İslam tarixindən səhifələr: Bəni-Müstəliq ğəzvəsi

Elm

275

İslam tarixindən səhifələr: Bəni-Müstəliq ğəzvəsi
Hicri 6-ci ilin şəban ayında (miladi 627-ci il) Həzrət Mühəmməd Peyğəmbərin (s) şəxsən iştirak etdiyi Bəni-Müstəliq ğəzvəsi baş vermişdir. Bəzi mənbələrdə hicri 5-ci ildə baş verdiyi yazılıb. Bəni-Xüzaə qəbiləsinin bir qolu olan Bəni-Müstəliq camaatı Məkkədən cənubda, Tihamə vadisindəki Müreysi quyusunun yanında məskunlaşmışdı. Buna görə həmin ğəzvəyə “Müreysi ğəzvəsi” də deyilir.

Ğəzvə nədir?

Dini ədəbiyyatda Həzrət Mühəmməd Peyğəmbərin (s) şəxsən başçılıq etdiyi hərbi əməliyyatları ğəzvə adlandırırlar. Ğəzvələrin əksəriyyəti (Xəndək ğəzvəsi kimi bəzi hərbi əməliyyatlar istisna olmaqla) yürüş xarakterli olub, Mədinədən kənarda baş vermişdir.

Ğəzvələrin bəzi əsas xüsusiyyətləri bundan ibarətdir: onların hamısı hicrətdən sonra, yəni müsəlmanlara cihad icazəsi verildikdən sonra baş vermişdir. İslam tarixində çox mühüm rol oynamış ən mühüm hərbi səfərlərdə Həzrət Mühəmməd Peyğəmbər (s) şəxsən iştirak etmişdir. Bütün ğəzvələr ya qəti müdafiə xarakteri daşımış, ya da düşmən tərəfindən gözlənilən təcavüzü qabaqlamaq məqsədilə həyata keçirilmişdir.

Tarix kitablarında 26, 27 və ya 29 ğəzvə haqqında məlumat verilib. Bunların 9-da (ən qanlı döyüş-lərdə) İslam Peyğəmbəri şəxsən döyüş meydanında olmuşdur. Peyğəmbərin döyüşə qatıldığı ğəzvələr bunlardır: Bədr, Ühüd, Bəni-Müstəliq, Xəndək, Bəni-Qüreyzə, Xeybər, Məkkənin fəthi, Hüneyn və Taif.

Ğəzvələrdən 7-si əhli-kitaba (yəhudi və xristianlara), 13-ü Məkkə müşriklərinə, qalanları isə digər müşrik ərəb qəbilələrinə qarşı həyata keçirilmişdir. 16 ğəzvə silahlı toqquşmasız başa çatmışdır. Ühüd savaşını çıxmaq şərti ilə, heç bir ğəzvədə müsəlmanlar məğlub olmamışlar. “Ğəzvə” termininin müqabilində Həzrət Mühəmməd Peyğəmbərin (s) şəxsən iştirak etmədiyi, onun əmri ilə bəzi səhabələrin başçılığı altında həyata keçirilmiş hərbi əməliyyatları əhatə edən “səriyyə” anlayışı durur.

Mühüm hadisələrlə zəngin olan hərbi yürüş

Bəni-Müstəliq ğəzvəsi ona görə İslam tarixində əhəmiyyətli yerə malikdir ki, bu zaman bir neçə mühüm hadisə baş vermişdir: münafiqlərin başçısı Abdullah ibn Übeyy ibn Səlul ifşa edilmiş, ümmül-möminin Aişə ilə bağlı “ifk” olayı baş vermiş, münafiq Vəlid ibn Üqbənin gətirdiyi xəbərlə bağlı hökm nazil olmuşdur.

Bəni-Müstəliqin başçısı Haris ibn Əbu Zirar müsəlmanlara qəfil basqın etmək məqsədilə ətraf qəbilələrlə birləşib böyük bir qoşun hazırlamışdı və hücum üçün fürsət gözləyirdi. İslam Peyğəmbəri məsələni dəqiqləşdirmək üçün onların yanına bir nəfəri göndərdi. Həmin adam həqiqətən, Bəni-Müstəliqin və müttəfiq qüvvələrin müsəlmanlara düşmənçilik niyyətində olduğunu öyrəndi və bunu Peyğəmbərə xəbər verdi.

