Qorxunc infeksiyaların yayılmasında pul əsginaslarının rolu - iddia

Foto

923

Qorxunc infeksiyaların yayılmasında pul əsginaslarının rolu - iddiaÇindən yayılan koronavirusla əlaqədar bütün dünya həyəcan içindədir. Ucuz Çin malları dünyaya çox sürətlə yayıldığı kimi, bu nataraz ölkədə meydana gələn viruslar da qısa zamanda ölkələrin sərhədlərini aşa bilir. Avropa dövlətləri bir-birinin ardınca koronavirus təhlükəsi ilə bağlı həyəcan təbili çalmaqdadır.

Almaniya hökuməti ölkədə koronavirus epidemiyasının yayılması təhlükəsinin olduğunu elan edib. Dünyanın tibb mərkəzlərindən biri olan Almaniyada ölümcül virusla mübarizə üçün ilkin olaraq federal büdcədən 50 milyon avro vəsait ayrılıb. Bu arada belə iddialar da var ki, koronavirusun pul əsginasları üzərindən yayılma ehtimalı var.

Məlumdur ki, virusun insana yoluxma yolları sırasında əşyalar üzərində keçmə də var. Məsələn, bir şəxs ictimai nəqliyyatda öskürürsə, bu zaman əşyanın üzərinə düşən ağız seliyi başqa şəxsləri də yoluxdurmağa kifayət edir. Tək koronavirus yox, bütün viruslar belədir. Bu səbəbdən koronavirusun əşyalar vasitəsilə Azərbaycana yayılması istisna edilmir. Pul əsginasları ictimai dövriyyədə olan əşyalar sırasındadır. Bu baxımdan Azərbaycanda nağdsız ödənişlərin tam şəkildə tətbiqinə ehtiyac duyulur.

2019-cu il yanvarın 1-dən ticarət və ictimai iaşə sektorunda çalışan hüquqi və fiziki şəxslərə nağdsız ödənişlərin həcminə mütənasib olaraq vergi güzəştləri tətbiq edilir və bu tipli stimullaşdırıcı tədbirlərin 3 il davam edəcəyi nəzərdə tutulur. Ümumilikdə, ölkədə ödəniş və pulköçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40 faiz artıb. Ötən il ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyona çatıb. Həmçinin ötən il debit və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artıb. O, həmçinin əlavə edib ki, 2019-cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə ödənişlərin sayı 67 faiz, məbləği isə 97 faiz yüksəlib. Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS-terminallar üzrə nağdsız ödənişlər 20 faizə qədər artıb. Lakin ATM və POS-terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir.

Koronavirusun dünya üzərində səyahətə çıxdığı bu günlərdə Azərbaycanda nağdsız ödənişlər həm də həyat və sağlamlıq üçün zəruridir. Pul əsginasları ilə birbaşa təmasa yol vermədən alış-verişin nağdsız həyata keçirilməsi bu yolla yoluxmanın qarşısının alınması deməkdir.

İqtisadçı-ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, koronavirusun pul əsginasları üzərində yayılma ehtimalı var: “Virusların daha çox insanların sıx toplaşdığı məkanlarda - məktəblərdə, metrolarda, avtobuslarda, ali məktəblərdə yayılması üçün olduqca münbit şərait olur. Bir də ki, pul sürətlə əldən-ələ keçir. Koronavirusun əşyalardan keçməsi halları da var. Virus pula düşdüsə, həmin pul da bir əldən bir başqasına keçirsə, adamın yoluxması ehtimalı var. Həmin şəxsin yoluxması ilə yenə də virus pul əsginası ilə digər şəxsə ötürülə bilər. Beləcə, yoluxma sayı arta bilər. Bu baxımdan alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük vermək vacibdir. Amma Azərbaycanda milli mentalitet belədir ki, pul bir çox hallarda canımızdan da artıqdır. Məsələn, məmurları götürək. Adamlar büdcə pullarından oğurlayıb əvəzində çoxlu xəstəliklər qazanıblar. Ürək, şəkər xəstəlikləri pulları artdıqca canlarına keçib. Üzdə sakit görünmələrinə baxmayın, qorxurlar və oğurlamaqda davam edirlər. Nağd pula aludəçilik var bizdə. Əllər nağd pula dəyməyəndə əhvalımız düzəlmir. Mentalitetimiz belədir. Azərbaycanda nağdsız ödənişlərin təbliğatının ən güclü vasitəsi də elə puldur. Ötən ilin yanvarında Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə pərakəndə iaşə müəssisələrində vətəndaşların etdiyi alqı-satqı üzrə Əlavə Dəyər Vergisinin (ƏDV) nağdsız ödənişlər zamanı daha böyük hissəsi sahibinə qaytarılmalıdır. Qanun qüvvədə olsa da, faktiki olaraq vətəndaşlar qəbul olunan qanuna uyğun olaraq ƏDV-nin bir hissəsini nağdsız ödənişlər üzrə geri ala bilmirlər. Qanunun, sadəcə, tətbiqi mexanizmi yoxdur. Qanun qüvvəyə salınırsa, tətbiq mexanizmi də olmalıdır. Nağdsız ödəniş edən vətəndaş ƏDV-nin bir hissəsini geri ala bilsə, bu halda nağdsız ödənişə üstünlük verəcək. Belə olmayacaqsa, nağdsız ödənişlərin tətbiqi çətin olacaq, pulla birbaşa təmas, müvafiq olaraq əsginas üzərindən yoluxma ehtimalı da qalacaq”.

