Hədislərdə süfrə ədəbi

Elm

61

Hədislərdə süfrə ədəbiHəzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb təmizliyi qazanar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər”.

“Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər”.

“Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür”.

“Kim başqasının gözü qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar olar”.

Peyğəmbərin qabağına isti yemək qoyulduqda buyurdu: “Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir”.

“Suyu asta-asta için, birnəfəsə içməyin. Yoxsa qaraciyər xəstəliyinə tutularsınız”.

İmam Sadiq (ə) buyurub:

“Suyu və başqa içəcəkləri üç dəfəyə için; bu, birnəfəsə içməkdən daha yaxşıdır”.

“Möminin qəlbi üçün çox yeməkdən ziyanlı bir şey yoxdur. Çox yemək iki hala səbəb olar: daşürəkliliyə və şəhvətin oyanmasına”.

“Kim yeməyə duzla başlasa, yetmiş cür xəstəlik, eləcə də özünün bilmədiyi, yalnız Allaha məlum olan bəlalar ondan uzaqlaşar”.

“Kim yeməkdən əvvəl və sonra əllərini yusa, həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki sağdır, rifah halında yaşayar, cismani xəstəlikdən amanda qalar”.

İmam Əli (ə) buyurub:

“Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz”.

“Hər kəs acıyanda yesə, yeməyi çox çeynəsə, iştahası hələ küsmədən (doymadan) süfrədən əl çəksə, nəcasəti mədəsində çox saxlamasa, ölənə kimi heç bir xəstəliyə tutulmaz”.

“Qəlbinizi çox yeyib-içməklə öldürməyin. Çünki ürək əkin torpağı kimidir. Torpağa həddən çox su verilsə ölər, əkin-biçinə yararlı olmaz, məhsul verməz”.

İmam Həsən (ə) buyurub:

“Süfrənin 12 xüsusiyyəti var ki, hər bir müsəlman bunları bilməlidir. Bu xüsusiyyətlərin dördü fərz, dördü sünnətdir, dördü isə ədəb-ərkandandır. Fərz olan xüsusiyyətlər bunlardır: mərifət (yəni ruzini verən Allahı tanımaq), razılıq, Allahın adını çəkmək (“bismillah” demək) və şükr. Sünnət olan dörd xüsusiyyət budur: yeməkdən qabaq dəstəmaz almaq, oturmuş halda yemək, sağ tərəfi üstə (yəni sağ tərəfə dayaqlanıb) oturmaq və üç barmaqla yemək. Ədəb-ərkandan olan xüsusiyyətlər isə bunlardır: öz qabağında olan qidanı götürüb yemək, loxmaları kiçik etmək, yeməyi yaxşı çeynəmək və süfrə arxasında başqalarının üzünə az baxmaq”.

İmam Rza (ə) buyurub:

“Kim sağlam, arıq və çevik bədən sahibi olmaq istəyirsə, axşam yeməyini azaltsın”.

(Hədislər “Mizanül-hikmə” kitabındandır).