Neft mübahisə yaratdı

Gündəm / İqtisadiyyat

174

Neft mübahisə yaratdı
Çinin neft alışını azaltması neftin qiymətinin 54-55 dollara qədər enməsinə səbəb oldu. İndi Səudiyyə çalışır ki, hasilatı daha da azaldaraq, neftin qiymətini müəyyən qədər qaldırsın.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov Rusiyanın neft hasilatının daha 600 min barrel (sutkada) azaldılması təklifinə qarşı çıxması haqqında danışarkən deyib. O bildirib ki, neftin qiymətinin aşağı düşməsi Səudiyyə üçün çox ciddi problemdir:

“Neftin qiymətinin aşağı enməsi OPEK+ ölkələrini ciddi narahat edir. Ümumiyyətlə, 2016-cı ilin ikinci yarısından etibarən yaranan müvafiq tendensiyaya əsasən, bütün OPEK+ ölkələri üçün neftin qiymətinin 60 dollar olması sərfəli hesab olunur. Lakin son günlər neftin qiymətinin aşağı düşməsi OPEK+ ölkələrini ciddi narahat edir. Bu baxımdan düşünürəm ki, mart ayında təşkil olunacaq görüşdə hasilatın azaldılması ilə bağlı təklif qəbul ediləcək. Bu qərarın qəbul edilməsi Səudiyyə Ərəbistandan asılıdır. Əgər Səudiyyə bunu istəsə, OPEK+ ölkələri bu qərarı qəbul edəcək. Hasilatın azaldılması qiymət artımına səbəb olarsa, təbii ki, bu, Moskva üçün də sərfəlidir. Lakin hasilatın azaldılması dünya bazarına ən çox neft çıxaran ölkələrdən biri kimi Rusiya üçün sərfəli olmaya da bilər. Rusiya dünya bazarında mövqelərini itirməmək üçün buna qarşı çıxır. Ola bilər ki, bu nöqteyi-nəzərdən Rusiya Səudiyyənin təklifinə zidd gedir. Amma düşünmürəm ki, dünya bazarında neftin qiyməti kritik həddə qədər düşərsə, Rusiya yenə Səudiyyənin təklifini qəbul etməyəcək. İstər-istəməz Rusiya fakt qarşısında qalıb, Səudiyyə ilə razılığa gələcək”.

Qeyd edək ki, mart ayında Azərbaycan da daxil olmaqla neft hasil edən ölkələrin OPEK+ formatında növbəti görüşü keçiriləcək və koronavirus epidemiyası ilə bağlı situasiyaya görə hasilatın azaldılması razılaşmasının uzadılması müzakirə olunacaq. Səudiyyə Ərəbistanı neftin qiymətinin 60 dollar və daha yuxarı həddə saxlanılması üçün hasilatın azaldılmasına dair kvotanın daha 600 min barrel (sutkada) artırılmasını istəyir. Rusiya isə buna qarşı olduğunu bildirib.

Conflict.az