Qəbir ziyarətini haram bilənlərin daha bir arqumentinə cavab

Elm

301

İslam tarixindən məlumdur ki, böyük alimlər elm öyrənmək, hətta bir hədisi öz ravisindən eşidib rəvayət etmək xatirinə uzaq məsafələr qət etmiş, başqa şəhərlərə və hətta başqa ölkələrə getmişlər. Məsələn, Səid ibn Müseyyib bir hədisi öz ravisindən eşitmək üçün bir neçə günlük səfərə çıxmışdı. Məşhur alim Şəbi deyirdi ki, əgər bir adam onu hidayət edəcək və ya bəyənilməz yoldan döndərəcək bir kəlməni əldə etmək üçün Şamdan Yəmənin ən uzaq nöqtəsinə getsə belə, onun bu səfəri əbəs olmaz (Ğəzzalı. İhya ülum əl-din, II cild, səh. 346). Cabir ibn Abdullah Ənsari daha 10 nəfər səhabə ilə birlikdə Mədinədən Misrə yola düşmüşdü ki, Abdullah ibn Ənis Ənsarinin Peyğəmbərdən rəvayət etdiyi hədisi onun dilindən nəql etsin (Buxari, Kitab əl-elm, XIX bab).

Əlbəttə, alimlərin bu hərəkəti sünnəyə əsaslanırdı. Peyğəmbərdən rəvayət edilən məşhur hədisdə buyurulur ki, elm Çində olsa da, onun ardınca gedin. Burada Çin – o zamankı təsəvvürə uyğun olaraq ən uzaq məkan mənasındadır. Əbu Hüreyrədən nəql olunur ki, Peyğəmbər buyurub: “Kim yola çıxsa və bu zaman elmlə təmasda olsa, Allah onun cənnətə yolunu asanlaşdırar” (Tirmizi, hədis 2646). Ənəs ibn Malik o həzrətdən rəvayət edib: “Kim elm öyrənmək üçün evindən çıxsa, qayıdana kimi Allahın yolunda sayılar” (yux. mənbə, hədis 2647).

Səfərin yalnız üç məscidlə məhdudlaşmadığına sübutlardan biri də Peyğəmbərin hər həftənin şənbə günü Mədinənin girəcəyindəki Qüba məscidinə getməsi, özü də bunu həm piyada, həm də süvari halda yerinə yetirməsi barədə hədislərdir. Bəzi rəvayətlərdə Peyğəmbərin Qüba məscidində iki rükət namaz qıldığı da bildirilir. Bu hədislər Abdullah ibn Ömər vasitəsilə rəvayət edilir. Səhihi-Buxaridə bu mövzuda 4 hədis (hədislər 1191, 1193, 1194 və 7326), Səhihi-Müslimdə 9 hədis (hədislər 3389-3397) mövcuddur. Eyni mövzuda hədislərə Əbu Davud, Nəsai və digər mənbələrdə də rast gəlirik. Rəvayətə görə, Abdullah ibn Ömərin özü də bu sünnəyə sadiqlik göstərir, şənbə günləri Qüba məscidini ziyarət edirdi.

Müsəlman mədəniyyətinin böyük simalarından sayılan Əbu Hamid Ğəzzali “İhya ülum əl-din” kitabında səfər qaydalarına geniş yer ayırır. O, bəyənilən səfərləri bir neçə qismə ayırır. İkinci qism səfərlərdən söz açarkən yazır: “İkinci qism. Bu, ibadət qəsdi ilə edilən səfərdir; istər həcc olsun, istərsə də ziyarət... Bura peyğəmbərlərin, səhabə və tabeindən olanların, sair alim və övliyaların qəbirlərini ziyarət etmək daxildir. Kim onların sağlığında onların görüşü ilə təbərrük edərsə, ölümlərindən sonra da onların ziyarəti ilə təbərrük edə bilər. Bu məqsədlə köç bağlayıb səfərə çıxmaq da olar. Peyğəmbərin: “Üç məsciddən başqa məqsədlə səfər edilməz...” hədisi buna maneə deyil. Bu hədis üç məscid barəsindədir, bundan sonrakı məscidlər isə bir-birinə bənzərdir (taydır). Peyğəmbərlərin, övliyaların, alimlərin qəbirlərini ziyarət etmək məsələsində hər nə qədər böyük fərqlər olsa da, fəzilətin əsli baxımından fərq yoxdur. Aralarındakı fərq isə Allah yanında məqamlarının fərqli olması sarıdandır”. Sonda İmam Ğəzzali mövzunu yekunlaşdıraraq nəticə çıxarır ki, hədis üç məsciddən başqa məkanlardan bərəkət ummamaq mənasını ifadə edir (II cild, səh. 348).

İmam Nəvəvi “Səhihi-Müslimə” yazdığı şərhdə üç məsciddən başqa hər hansı məscidə getməyi haram sayan bəzi alimlərin sübutlarını araşdırır və onların mövqeyini səhv adlandırır (IX cild, səh. 168).

Şafii məzhəbinin banisi İmam Şafii “əl-Ümm” kitabında mövzu barədə hədislərə toxunduqdan sonra yazır: “Qəbir ziyarətinə bir maneə (günah) yoxdur” (I cild, səh. 634, hədis 713).

Məşhur hədis alimi və biblioqraf Şəmsəddin Zəhəbi Peyğəmbərin qəbrini ziyarət etməyi günah sayanlara cavab olaraq yazır: “Peyğəmbərin qəbrinin ziyarəti (Allaha) yaxınlaşmanın ən üstün növüdür. Əgər “Üç məsciddən başqası üçün səfər yükü bağlanmaz” hədisinin ümumi hökmünə əsasən, peyğəmbərlərin və övliyaların qəbrini ziyarət etmək üçün səfərə çıxmağın icazəli olmadığını qəbul etsək belə, etiraf etməliyik ki, Peyğəmbərimizi ziyarət etmək üçün səfərə çıxmaq onun məscidinə getmək üçün səfərə çıxmağa bağlıdır. Bu isə şəriət baxımından heç bir mübahisəsiz icazəlidir. Onun məscidinə girmədən hücrəsinə daxil olmaq mümkün deyil. Buna görə də əvvəlcə məscidə salam verilir (təhiyyat namazı qılınır), daha sonra məscid sahibinə. Allah bizi və sizi bu nemətlə (ziyarətlə) nükafatlandırsın. Amin” (Zəhəbi. Siyər əlam əl-nübəla, IV cild, səh. 484-485).

Şafii məzhəbli böyük alim Şeyxül-İslam Təqiyyəddin Sübki özünün “Şifa əl-səqam fi ziyarət Xayr əl-ənam” adlı əsərində Həzrət Mühəmməd Peyğəmbərin (s) mübarək məzarını ziyarət etməyin müstəhəbliyi barədə bir neçə böyük din aliminin fikirlərini qeyd edir (Qazı Əyyaz, Mavərdi, Əbu İshaq Şirazi, Əbu Leys Səmərqəndi, İbn Cövzi və b.) Müəllif həmin alimləri əhli-sünnənin 4 məzhəbi üzrə qruplaşdırmaqla, əslində bu məsələnin 4 məzhəbdə geniş yayılmış və icma halına gəlmiş bir fikir olduğunu göstərir (səh. 202-232).