İSLAMDA ƏXLAQ ANLAYIŞI

Elm

138

İSLAMDA ƏXLAQ ANLAYIŞI«Əxlaq» Yalniz Ədəbdirmi?
Əxlaq - “xülq” sözünün cəmidir. Xülq isə insan nəfsinin əsas xüsusiyyətlərinə deyilir. Mövzuya giriş olaraq bunu deməliyik ki, insanın cansız bədəni nəfs vasitəsilə idarə edilir, yəni bütün əməllər nəfs vasitəsilə nizamlanır. Nəfs insanın həyatını təşkil edən həyat qüvvəsidir, candır. Nəfsi formalaşdıran və ona rəng verən üç əsas qüvvə var: ağıl (hikmət), qəzəb və şəhvət qüvvələri. Hər bir hərəkətimiz, düşüncəmiz bu qüvvələrin təsiri və təhriki ilə baş verir. Bu üç qüvvənin tarazlığından və tənasübündən ədalət xüsusiyyəti meydana çıxır. Yəni ağıl, qəzəb və şəhvət qüvvələrini tənzimləyən, tarazlayan ədalətdir. Ədalət – bu üç qüvvənin orta və bəyənilən həddə olmasından yaranır. Əgər insanın ağlı, qəzəbi və şəhvəti ədalətə tabe olsa, bu, insan üçün bir üstünlük, yəni fəzilət sayılar. Əksinə, ədalət nöqtəsindən aza və ya çoxa doğru meyl etsə, rəzilətə (əskikliyə, nöqsana) çevrilər. Məsələn, ağıl qüvvəsinin ədalət nöqtəsi hikmət adlı fəzilət yaradır. Qəzəb qüvvəsinin ədalətə tabe olmasından şücaət meydana çıxır. Şəhvətin orta həddi isə iffətdir. Amma ağıl qüvvəsinin çoxluğu (ifratı) – hiyləgərlik və vəsvəsədir, azlığı (təfriti) isə səfehlikdir. Qəzəb qüvvəsi həddən çox (ifrat) həddə olsa, qəddarlığa gətirib-çıxarar; amma həddən az (təfrit) olsa, qorxaqlıq sayılar. Şəhvət qüvvəsi aşıb-daşsa, əxlaqsızlıq yaradar, lazım olduğundan az olsa, tərki-dünyalığa və nəslin kəsilməsinə səbəb olar. Ədalətin nə ifratı, nə də təfriti var; onun yalnız ziddi var ki, bu da zülm və zorakılıqdır.
Nəfs bu üç qüvvənin tarazlığına nə qədər çox nail ola bilərsə, bir o qədər mənəviyyat zirvələrinə yüksələr. Bu qüvvələr tarazlıq həddinə yaxınlaşdıqca, nəfs daha yüksək olan ruh dərəcəsinə yaxınlaşır. Yəni ruh fəzilətlərə sahib olan nəfsdir, onu “sultani nəfs” adlandırırlar. O, başqa canlılardan öz mənəvi üstünlükləri ilə fərqlənir. Nəfs bütün canlıları birləşdirən yaşamaq gücündən ibarətdirsə, ruh daha uca və ülvi mahiyyətə malikdir. Şüur, nitq, vicdan, din kimi keyfiyyətləri ruh nizamlayır.
Yuxarıda adları çəkilən üç qüvvənin müxtəlif çalarları insanda xasiyyətlər yaradır. Bu xasiyyətlərə “xülq” deyirlər. Xülq keçici bir xüsusiyyət deyil, o, davamlıdır; çünki müəyyən şərait içində zaman keçdikcə formalaşır. Bu baxımdan xülq haldan fərqlənir. Hal – ətrafda baş verən hadisələrə uyğun olaraq nəfsdə ötəri olaraq yaranan bir vəziyyətdir. Məsələn, insan tənqid olunanda utanır, məzəli söz eşidəndə gülür, təcavüzlə qarşılaşanda qəzəblənir və s. Lakin həmin hadisə başa çatandan qısa bir müddət sonra hal da yox olub gedir. Amma xülq nəfsin bir növ vərdiş etdiyi xasiyyətlərdir. Xülq anadangəlmə şəkildə də insana ötürülə bilər, insanın öz səyi nəticəsində də əldə edilə bilər. Məsələn, təcavüzlə qarşılaşdığı an qəzəblənmək haldırsa, qəzəbi udub səbr etmək xülqdür. Bu vərdişi əldə etmək üçün mənəvi təmrinlər keçmək, özünü buna məcbur etmək lazımdır. Müsbət xülqləri əldə etməyin yolları hər kəsin dünyagörüşünə, temperamentinə, mənsub olduğu düşüncə və əqidəyə görə fərqlənir. Məsələn, kimisi gözəl xülqləri moizə və nəsihət yolu ilə, əxlaqi kitablar oxumaqla əldə etməyə çalışır, kimisi riyazət yolunu seçir, yəni öz nəfsini məhrumiyyətlərə salır, sufi dilində desək, çillə keçir.
Geniş yayılmış bir təsəvvürün əksinə olaraq, insan öz əxlaqını islah etməyə qadirdir. Bu, nə qədər çətin bir proses olsa da, mümkündür. Ən yaxşısı odur ki, gözəl əxlaqi keyfiyyətlər insanın dünyagörüşünün formalaşdığı dövrlərdə – uşaqlıq və yeniyetməlik vaxtında tərbiyə edilsin. Ona görə hədislərdə buyurulur ki, cavan adamın qəlbi becərilməmiş xam torpaq kimidir, hansı toxumu səpsən, qəbul edib cücərdər.
Əgər bu fürsət əldən buraxılsa, yəni nəfs çirkinliklərə bulaşsa, mənfi xülqlərə qərq olsa, onu islah etmək xeyli çətinləşər. Məsələn, süvari əgər vəhşi və qudurğan atı idarə etmək istəyirsə, əvvəldən onun yüyənini əldə möhkəm saxlamalıdır. Bu halda o, atı məcbur edə bilər ki, ona tabe olsun. Amma əgər yüyəni buraxsa, at onu yerə çırpacaq. Bundan sonra atı özünə tabe etmək çətin bir işə çevriləcək, artıq süvari atın istədiyi istiqamətdə onun ardınca qaçıb tutmağa çalışacaq. Nəfsin yüyənini də beləcə möhkəm tutmaq lazımdır ki, haramlara tərəf qaçıb insanı öz yedəyində aparmasın.