Sizin reklam burada
Sizin reklam burada

Qurucu intizar və dağıdıcı intizar

Qurucu intizar və dağıdıcı intizar“İbadətlərin ən üstünü fərəci (İmam Mehdinin zühurunu) gözləməkdir”.

Hədis

Fərəc (zühur) intizarı iki cürdür. Birinci intizar məhvedicidir, fəsad gətirir. Bu intizar insana ətalət, hərəkətsizlik verir. Bu cür intizarın sahibi ətrafda baş verənlərə laqeyddir, İmamın hər şeyi onun əvəzinə həll edəcəyini düşünür. Hətta bu cür fikirləşir ki, əgər İmam Mehdinin (ə) zühurundan qabaq dünya zülmlə dolacaqsa, ədalət uğrunda mübarizə aparmağın mənası yoxdur. Əksinə, gərək biz zülmə qarşı qətiyyən mübarizə aparmayaq. İmkan yaradaq ki, zülm artsın və İmam zühur etsin. Gərək əlimizi əlimizin üstünə qoyub İmamı gözləyək ki, gəlib bütün işləri düzəltsin və biz də həmin ədalətli dünyada hazıra nazır olub yaşayaq.

Bu cür düşünən şəxs anlamır ki, özündə yüksək insani keyfiyyətlər tərbiyə etməsə, Əhli-beytin mübarizə yolunu izləməsə, İmama layiqli əsgər olmağa hazırlaşmasa, heç zaman o həzrəti tanımyacaq, hətta bəlkə də onun qatı düşməninə çevriləcək.

Rəvayət edilir ki, Həzrət Mehdi (ə) zühur edəndə məzlumun haqqını zalımdan alacaq. Hətta bir kəsin haqqı başqasının dişinin altında da olsa, İmam dişi qoparıb, haqqı öz sahibinə qaytaracaq. O zaman çoxları bu ədalətə dözməyəcək. İmamın aşiqi olduğunu iddia edən bəziləri bununla razılaşmayıb ağız büzəcəklər. Hətta bəziləri onu zalım sayacaqlar. Mömin öz əxlaqını islah etməli, haramdan çəkinməli, nəfsinə yox deməyi bacarmalıdır ki, bu yolda fədakarlığa hazır olsun. Mömin özü bir şəxsə zülm etmədiyi kimi, başqasının da kiməsə zülm etməsinə razı olmamalı, buna etiraz etməlidir.

Fərəc intizarının ikinci və arzuedilən forması qurucu, islahedici intizardır. Böyük alim mərhum Əllamə Müzəffər bu barədə yazırdı: “Dünyanı islah edəcək və haqq yolda olanlara nicat verəcək Mehdinin (ə) intizarı o demək deyil ki, gərək əlimizi əlimizin üstə qoyub, dini qanunları icra etməyək. Xüsusilə, cihad, əmr bil-məruf və nəhy ənil-münkər kimi vacib qanunlar barəsində məsuliyyəti tərk edə bilmərik... İntizar müsəlmanın öhdəsindən heç bir dini vəzifəni götürmür və heç bir vacib əməli təxirə salmır”.

Müsəlmanlar İmamın qeybət mərhələsində də böyük imtahan qarşısındadırlar. Onlar bir tərəfdən öz dinlərini qorumalı, digər tərəfdən İmamın zühuru üçün zəmin hazırlamalıdırlar. Bu, qonaq gözləyən şəxsin vəziyyətinə bənzəyir. O, qonaq gözlədiyi gün həm şəxsi işlərini görür, həm də evində səliqə-səhman yaradır ki, qonaq üçün rahat olsun və o inciməsin. İmamın zühuru üçün tədarük görmək ədaləti yaşatmaqdan və zülmə dirəniş göstərməkdən ibarətdir.

Zühur vaxtının gizli qalmasının da böyük mənası var. Bu, müsəlmanı ətalətdə qalmağa qoymur. İnsan həmişə fərəc gününün intizarı ilə yaşayır. Bunun bu gün yaxud sabah baş verəcəyi ümidi ilə hazırlığını qoruyur, sayıqlığını itirmir.

Lakin bu yolda hamı müvəffəq olmur. Bu yol ən dəyanətlilərin, ən sadiqlərin, ən cəsurlarındır. Bu yolda nəfs boğulur, şəhvət, sərvətpərəstlik, qohumbazlıq zəncirlənir, şan-şöhrət hərisliyi məhv edilir. Namərdlər, iradəsizlər, qərəzli şəxslər bu yolun yarısında ilişib qalır. Bir nəfər İmam Cəfər Sadiqdən (ə): “Fərəc günü nə zamandır?” – deyə soruşduqda İmam cavab vermişdi: “Fərəc o zaman yetişəcək ki, siz ələkdən keçəsiniz, sonra bir də, daha sonra bir dəfə də ələnəsiniz. Pisləriniz itib, yaxşılarınız qalsın. O zaman Mehdi zühur edəcək”.

Qurucu intizarın əlamətlərindən biri də İmam Mehdinin (ə) “qaim” ləqəbini söyləyərkən və ya eşidərkən ayağa qalxmaq ənənəsidir. “Qaim” - “ayağa qalxan, qiyam edən” mənasını verir. Burada İmamın zühur etdikdən sonra haqqı dirçəldib, batili məhv etmək üçün qiyam qaldıracağına, Allahın düşmənləri ilə döyüşəcəyinə işarə vardır. İnsanlar bu adı söyləyəndə və ya eşidəndə ayağa qalxmaqla sanki bildirmək istəyirlər ki, biz də bu qiyama hazırıq, hər an İmamın qiyamını gözləyirik. Özü də əlimizi-əlimizin üzərinə qoyub oturmaqla yox, hazır şəkildə, ayağa qalxmaqla. Biz ayaq üstəyik, İmam nə buyursa etməyə, hara desə getməyə hazırıq. Yəni hər an haqqı müdafiə etmək, haqq uğrunda savaşmaq, hətta canımızı da bu yolda vermək əzmindəyik.

Conflict.az

  • Sosial şəbəkədə paylaş