“Kəskin dəyişiklik olacaq”

Gündəm / Cəmiyyət

84

 “Kəskin dəyişiklik olacaq”
“Koronavirus pandemiyası dünya iqtisadiyyatına vurulan ən ağır zərbələrdən biri oldu. Bundan məqsədli şəkildə istifadə olunduğunu getdikcə, daha aydın şəkildə görəcəyik. Dünya bazarlarında neftin qiymətlərinin 1 dollara qədər enməsi bu planın bir hissəsi idi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Ekspert koronavirus pandemiyası ətrafında qlobal iqtisadi-siyasi oyunların getdiyini istisna etməyib:

“Əlbəttə, dünyanın neft bazarlarında durum təlatümlüdür, bu səbəbdən də qiymətlər kifayət qədər aşağıdır. Amma irəli sürülən mülahizələrin əksinə olaraq, düşünürəm ki, hələlik neft-qaz erasının bitməsindən danışmaq tezdir. İlk növbədə ona görə ki, hələlik bu enerji resurslarına alternativlər müəyyən edilməyib. Digər yandan isə bir çox dövlətin iqtisadiyyatları bu yeraltı sərvətlərin üstündə qurulub. Bu baxımdan, neft bazarlarında baş verən silkələnmənin pandemiya ətrarında cərəyan edən hadisələrin bir hissəsi olduğunu bilirik. Bununla belə, koronavirus pandemiyasının dünyada tarazlığı dəyişəcəyi, yeni siyasi-iqtisadi düzənin formalaşmasına təkan verəcəyi mümkündür.

Neftin kəskin ucuzlaşmasına gəlincə, bu durum neft ixrac edən ölkələrlə yanaşı, idxalıçıların da xeyrinə deyil. Əlbəttə, bir çox ölkə hasilatı və satışı dayandırmaq məcburiyyətində qalacaq. Qənaətimə görə, belə bir vəziyyət neftini baha satan ölkələrin işinə yaraya bilər.

Belə ölkələr neftini ucuz qiymətə satmağa məcbur olan istehsalçılardan alıb, bu böhranlı vəziyyətdən qazanclı çıxmağa çalışacaqlar. Daha keyfiyətli və baha qiymətlərə olan nefti isə böhran aradan qalxdıqdan sonra bazarlar çıxaracaqlar. Məsələn, İran iqtisadiyyatına zərbə vursa da, yığılıb qalmış neftini satacaq, çünki başqa yolu yoxdur, iqtisadi fəallıq aşağı düşüb, paralel olaraq gəlirlər kəskin şəkildə azalıb”.

Ramiyə Məmmədova qlobal siyasi proseslərin pandemiyadan sonrakı dönəmdə dəyişəcəyini ehtimal edir:

“Bu dəyişiklik, xüsusən də, dövlətlərarası münasibətlərdə özünü göstərəcək. Bununla belə, bura qədər mövcud olan bir sıra regional münaqişələrə münasibətin dəyişəcəyini, silahlı qarşıdurmaların öz şiddətini azaldacağını düşünmək sadəlövhlükdür. Pandemiyanın onsuz da gərgin olan durumu bir qədər də ağırlaşdıracağını düşünürəm. Müharibələr getdikcə qızışacaq, siyasi böhranlar artacaq. Bunun səbəbi isə geosiyasi meydanda bioloji silahlardan istifadənin daha da artması ilə bağlı olacaq. Bu baxımdan, koronavirus pandemiyasının bioloji savaşda ilk mərhələ olduğunu demək olar. Belə bir vəziyyət də, gələcəkdə iqtisadi münasibətlərin və mövcud sistemlərin dəyişməsi zərurətini yarada bilər”.

Conflct.az