Deputatlığa namizəd Ağstafaya getdi, insanlar dad elədi – Video

Gündəm

66

Deputatlığa namizəd Ağstafaya getdi, insanlar dad elədi – VideoParlament seçkilərində tanınmış jurnalistlərin deputatlığa namizədliyini irəli sürməsi bir çox problemlərin, mətləblərin, acınacaqlı vəziyyətdə yaşayan əyalət insanlarının dərdinin üstünü açdı. Ona görə yox ki, buna qədər jurnalistlər vətəndaşların problemlərini ictimailəşdirmirdilər. Sadəcə, bu dəfə deputatlığa namizəd olaraq, insanlarla daha yaxından təmas qurdular, əhalinin çətinliklərini, şikayətlərini öyrənə, yuxarı instansiyalara çatdıra bildilər.

Hətta həmin deputatlığa namizəd jurnalistlər parlament üzvü seçilməsələr belə, imzatoplama kampaniyası dövründə vətəndaşlarla birbaşa təmas nəticəsində onların üzləşdiyi haqsızlıqlar, məmur özbaşınalıqları, sosial bəlalarla tanış oldular.

Bu mənada 106 saylı Tovuz-Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini elan etmiş Reportyor.info saytının baş redaktoru, Ümid Partiyasının üzvü Arifə Əliyevanın dairə üzrə imza toplayarkən qarşılaşdığı problemlər, seçicilərin ona danışdığı məsələlər kifayət qədər faydalı olub.

A.Əliyevanın saytımıza dediyinə görə, 106 saylı Tovuz-Ağstafa seçki dairəsində qeydiyyatda olan seçicilərin dərd-səri başından aşır.

Deputatlığa namizəd qeyd etdi ki, təkcə bu ərazi deyil, bütövlükdə regionun problemləri çoxdur. O, təkcə Ağstafa Kösəsgər kəndində gördüklərindən dəhşətə gəldiyini açıqladı:
Deputatlığa namizəd Ağstafaya getdi, insanlar dad elədi – Video
Deputatlığa namizəd Ağstafaya getdi, insanlar dad elədi – Video
“Məsələn, video kadrlardan da izləyəcəyiniz kənd sakini Ülvi Cabbarov deyir ki, bir il qabaq rayon icra başçısının I müavini Ramiz Tatarovun qəbuluna gedib. Hansı ki, həmin müavin icra başçısı Nizaməddin Quliyevə rüşvət verərkən həbs olundu.

Ülvi Cabbarov ondan qaz olmadığını, sosial yardım ala bilmədiyini, işsiz, ac-yalavac qaldığını, ailəsini dolandıra bilmədiyini söyləyib, kömək istəyib. Ona deyib ki, sənə müavinət düşmür. Sonra da Ülvinin üstünə qışqırıb ki, ucadan danışırsan, yazıq kənd adamını 15 sutkalıq həbsə atdırıb. Balalarının gözü qabağında qolları qandallanıb, inzibati həbsə göndərilib.

Yəni, buradakı vəziyyət təsəvvür olunmaz dərəcədə ağırdır. İnsanlar gündəlik çətinlikləri, üzləşdiyi problemlər barəsində şikayətə gedirlər, onları hədələyirlər, həbsə atırlar”.

A.Əliyeva bildirdi ki, camaat əvvəlki deputatı tanımır: “Ülviyyə Ağayeva bu bölgədə millət vəkili kimi seçicilərin yanan barmağına su tökməyib.

Sakinlər özləri deyirlər ki, biz İlyas İsmayılovdan sonrakı deputatı tanımırıq. Camaatın torpaq, əkin-biçin, suvarma problemləri var. Mən onlarla söhbətimdə şikayətləndilər ki, artezian suyu da 1 manata qaldırılıb.

Əhali işsizlikdən, xəstəlikdən, uşaqlarda yayılan göz xəstəliklərindən şikayətlənir. Əkin-biçin yoxdursa, gəlir əldə olunmursa, insanlar uşaqlarını necə müalicə etdirsin, ailələrini nə cür dolandırsınlar? Bir sözlə, namizədliyimi irəli sürdüyüm dairədə çox dəhşətli bir vəziyyətin şahidi oldum”.

Ümid Partiyasının namizədi onu da söylədi ki, 106 saylı Tovuz-Ağstafa seçki dairəsində kimin deputatın seçilməsindən asılı olmayaraq, bir jurnalist kimi onların probemlərini daim diqqətdə saxlayacaq, müvafiq orqanlara çatdıracaq, mediada işıqlandıracaq:

“Eyni zamanda deputat seçiləcək şəxs parlamentdə onların problemlərini qaldırmalıdır, həllinə nail olmalıdır.

Mən maliyyə resursları kifayət qədər məhdud bir jurnalist olaraq, kənd-kənd, qapı-qapı gəzməyə çalışdım, seçicilərin dərdinni öyrəndim.

Onlardan birinin övladının gözünün cərrahiyyə əməliyyatı üçün köməklik göstərəcəyəm. Deputat seçilməsəm belə, bir vətəndaş və jurnalist kimi həmişə insanların problemləri ilə maraqanacağam.

Bu dairədən namizədliyini irəli sürənləri də ev-ev, küçə-küçə gəzməyə, millətin problemlərini öyrənməyə çağırıram. Millət vəkili olacaq adam millətin yanında olmalıdır”.

A.Əliyeva sonda vurğuladı ki, seçicilərin əksəriyyəti qəzəbli, aqressiv, küskün və narazıdır: “Bu da səbəbsiz deyil. Çünki onların deputatları müraciətlərinə baxmayıb, qapılarını döyməyib, kiməsə yardım etməyiblər.

Ancaq seçkidən-seçkiyə gəlib vədlər veriblər, elə ki deputat oldular, camaatı yaddan çıxarıblar. Odur ki, insanlar haqlı olaraq narazılıq edir, imza verəndə istehza ilə deyir ki, sən də onlar kimi olacaqsan.

Yəni, digər deputatlar etimadsızlıq göstərib deyə yeni namizədlərə inam qalmayıb, seçiciyə izah etmək çətindir ki, mən fərqli platforma təklif edirəm, sizinlə daim ünsiyyətdə olacağam. O baxımdan dairədəki rəqiblərimi, namizədləri ev-ev gəzməyə çağırıram”.(REPORTYOR.info)