç vaxt "mən uşağam, bunların mənə nə dəxli var?!" - deyib keçməyin və heç vaxt sizə bu cür münasibətlə də barışmayan. Əgər özümüzü böyük bir ümman hesab etdiyimiz cəmiyyətin bir damcısı hesab ediriksə o zaman gözünüzün önünə nə zamansa məktəbdə etdiyiniz (və ya edəcəyiniz) bir təcrübəni gətirin...

İstənilən ölçüdə hər hansı bir qabı götürüb onu hər hansı maye, məsələn adi su ilə doldursaq, o qabın daşıb tökülməsi üçün son bir damcı lazım olacaq... Bircə damcı... Təsəvvür edirsinizmi?.. Axı bizim də hər birimiz ümman olan cəmiyyətdə bircə damcıyıq. Cəmiyyətdəki hər hansı bir xoşagələn və ya bədbəxt bir hadisənin baş verməsinə səbəb ola biləcək həmin o damcı, qığılcım bizim hər hansı birimiz ola bilərik axı... Məncə bu barədə düşünməyə dəyər...

Uşaqlar, inanın, nəinki dünyada hətta bizim ölkəmizdə belə hər kəs bu barədə düşünür bu günlərdə...

Məsələn, elə ilk növbədə müəllimlərmniz... İnanın ki, düşünürlər, “görəsən mənim yanıma hazırlığa gəlmələri üçün sinifdə bilərəkdən zəif dərs keçməyim səbəb olmayıb ki, Tanrının qəzəbinə...”

Və ya valideynlərimiz... Siz elə bilirsiniz ki, valideynlərimiz düşünmür? İnanın ki, onlar daha çox düşünürlər: "Bəlkə elə Allaha mənim övladlarımı incitməyim, evimə, ailəmə xəyanət etməyim xoş

getməyib... "

Hətta məmurlarımız düşünür ki, bəlkə kiminsə haqlı işini aşırmaq üçün aldığım rüşvətdir səbəb... (təbii ki, belələri varsa) Həkimlər düzgün diaqnoz qoymamaqları ucbatından dünyasını dəyişmiş xəstənin ruhu, və ya xəstədən haqsız yerə xeyli pul aldıqlarına, cinayətkar hakimlərimiz cinayətkarı rüşvət müqabilində azad edib günahsızı haqsız yerə həbs etdiklərinə görə peşmançılıq çəkirlər...

Universitetlərimizdə rüşvətxor müəllimlərimiz varsa, həmin müəllimlərimiz rüşvətlə qiymət yazmaqlarına, yalan danışan siyasətçilərimiz varsa, yalan danışdıqlarına görə bütün günü özlərini qınayırlar...

Siz hesab edirsiniz ki, onlar düşünmürlər?!. Düşünürlər, hamı, hər kəs düşünür... Jurnalistlərimiz dezinformasiya yaydıqlarına, kino çəkənlərimiz kinonun pulunu özlərinə xərclədiklərinə, sürücülərimiz qayda pozduqlarına, sərnişinlərimiz avtobusda metroda bağıraraq telefonla danışdıqlarına, piyadalarımız yolu düz keçmədiklərinə, yol polislərimiz rüşvət aldıqlarına (alanlar), aktyorlarımız səhnədəki bayağılıqlarına (bayağılar), yazarlarımız məddahlıqlarına (məddahlar), mollalarımız hüzr düşəndə sevinmələrinə (sevinənlər), hüzr yerində mobil telefonla təzə sifarişlər qəbul etmələrinə (edənlər), ət sexlərimiz donuz kolbasasının üstünə “halal” sözünü yazdıqlarına (yazanlar), küçəsüpürənlərimiz zibili kanalizasiya çuxurlarına və oturacaqların altına süpürdüklərinə (süpürənlər), yolçəkənlərimiz və körpütikənlərimiz qumu, armaturu, sementi satdıqlarına (satanlar), gecə gözətçilərimiz səhərəcən yatdıqlarına (yatanlar), cinayətkar dustaqlarımız etdikləri əməllərinə, mühəndislərimiz tikintinin materialının kəmiyyətinə və keyfiyyətinə qənaət etmələrinə, alverçilərimiz alıcılara fırıldaq gəldiklərinə, hüquq mühafizə orqanlarımız bunlara göz yumduqlarına görə xəcalət çəkirlər... Elə bilirsiniz ki, çəkmirlər?!. Hamısı düşünür ki, bütün dünyanı bürüyən koronavirus məhz onların günahı ucbatından hər yeri bürüyüb...

Siz də düşünün uşaqlar, düşünün... Əgər xəcalət çəkməli bir işiniz varsa, xəcalət çəkin, lap böyüklər kimi və onu bir daha təkrar etməyin... Axı Sizin həyatınız hələ qabaqdadır... Bir də tez-tez kitab oxumağı və teatr tamaşalarına getməyi unutmayın! Bayramınız mübarək!!!

Conflict.az