FÜRU-üd-DİN

Elm

127

FÜRU-üd-DİNƏrəb dilindən tərcümədə «füru» («fər» sözünün cəmi) «ikinci dərəcəli hissələr, xırdalıqlar» deməkdir. Dilimizdəki «təfərrüat» sözü bunu daha aydın ifadə edir. «Füruüd-din» sözü «dinin təfərrüatı, xırdalıqları» mənasını verir.
Füru – üsulun (köklərin, əsasların) qarşılığıdır. İslam dininin əqidə prinsiplərinə «üsulüd-din», əməli hökmlərinə isə «füruüd-din» deyirlər. Əgər İslam dinini ağaca bənzətsək, üsulüd-din onun kökləri və gövdəsi, füruüd-din isə budaqları və yarpaqları kimidir. Məlumdur ki, budaqlar gövdə üzərində dayanır, inkişaf üçün lazım olan maddələri də kök vasitəsilə əldə edir. Eləcə də, müsəlmanın əməli onun əqidəsindən qaynaqlanır. Şəriətin halal-haramına düzgün riayət etmək üçün əvvəlcə əqidə əsaslarına inanmaq lazımdır. Həmçinin, şəriət hökmlərini anlamaq və əsaslandırmaq üçün yenə dinin əsas prinsiplərinə dayaqlanmaq zəruri şərtdir.
Əhli-sünnə məzhəbində fiqhin hər bir bölümü «fər» sayılır; cəm halda bunlara «füru» deyirlər. Yəni füru konkret olaraq, hər hansı fiqh bölümündən ibarət deyil. Şiə məzhəbində isə bundan əlavə, «füruüd-din» həm də dini termin sayılır və konkret olaraq 10 maddədən ibarətdir:
1. Namaz;
2. Oruc;
3. Xüms;
4. Zəkat;
5. Həcc;
6. Cihad;
7. Əmr bil-məruf (insanları yaxşı əməllərə təşviq etmək);
8. Nəhy ənil-münkər (insanları pis işlərdən çəkindirmək);
9. Təvəlla (Allahın dostlarını sevmək);
10.Təbərra (Allahın düşmənlərinə qarşı düşmənçilik etmək). Şiə məzhəbinə görə, hər bir müsəlman bu 10 məsələdə İslamın göstərişlərinə əməl etməli, onları pozmamalıdır. Bu 10 xüsusiyyət müsəlmanın simasını təşkil edir, onun özü, Allah və sair insanlar qarşısındakı vəzifələrini müəyyən edir.