Peyğəmbər 700 nəfərlik qüvvə ilə Mədinədən çıxdı. Münafiqlərin və düşmən casuslarının zənnini azdırmaq üçün O, əvvəlcə şimala doğru irəlilədi, sonra qəfildən istiqaməti dəyişdirib Tihamə üzərinə yeridi. Müsəlmanlar yolda rastlarına çıxan bir düşmən casusunu ələ keçirdilər. Casus Bəni-Müstəliqin xeyrinə işlədiyini boynuna aldı. Ona müsəlman olmağı təklif etdilər, lakin o, rədd cavabı verdi və edam olundu.

Vəziyyətdən xəbərdar olan düşmən narahatçılığa düşdü. Bəni-Müstəliqlə müttəfiq olan qəbilələr dağılıb getdi. Müsəlmanlar Müreysə quyularanın yaxınlığında düşərgə qurdular. Düşmən tərəfə təklif olundu ki, İslamı qəbul etsinlər. Lakin Bəni-Müstəliq camaatı inadkarlıq edib, müsəlmanları ox atəşinə tutdu. Peyğəmbər gecə hücum üçün əlverişli şərait yarandığını görüb döyüş əmrini verdi. Qəfil hücumla yaxalanmış Bəni-Müstəliqlilər ciddi müqavimət göstərmədən məğlub oldular. Qəbilənin əksər üzvləri əsir edildi. Düşmən tərəfdən cəmi 10 nəfər öldürüldü. Müsəlmanlar bircə nəfər itki verdilər; onu da səhv olaraq ənsardan bir nəfər düşmən sayaraq öldürmüşdü.

Münafiqlərin hiylələri boşa çixdi

Bəni-Müstəliq qəzvəsi zamanı müsəlman döyüşçülərin arasında yer tutmuş münafiq Abdullah ibn Übeyy ibn Səlul ifşa edildi. O, Mədinəyə qayıdan kimi çevriliş edib Peyğəmbəri şəhərdən qovmaq və şəhərin hakimiyyətini öz əlində cəmləşdirmək niyyətində idi. Yeniyetmə yaşında olan Zeyd ibn Ərqəm Abdullahın fikrindən xəbər tutan kimi bunu Peyğəmbərə xəbər verdi. Bununla bağlı aşağıdakı ayə nazil oldu: “Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən güclülər (münafiqlər) ən zəifləri (Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (Münafiqun, 8).

Bəni-Müstəliq savaşından qayıdarkən mənzillərin birində münafiqlərin təhriki ilə su üstündə mühacirlərlə ənsarın arasında qarşıdurma yarandı. Lakin Peyğəmbər uzaqgörənliklə hərəkət edib, vəziyyətin gərginləşməsinə imkan vermədi.

Fasiqin gətirdiyi xəbəri yoxlayın!

Mədinəyə qayıtdıqdan bir müddət sonra Peyğəmbər Osman ibn Affanın ana-bir qardaşı Vəlid ibn Üqbəni Bəni-Müstəliq qəbiləsinə göndərdi ki, onların zəkatını yığıb gətirsin. Bəni-Müstəliq camaatı Vəlidin gəldiyini görüncə, atlarına minib onu qarşılamağa çıxdılar. Vəlid isə heç onları dinləmədən Mədinəyə qayıtdı, Bəni-Müstəliqlilərin zəkat vermək istəmədiklərini və onu öldürmək üçün hücum etdiklərini söylədi. Müsəlmanlar bu xəbərdən narahat olub yenidən onların üzərinə hücum etməyə hazırlaşdılar. Bu zaman nazil olmuş aşağıdakı ayə Vəlidin yalan danışdığını sübuta yetirdi: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (Hücürat, 6).

