Sizin reklam burada
Sizin reklam burada

Seçicilərin ən az səsini yığan lider namizədlər - SİYAHI

Seçicilərin ən az səsini yığan lider namizədlər - SİYAHI
Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə görə, iki nəfər lider olduğu dairədə seçicilərin 20 faizindən bir az çox səsini toplayıb.

Həmin şəxslər Sabir Rüstəmxanlı və Razi Nurullayevdir.

61 saylı Neftçala Seçki Dairəsinin lider namizədi Sabir Rüstəmxanlı dairə üzrə seçkidə səs verənlərin cəmi 21.4 faizinin səsini toplayıb. Həmin dairədə seçiciərin sayı 42 min 619 nəfərdir.

79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayevin nəticələrində isə cüzi dəyişiklik olub.

Belə ki, MSK-nın lider namizədlər siyahısı ilə bağlı cədvəlində ilk vaxtlar Razi Nurullayevin 20.9 faiz səslə qalib olduğu yazılırdı.

İndi isə MSK-nın saytında Razi Nurullayevin 21.4 faiz səs topladığı göstərilir. Həmin dairədə 41 min 804 seçici var.

Onu da xatırladaq ki, MSK 79 saylı İmişli Seçki Dairəsinin beş seçki məntəqəsinin nəticələrini etibarsız sayıb.

47 saylı Mingəçevir Seçki Dairəsinin lider namizədi Aydın Mirzəzadə isə seçicilərin 30.1 faizinin etimadını qazanıb. Həmin dairədə 37 min 745 seçici qeydiyyatdadır.

41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd Hicran Hüseynova bu dairə üzrə seçicilərin 32.6 faizinin səsini qazanıb. Hicran Hüseynovanın qalib olduğu dairədə 43 min 149 seçici var.

34 saylı Xətai İkinci Seçki Dairəsinin favoriti Mixail Zabelin seçilərin 35.2 faizinin səsini yığıb. Əvvəl isə onun seçicilərin 35.1 faizinin səsini yığdığı açıqlanmışdı. Bu dairədə 43 min 913 nəfər səsvermə hüququna malikdir.

Mixail Zabelinin lider namizəd olduğu dairənin yeddi məntəqəsinin nəticələri etibarsız sayılıb.

Onu da xatırlatmaq lazımdır ki, səsvermədə seçicilərin hamısı iştirak etməyib.

Ölkə üzrə seçkiyə ümumilikdə 2 milyon 547 min 982 seçici qatılıb. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir. Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.

Bunu nəzərə alsaq, deyə bilərik ki, adıçəkilən namizədlər “Pirr qələbəsi” (məğlubiyyətə bərabər qələbə) qazanıblar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş