Sizin reklam burada
Sizin reklam burada

ƏXLAQ VƏ İRFAN

ƏXLAQ VƏ İRFANDin – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə e’tiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini tə’min edir. Deməli, biz dindar olub Allahın və Peyğəmbərin göstərişlərinə boyun əysək, həm müvəqqəti olan bu dünyada, həm də əbədi bir aləm olan axirət dünyasında sonsuz xoşbəxtliyə nail ola bilərik.
Bildiyimiz kimi, yalnız o şəxslər həqiqi xoşbəxtlik və səadətə nail ola bilərlər ki, həyatda düzgün hədəfə malik olsunlar, səhv və azğın yolda olmasınlar, yaxşı və bəyənilən əxlaqa, insani keyfiyyətlərə yiyələnsinlər, yaxşı işlər görərək, təlatümlə dolu olan dünya həyatında xatircəm, qüvvətli və aram qəlbə malik olsunlar.
İlahi din bizləri məhz həmin səadət və xoşbəxtliyə doğru aparır; din olmadıqda isə həqiqi səadət və xoşbəxtliyin gerçəkləşməsi mümkün deyildir. Dini əqidələr insanın qəlbində yerləşən və hər bir halda onunla olub, onu rəzalətlərdən, yaramaz əməllərdən saxlayaraq insani fəzilətlərə doğru sövq edən məxfi polisə bənzəyir.
İman insanın ən güclü, möhkəm və e’tibarlı sığınacağıdır. İmanlı şəxslər həyatın enişli-yoxuşlu yollarında heç vaxt qorxuya, qəm-qüssəyə düçar olmurlar. Allaha pərəstiş edənlər heç bir xoşagəlməz hadisə qarşısında özlərini itirmir, alçaqlıq və həqarət hissi də keçirmirlər; çünki onlar, Xaliqin qeyri-məhdud və mütləq qüdrətinə arxalanmışlar; bütün hallarda Onu yad edir və yalnız Ona sığınırlar. Belə insanlar həmişə xatircəm, aram və güclü qəlbə malik olurlar.
Dinimiz bizə gözəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tövsiyə edir, mümkün qədər yaxşı və bəyənilən işlər görməyə çağırır.

Buna əsasən din üç hissəyə bölünür:

1. E’tiqadlar;

2. Əxlaq;

3. Əməl.

Qısa şəkildə qeyd olunan bu bəndlər əziz oxucular tərəfindən qəbul olunsun deyə, onları şərh etmək lazımdır.

ƏXLAQ

Dini tə’limlər bizə öyrədir ki, həyatda bəyənilən sifətlərə və gözəl əxlaqa malik olaq, özümüzü gözəl insani səciyyələrlə zinətləndirək, öz vəzifə və məs’uliyyətlərimizi başa düşüb xeyirxah olaq, insanları sevək, mehriban, vəfadar, xoşəxlaq, gülərüz və ədalətli olmağa çalışaq, haqqımızı müdafiə edək, öz hüquqlarımızın həddini aşmayaq, xalqın canına, malına və namusuna toxunmayaq, elm və ədəb öyrənmək yolunda əlimizdən gələni əsirgəməyək, nəhayət ədalət və mö’tədilliyi həyatımızın bütün yönlərində tətbiq edək.

Ümumi olaraq əxlaq elmi iki məsələdən bəhs edir:

1. Həlakedicilər-rəzalət sifətləri, xüsusiyyətləri

2. Nicatvericilər-fəzilət sifətləri, xüsusiyyətləri

İRFAN

İrfan İslam mədəniyyəti qoynunda doğulmuş elmdir. İrfan ardıcılları, yə`ni ariflər təfsirçilərdən, fəqihlərdən filosoflardan, ədiblərdən mühüm bir xüsusiyyətə görə fərqlənirlər. O biri təbəqələrdən fərqli olaraq onlar yalnız elmi təbəqə yox, həm də ictimai firqədirlər. Əslində yalnız elmi təbəqə kimi tanınan irfan əhli “arif”, ictimai firqə kimi tanınan irfan əhli isə “mütəsəvvif” (sufi) adlandırılır.

Ariflik xüsusi bir məzhəb deyil və İslamın bütün məzhəblərində ariflərə təsadüf olunur. Bununla belə, xüsusi adət- ən`ənələrə, rəftar və geyimə malik sufilərin varlığını inkar etmək olmaz. Əsl ariflər isə başqalarından zahirən fərqlənmirlər. Belə ariflər şiə məzhəbində də az olmayıb. Demək, irfandan danışarkən arifləri sufilərdən fərqləndirmək lazımdır.

İrfan elmi iki hisssəyə bölünür: Əməli irfan və nəzəri irfan. Əməli irfandan insanın özünə, cəmiyyətə və Allaha aid vəzifələri izah olunur. İrfanın bu hissəsi “seyrü-süluk” adlanır. Bu hissəsdə ”Salik"in (yolçunun) insaniyyət zirvəsi olan “tövhidə” çatması üçün yol göstərilir. Arifin “tövhidi” adi “tövhiddən” fərqlənir. Arif tövhid dedikdə Allahdan başqa heç nəyin görünmədiyi mərhələyə çatmağa nəzərdə tutur.

Nəzəri İrfanda isə Allah, kainat və insan haqqında danışılır. İrfanın bu hissəsi İlahi fəlsəfəni xatırladır.

