YELLƏNƏN MİNARƏLƏR

Elm

37

YELLƏNƏN MİNARƏLƏR1400 illik Islam memarlığı tarixində orijinal quruluşa malik nadir abidələr çox olmuşdur. Bunlardan biri də Isfahan şəhərinin simvoluna çevrilmiş məşhur Mənari-cünban (Yellənən minarələr) məscididir.



Məscid Isfahandan 7 km. qərbdə, Nəcəfabad şəhəri istiqamətində yerləşən Kardalan qəsəbəsindədir. Memarlıq quruluşu baxımından XIV əsrin əvvəllərinə – Elxanilər dövrünə aid edilən, firuzəyi rəngdə kaşılarla bəzədilmiş bu məscidə ümumdünya şöhrəti gətirən cəhət onun qeyri-adi konstruksiyaya malik qoşa minarələridir.

Mənari-cünban məscidi öz dövründə mömin və zahid bir şəxs kimi tanınmış Əmu Abdullah ləqəbli Abdullah ibn Mühəmməd ibn Mahmud Səqəlanın məzarı üzərində tikilmişdir. Əmu Abdullah Elxani hökmdarı Sultan Mühəmməd Xudabəndə Ölcaytunun zamanında yaşamış, hicri 716-cı il zilhiccə ayının 17-də (miladi 1317-ci ildə) vəfat etmişdir. Məscidin oturacağı kvadrat şəkillidir və tərəfləri təqribən 10 metrdir. Elxanilər dövrünün memarlıq ənənələrinə uyğun olaraq, giriş hündür və yaraşıqlı baştağ şəklindədir. Məscidin ikimərtəbəli daxili fəzası bir-birinin üzərində yeləşən iki kiçik otaqdan ibarətdir. Uzun müddət məscid minarələrsiz mövcud olmuşdur. Qoşa minarələrin sonralar – Səfəvi hakimiyyətinin sonlarında ucaldıldığı alimlər tərəfindən təsdiq edilib. Bəzi məlumatlara görə, məscidin cinahlarında yerləşən, yer səthindən hündürlüyü 17 metrə çatan, lakin məscidin damından cəmi 5 metr hündürlüyə ucalan qoşa minarə XVII əsrdə yaşamış ensiklopedik alim, dini və dünyəvi mövzuda yüzlərlə kitabın, elmi ixtiranın müəllifi, Şeyx Bəhai ləqəbi ilə tanınmış Bəhaüddin Mühəmməd ibn Hüseyn Amulinin (1547-1621) layihəsi əsasında inşa edilib. (Hərçənd ki, bir çox tədqiqatçılar minarələrin Şeyx Bəhaiyə aidliyini şübhə altında qoyurlar).

Çox kiçik sahəli en kəsiyinə baxmayaraq, minarələr dörd əsrdir ki, öz möhkəmliyini qoruyub-saxlayır. Bu illər ərzində minarələr hədsiz sayda fiziki təkanlara məruz qalıb, amma yenə 400 il bündan əvvəlki kimi yırğalanmaqda davam edir. Minarələrin yuxarı hissəsində bir nəfərin zorla yerləşəcəyi qədər kiçik ölçülü dairəvi meydança vardır. Minarələrin daxili divarına dəstək bərkidilib. Meydançada dayanan şəxs həmin dəstəkdən tutaraq güclü təkanla silkələdikdə həm bu, həm də o biri minarə uyğun amplitudlu rəqsi hərəkətə başlayıb yırğalanır. Müşahidələr göstərir ki, hərəkət təkan verilən minarədən başlayır, daha sonra məscidin binasına, oaradan da digər minarəyə ötürülür.

Minarələrin hərəkətini daha qabarıq nümayiş etdirmək üçün onların gövdəsindən iri zınqırovlar asılıb. Minarələr hərəkətə gələndə zınqırovlar tərpənib səs salır. Bundan başqa məscidin içində, Əmu Abdullahın ağ mərmərdən yonulmuş və Yasin surəsi ilə bəzədilmiş sənduqəsinin üzərinə də su ilə dolu kasa qoyurlar. Məscidin binası yırğalandıqca kasanın içindəki suyun səthində titrəyişlər müşahidə edilir.

Əvvəllər minarələr turistlərin üzünə açıq idi və hər kəs 30 pilləli dolama pilləkənlə minarələrin birinə qalxıb dəstəyi tərpətməklə bu hadisəni canlı olaraq seyr edə bilirdi. Son dövrlərdə minarələrin tez-tez fiziki təsirə məruz qalması ziyanlı sayılmışdır. Ona görə də bu iş yalnız tarixi abidənin xidmətçilərindən birinə həvalə edilib. O, hər saatdan-bir minarəyə qalxır və turistlərin gözü qarşısında minarələri hərəkətə gətirir.

Minarələrin yellənməsini bəziləri Əmu Abdullahın qəbrinin kəraməti ilə izah edirlər. Məscidin sirrini anlamaq istəyənlər dəfələrlə minarələri sökməyə cəhd etmişlər. Qazıntılar zamanı məzar bir neçə dəfə zədələnərək uçulub. Amma hər dəfə Əmu Abdullahın cəsədi çürüməmiş halda aşkara çıxıb və bu mənzərəni görənləri heyrətə salıb.

Bəzi tədqiqatçılar minarələrin sirrini Şeyx Bəhainin müstəsna elmi bacarığı ilə bağlayırlar. Qeyd etmək yerinə düşər ki, bu böyük alimin insanı heyrətdə qoyan ixtiraları çoxdur. (Onun layihəsi əsasında Isfahanda tikilmiş və cəmi bircə şamla qızdırılan hamamı misal göstərmək olar).

Minarələrin gövdəsinə oturacaqda və yuxarı hissədə, adamın durması üçün nəzərdə tutulmuş meydança bərabərində dördbucaqlı şəklində taxtalar bərkidilib. Bu taxtalar sanki minarənin gövdəsini kəsərək içinə daxil olub. Mütəxəssislərin fikrincə, tikiliyə hərəkət gətirən də elə bu konstruksiyadır. Minarələrin gövdəsini əhatə edən taxtalar sanki həncama (şarnir) rolunu oynayır.

Qeyd edək ki, Ərəbistanda və Iraqda, o cümlədən, Iranın bir neçə şəhərində (məsələn, Yəzdin Xəraniq kəndində) yellənən minarələr mövcuddur. Maraqlıdır ki, bunların hamısının tikilmə tarixi XIII əsrin sonu–XIV əsrin əvvəllərini əhatə edən təqribən 30 illik zaman kəsiminə təsadüf edir.