İNSANIN NƏFSİ və ONUN DƏRƏCƏLƏRI

Elm

29

İNSANIN NƏFSİ və ONUN DƏRƏCƏLƏRIƏrəbcə ruh, cəsəd, insanın bədəni, qan, əzəmət, bir şeyin cövhəri və s. mənalar “nəfs” kəlməsi ilə ifadə edilir. Təsəvvüf anlamında nəfs – daxilində iradi hərəkət, hiss və həyat qüvvəsi olan lətif (zərif) substansiyadır. Quranda “nəfs” sözü müxtəlif mənalarda işlədilir.



Nəfsinə hakim olmaq – arzu və istəklərə, qəzəbə qalib gəlmək, səbr etmək deməkdir.Təsəvvüfdə nəfsin 7 mərtəbəsi var. Haqq yolçusunun nəfsi kamilləşdikcə bu mərtəbələri bir-bir keçir və son mərtəbəyə yetişir.

1.Nəfsi-əmmarə. Ərəb dilindən tərcümədə “əmr edən nəfs” mənasını verir. Kaşaniyə görə, bu nəfs bədəni maddi dünyaya meyl etdirir, ondakı ləzzət və şəhvət istəklərini alovlandırır, qəlbi ülvi olmayan daha aşağı məqamlara doğru cəlb edir. Yusif surəsinin 53-cü ayəsində nəfsin bu mərtəbəsinə işarə edilir: “Mən özümü təmizə çıxarmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər”. Nəfsi-əmmarə şər yuvası, pis əxlaqın və davranışın mənbəyidir.

2.Nəfsi-ləvvamə. Ərəb dilindən tərcümədə “qınayan nəfs” mənasını verir. Təsəvvüf aləmində qəlbin bir küncündəki nurla işıqlanan, həmin nur sayəsində oyaqlığını qoruyan nəfsə deyilir. Bu mərtəbədə olan nəfs etdiyi pis işləri anlayır. Buna görə özünü qınayır, bu əməlləri təkrar etmək istəmir. Ancaq kifayət qədər kamilləşmədiyinə görə, yenə həmin günahları işlətməkdə davam edər. Bununla yanaşı, nəfsi-ləvvamədə bəzi müsbət irəliləyişlər də görünür.

3.Nəfsi-mülhəmə. Ərəb dilindən tərcümədə “ilhama və kəşfə nail olan nəfs” mənasını ifadə edir. Yaxşını pisdən ayıra bilən iradəyə “nəfsi-mülhəmə” deyirlər. Bu, nəfsin kamilliyə doğru üçüncü dərəcəsidir. Artıq bu nəfs Allahın köməyi ilə öz savab və günahını anlayır; məhz bu səbəbdən Allahdan savayı hər şeydən uzaqlaşır. Ruhlar aləminə yönələn bu nəfs eşq halı içərisində olur, elmi sevir, comərddir, qənaətkar və təvazökardır, zəhmətə və əziyyətə qatlaşır, kainatın sirrinə heyran qalır, camaatı tərk edib Allaha yaxınlaşır, sözü gözəl və hikmətli olur.

4.Nəfsi-mütməinnə. Ərəb dilində “rahatlığa, aramlığa qovuşmuş nəfs” mənasını bildirir. Nəfsin dördüncü mərtəbəsidir. Bu nəfs pis sifətlərdən uzaqlaşıb gözəl əxlaq ilə əxlaqlanmışdır. Kaşaniyə görə, mütməinnə – qəlbin nuru ilə aydınlaşıb pis xasiyyətləri tərk edən nəfsdir. Bu nəfs ibadətləri davam etdirməklə qüdsiyyət aləminə yönəlir. Fəcr surəsinin son ayələrindəki “cənnətə gir” xitabı məhz bu nəfsə ünvanlanıb. Bu mərtəbədə nəfsin üzüntüləri “Ey nəfsi-mütməinnə!” xitabı ilə sona çatmış, qəlb hər şeydən əmin olmuşdur. Allaha doğru gedən bu nəfs sahibinin qəlbi tam və həqiqi bir inanca malikdir. O, şəriətin bəzi sirlərini anlamış, comərdlik, doğruculluq, gülərüzlülük, şirindillilik kimi gözəl sifətlər qazanmışdır, daim təvəkkül, təslim, səbir və rıza halındadır. Onun qəlbi hər an rahatlıq içində şükr və səna edir, qüsurları örtərək xətaları bağışlayir. O, Həzrət Mühəmməd Peyğəmbərin (s) əxlaqını gözəl şəkildə yaşayir və bundan zövq alir, Allahın icazəsi ilə bəzi kəşf və ilhamlara nail olur.

5.Nəfsi-raziyyə. Ərəbcə “razı olan nəfs” mənasını bildirir. Bu, nəfsin kamillik yolundakı beşinci mərtəbəsidir, riza məqamına çatan nəfsdir. Bu mərtəbədəki nəfs öz iradəsindən dönüb Allahın iradəsinə tabe olur. O, heç nədən şikayət etməz. Artıq bəşəri özəlliklərdən qurtularaq, fəna məqamına qovuşmuşdur. Əmr və qadağanlara bütünlüklə tabedir, gözəl əxlaqa malikdir. Ara-sıra Allahın adlarının təcəllasına nail olur. Nəfsi-raziyyə həqqül-yəqin mərtəbəsinə çatmışdır.

6.Nəfsi-mərziyyə. Ərəbcə “başqasının ondan razı qaldığı nəfs” deməkdir. Bu, nəfsin altıncı məqamıdır. Allah bu nəfsdən razıdır. Bu mərtəbəyə çatan nəfs bəşəri istəkləri tərk edərək ilahi xüsusiyyətlər qazanır. Qüsurları bağışlayan, gözəl düşünən, şəfqətli, əliaçıq, insanları yalnız Allah xatirinə sevən, incə düşüncəli, heç kəsdə olmayan gözəl xüsusiyətlərə sahibdir. Bu nəfs Allahın icazə verdiyi miqdarda bəzi qeybi sirlərdən xəbərdar olur. Bunlar Allahın ona ehsanıdır. “Mən onun eşidən qulağı, görən gözü, tutan əli, danışan dili olaram” hədisi-qüdsisində bu nəfs nəzərdə tutulur. Nəfsi-mərziyyə Allahın izni ilə başqa şəxslərə də təsir edə bilər.

7.Nəfsi-kamilə. Ərəbcə “kamilləşmiş nəfs” deməkdir. Təsəvvüf anlamında bütün kamil xüsusiyyətləri özündə cəmləşdirən, kamillik zirvəsinə, irşad səviyyəsinə çatan nəfsə nəfsi-kamilə deyilir. Onu nəfsi-qüdsiyyə, nəfsi-safiyyə, nəfsi-zəkiyyə də adlandırırlar. Bu, nəfsin təkamülünün sonuncu – yeddinci mərtəbəsidir.