İRFAN VƏ İSLAM

İstər əməli, istərsə də nəzəri irfan İslam dini ilə sıx təmasdadır. Həqiqi ariflər Qur`an, sünnət, əhli-beyt və səhabələrdən qidalanırlar. Amma müxtəlif alimlər irfan haqqında fərqli fikirlər yürüdürlər;

1. Bir qurup mühəddis və fəqih irfanı həqiqi İslamdan kənar bilirlər. Onlar iddia edirlər ki, ariflərin İslama bağlılığı müsəlmanların diqqətini cəlb etmək üçündür.
2. Bir qrup ifratçı alim irfanı İslam ziddinə qiyam kimi qiymətləndirir və arifləri həqiqi imandan kənar insanlar kimi tanıtdırırlar
3. Digər bir qrup alim ictimai təbəqə olan sufiləri dindən kənar, elmi təbəqə olan arifləri isə müsəlman kimi tanıyır. Onların fikrincə, ariflərin də filosoflar, təfsirçilər kimi nöqsanları ola bilər. Amma irfan İslama zidd deyildir.

Amma qərəzsiz olaraq irfan kitabları ilə tanış olub, irfan terminalogiyasını anlasaq, görərik ki, ariflər İslama münasibətdə səmimidirlər. İrfana üçüncü baxış həqiqətə daha çox uyğundur.

Ariflər Allaha yaxınlaşmaq istəyində olan insanlardır. İslam dini isə bu yaxınlaşmanın gerçəkləşməsini ən üstün şəkildə tə`min edən dindir. Beləcə, ariflərin İslama bağlılığı və səmimiyyəti tam məntiqə uyğundur.

ŞƏRİƏT, TƏRİQƏT, HƏQİQƏT

Ariflərlə fəqihlər arasında ən çox ixtilaf doğruran məsələ “şəriət, təriqət, həqiqət” məsələsidir. Fəqihlər şəriət dedikdə insanı xoşbəxt edəcək İslam hökmlərini nəzərdə tuturlar və şəriətə əməl etməyi yeganə yol bilirlər. Ariflər isə şəriəti yol kimi başa düşür və bu yolu təriqət adlandırırlar. Onların fikirincə bu yolun sonu həqiqətdir. Demək, ariflərin nəzərincə, şəriət təriqət üçün, təriqət isə həqiqət üçün bir vasitədir. Fəqihlərin fikirincə İslam əqidə, əxlaq və əməldən ibarətdir. Əqidə ağıla, əxlaq nəfsə, əhkam isə əzalara aiddir.

Lakin ariflər sırf zehni e`tiqadı kifayət bilmir, iman gətirdikdən sonra fəaliyyət göstərib, həqiqətlə insan arasındakı pərdələrin aradan qaldırılmasını əqidə məsələsi kimi tanıyırlır.

Ariflər fəqihlərin əxlaq proqramı əvəzinə xüsusi tərkibə malik irfani proqram təklif edirlər. Dini hökmlərə gəldikdə isə, fəqihlərlə ariflər arasında elə bir ziddiyyət yoxdur. Demək, fəqihlərin “əqidə, əxlaq, əməl” üçlüyünə qarşı ariflər “şəriət, təriqət, həqiqət” üçlüyünü çıxarırlar. Ümumiyyətlə, insan cism, nəfs və əql üçlüyündən təşkil olunduğu üçün irfanın da fiqh kimi üç istiqamət müəyyənləşdirməsi təbiidir. Həm fiqh, həm də irfandakı üçlüklərdən biri zahirə, digəri batinə, üçüncüsü isə batinin batininə aiddir.

İRFANDA MƏNZİLLƏR.

İrfanda həqiqətə çatmaq üçün mənzillər müəyyənləşdirilmişdir.
İlk mənzil “iradədir”. İradə
həqiqətə çatmaq üçün insanda yaranmış rəğbətdir. O, əslində yatmış şüutənhalıq hiss edərək öz əslinə qayıtma istəyidir. İnsan elə bir həqiqətə çatmaq istəyir ki, tənhalıq hiss etməsin.

İkinci mənzil ”riyazət”dir. Riyazətin üç hədəfi var: yoldan maneələri kənarlaşdırmaq, əmmarə nəfsi cilovlamaq, batini agahlıq üçün yumuşaltmaq. “Riyazətin” irfanı mə`nası nəfsi incitməkdir. Amma bu sözün lüğətdə mə`nası cavan atın tə`limidir.

İradə və riyazətdən sonra insanın qəlbində olduqca ləzzətli ani işıqlanmalar olur. Ariflər bu halı “ovqat” adlandırırlar.
Nəhayət, riyazət bir həddə çatır ki, “ovqat” “səkinə” halı ilə əvəz olur. Qəlbdəki qığılcım daimi şö`ləyə çevrilir. Səkinə halında olan insana baxan şəxs onun qeyri-adi halda olduğunu hiss edir.

Lakin insan bu məqamda dayanmır. Anbaan həqiqətə yaxınlaşdıqca insan öz ixtiyarından çıxır və daima özünü Allahın hüzurunda hiss edir. Bu mərhələyə çatmış insan hətta özünə baxdıqca həqiqəti müşahidə edir.
Nöbəti mərhələdə insan özünü unutmağa başlayır və əsl həqiqətə qovuşur.

/al-shia.my1.ru/

  • Sosial şəbəkədə paylaş