Əkrəm Həsənov: “Virus pula düşdüsə, həmin pul da bir əldən başqasına keçirsə, adamın yoluxması ehtimalı var”

Əkrəm Həsənov deyir ki, rəhbərlik etdiyi hüquq şirkətində nağdsız ödənişləri tətbiq edib və müxtəlif xidmət sektorlarından etirazlar eşitməkdədirlər: “İşçilərimizin əmək haqları nağdsız şəkildə ödənir, işlə əlaqəli gediş-gəlişləri şirkətin ödəmə kartına bağlanıb. İnanın ki, taksi şirkətlərinin bir çoxu pulun nağd ödənməyəcəyini eşidəndə, ümumiyyətlə, sifarişi qəbul etmirlər. Pulun nağd verilməsini tələb edirlər. Əgər taksi sürücüsü bilsəydi ki, nağdsız ödəmənin özündən də nəsə qazanacaq, bu şəkildə nağd ödənişə can atmazdı. Digər sahələr üzrə də eyni durumdur. Koronavirusun dünyaya yayılması fonunda nağdsız ödənişlərin geniş tətbiqi məsələsi gündəmin əsas mövzularından olmalıdır”.

Həmid Herisçi: “Mikroorqanizmin düşmən kimi qiymətləndirilməsinə gəldikdə, latın dilində ”virus" sözü “zəhər” mənasını verir"

Yazıçı-konspiroloq Həmid Herisçi deyir ki, Avropada ciddi həyəcan təbili varsa, vəziyyət ciddidir: “Koronavirusun pul əsginasları üzərindən yayılması mümkündür. Keçmiş zamanlarda ”Böyük ipək yolu" coğrafiyasında oxşar situasiya 14-15-ci əsrlərdə yaşanıb. Milyonlarla insan tələf olub. “İpək yolu” projesinin gündəmdən silinməsi, aşağı yuxarı, məhz bu yoluxucu xəstəliklərlə əlaqədardır. Konspiroloqlar arasında bu ssenarinin Çin-ABŞ ticarət müharibəsi çərçivəsində baş verdiyini vurğulayanlar az deyil. Umberto Ekonun “Gülün əsəri” romanında süjet belədir ki, əlyazmanın vərəqləri zəhərli olduğu üçün ona toxunan keşişlər ölürlər. Əlyazmalardan belə təhlükə varsa, viruslu pul əsginaslarından yoluxma ehtimalı da qalır. Deyilənə görə, İosif Stalini də bu cür - kitab vasitəsilə zəhərləyiblər. Lyudoviqin də eyni üsulla aradan götürülməsi haqda məlumatlar var. Bizim eradan əvvəl var olmuş Hett dövləti Misirlə rəqabətdə müharibələrə meyl edirdi. Hett çarı bir şəhəri alandan sonra viran qoyur. Onun torpağını şumlatdırır və orada zəhərli bitkilər əkdirir ki, həmin ərazidə düşmənləri bir daha şəhər sala bilməsinlər. Bu, həmin dövr üçün ilk bioloji silah idi. Bu gün alimlər anlayırlar ki, mikroblar insanın nəinki düşməni, həm də onun müttəfiqi ola bilər. Mikroorqanizmin düşmən kimi qiymtləndirilməsinə gəldikdə, latın dilində “virus” sözü “zəhər” mənasını verir. Viruslardan silah kimi istifadənın genişlənməsinə şahidlik etməkdəyik. Britaniyada siyasi kəşfiyyat orqanı ilə yanaşı bioloji kəşfiyyat orqanı da fəaliyyətdədir.Viruslarla məşğuldurlar. Ona görə də pul əsginasları ilə virusların yayılmasını da istisna etmək olmaz".