Peyğəmbərin şəxsi həyatı töhmətdən uzaqdır

Ümmül-möminin Aişə ilə bağlı “ifk” hadisəsi də Bəni-Müstəliq ğəzvəsindən qayıdarkən baş vermişdir. Ərəb dilndə ifk – böyük böhtan, dəhşətli iftira deməkdir. Tarixdə “boyunbağı olayı” adı ilə də xatırlanır.

Həzrət Mühəmməd Peyğəmbər (s) adətən, hər savaşa gedəndə xanımlarından birini özü ilə aparırdı. Hansı xanımın gedəcəyini püşkatma yolu ilə təyin edirdilər. Bəni-Müstəliq savaşında Peyğəmbəri ümmül-möminin Aişə müşayiət edirdi. Mədinəyə qayıdarkən müsəlmanların köç saldığı düşərgələrin birində ümmül-möminin Aişə təsadüfən öz boyunbağısını salıb itirdi. Bu boyunbağının ona anası və ya bacısı tərəfindən verildiyini yazırlar. Aişə itkidən xəbər tutan kimi boyunbağını axtarmağa başladı. Axırıncı dəfə harada böyunbağının öz boynunda olduğunu xatırladı və həmin yerə yollandı. Bu arada karvan yola düşdü. Müsəlmanlar Aişənin də kəcavənin içində olduğunu zənn edib getmişdilər.

Aişə düşərgəyə qayıdanda karvan artıq orada yox idi. Bu zaman karvanın ardınca gəlməyə və unudulmuş şeyləri götürməyə təhkim edilmiş Səfvan ibn Müəttəl adlı gənc müsəlman onu görüb, öz dəvəsinin tərkinə əyləşdirdi və Mədinəyə gətirdi.

Aişəni Səfvanın dəvəsinin belində görən münafiqlər onların haqqında nalayiq şayiələr yaymağa başladılar. Xüsusilə, münafiqlərin başçısı Abdullah ibn Übeyy bu barədə çox canfəşanlıq edirdi. Bəni-Müstəliq yürüşündən qayıdarkən Abdullahın müsəlmanlar əleyhinə hazırladığı fitnənin üstü açılmış və o, rüsvay olmuşdu; buna görə də Peyğəmbərin əlindən acıqlı idi.

Həzrət Mühəmməd Peyğəmbər (s) iftiralara son qoymaq və Aişənin günahsızlığını sübut etmək üçün ənənəvi üsula əl atdı: Aişənin kənizindən xanımının əxlaqı barədə soruşdu. Kəniz Aişəni iffətli bir qadın kimi tanıdığını və onun hərəkətlərində indiyə kimi heç bir şübhəli cəhət görmədiyini bildirdi.

Bunun ardınca Allah-təala Aişənin təmiz əxlaqlı qadın olduğunu vəhy vasitəsilə Peyğəmbərə xəbər verdi: “O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və bu hərəkəti yüngül bir şey sanırdınız. Halbuki bu, Allah yanında çox böyük günahdır! Məgər siz önu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Aman! Bu, çox böyük bir böhtandır!» – deməli deyildinizmi?” (Nur, 15-16).

Bəzi müəlliflər (xüsusilə, əcnəbi şərqşünaslar) yazırlar ki, guya Həzrət Mühəmməd Peyğəmbər (s) Aişə barəsində Əli ibn Əbu Taliblə (ə) məsləhətləşmiş və O, Aişəni boşamağı Peyğəmbərə təklif etmişdi. Bu, həqiqətə uyğun olmayan bir böhtandır. Əslində, Peyğəmbər Aişənin günahsızlığını necə sübuta yetirmək barədə Əli (ə) ilə məsləhətləşmiş və kənizi dindirmək barədə onun fikrini soruşmuşdu. Əli ibn Əbu Talib (ə) də bu yolu bəyənmiş, doğruluğunu təsdiq etmişdi. İmam Əli (ə) heç zaman ümmül-möminin Aişəni boşamağı Peyğəmbərə təklif etməmişdir. Çünki Peyğəmbər öz xanımının təqsirsiz olduğunu Əlidən (ə) daha yaxşı bilirdi. Aişəyə böhtan atanlar Abdullah ibn Übeyy və onun tərəfdarları idilər.