CƏNNƏTİN KƏRPİCLƏRİ BU ZİKRLƏRDİR

Elm

247

CƏNNƏTİN KƏRPİCLƏRİ BU ZİKRLƏRDİRHəzrət Mühəmməd Peyğəmbər (s) bir gün öz səhabələrinə buyurdu: “Hər kim “sübhan Allah” zikrini söyləsə, Allah-təala ondan ötrü cənnətdə bir ağac yaradar”.



Həzrət Mühəmməd Peyğəmbər (s) bir gün öz səhabələrinə buyurdu: “Hər kim “sübhan Allah” zikrini söyləsə, Allah-təala ondan ötrü cənnətdə bir ağac yaradar” (yəni ona cənnətdə olmaq və behişt ağaclarından birinin kölgəsində dincəlmək icazəsi verər)”. Sonra həzrət buyurdu: “Hər kim “əlhəmdü lillah” zikrini söyləsə, Allah onun üçün cənnətdə bir ağac yaradar”. Daha sonra buyurdu: “Kim “la ilahə illəllah” zikrini desə, Allah-təala ondan ötrü də cənnətdə bir ağac yaradar”. Nəhayət, axırda buyurdu: “Kim “Allahü əkbər” zikrini də söyləsə, cənnətdə Allah ondan ötrü bir ağac yaradar”.

Səhabələrin içindən Qüreyş qəbiləsindən olan biri bu sözləri eşidəndə sevincək dedi: “Ey Allahın Rəsulu! Bu halda bizim cənnətdəki ağaclarımızın sayı lap çox olacaq! Çünki biz bu zikrlərin dördünü də tez-tez deyirik”. Peyğəmbər buyurdu: “Elədir. Amma çalışın ki, bu ağacları günah alovu ilə yandırmayın. Çünki Allah-təala buyurub: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinzi puça çıxarmayın! (Mühəmməd, 33)”.

Bu gün də müsəlmanlar Peyğəmbərin buyurduğu zikrləri tez-tez söyləyirlər. Hətta gündəlik namazların üçüncü və dördüncü rükətlərində Fatihənin əvəzinə bu dörd zikri demək daha üstün sayılır. Bu dörd zikri “təsbihati-ərbəə” (dörd təsbih) adlandırırlar. Bir sutka ərzində təsbihati-ərbəəni dəfələrlə təkrar edirik. Lakin yalnız zikrləri təkrar etməklə hər şey bitmir. Məlumdur ki, insanın günahları və savabları bir-birini silməyə qadirdir. Yəni xalis niyyətlə edilmiş yaxşı əməl bəzi günahların pozulmasına səbəb ola bilər. Eləcə də, bəzi günahlar ağırlıq dərəcəsindən asılı olaraq, insanın savablarını puç edər. Diqqətli olmalıyıq ki, savablarımızı günahlarımıza qurban verməyək. Allaha və Onun Rəsuluna itaətdən boyun qaçırsaq, yəni onların buyurduqlarını (Quran və sünnədəki hökmləri) qulaqardına vursaq, şəriətin əmr və qadağanlarını gözləməsək, etdiyimiz yaxşı əməllərin bizə faydası olmayacaq. Çünki günahlarımızın çoxluğu olan-qalan savablarımızı da öz zülmətinə qərq edəcək və əməl dəftərimizdə yazılanlar ancaq günahlar olacaq.

Hər kəs axirətdəki aqibətini bu dünyada qazanır. Hətta bəzi irfan sahibləri deyiblər ki, cənnətin nemətləri və cəhənnəmin əzabları öz-özünə yaranmır, onları bizim bu dünyadakı yaxşı və ya pis əməllərimiz yaradır. Şairlərdən biri deyib:

Zahid, məni aldatma, cəhənnəmdə od olmaz,

Onlar ki yanırlar, odu burdan aparırlar.

Həzrət Mühəmməd Peyğəmbərin (s) aşağıdakı hədisi də bu fikrin təsdiqi kimi səslənir. O həzrət buyurub: “Merac gecəsində məni cənnətə apardılar ki, oranı görüm. Cənnətdə bir dəstə mələklə rastlaşdım. Onlar qızıl və gümüş kərpiclərlə yaraşıqlı qəsrlər tikirdilər. Amma gah bir müddət işləyir, gah da sakit dururdular. Soruşdum ki, niyə gah işləyir, gah da işsiz durursunuz? Mələklər cavab verdilər: “Tikinti üçün məhsul gələndə işləyirik, olmayanda durub gözləyirik”. Mən soruşdum: “Bəs sizin tikinti məhsulunuz nədir?”. Cavab verdilər: “Sübhan Allahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər” zikri bizim kərpiclərimizdir. Mömin bu zikri deyəndə, o zikr qızıl və gümüş kərpic şəklində bizə çatır, biz də onun üçün hazırlanan qəsri tikməyə davam edirik. Bu zikrlər deyilməyəndə isə biz işsiz qalırıq”.

Hər kəsə cənnətdə veriləcək məqam, məkan, alacağı nemətlər onun bu dünyadakı əməllərinə uyğun olaraq tədarük edilir. Savabı çox olanın cənnətdə dərəcəsi də üstün olacaq. Behiştdə öz yerini abad etmək istəyən bu dünyada gözəl əməllər etməli, Allahın razılığını qazanmalı, Onun şükrünü layiqincə yerinə yetirməyə çalışmalıdır. Allahın bəyəndiyi zikrləri, o cümlədən, təsbihati-ərbəəni söyləməklə cənnət nemətlərinə sahib çıxmaq olar. Yetər ki, bu zikrlər səmimiyyətlə deyilsin və insanın əməlləri də sözləri ilə həmahəng olsun.