Şərəfli nəslin övladları – seyyidlər

Elm

790

Şərəfli nəslin övladları – seyyidlərSeyyid sözünün mənası və dini mətnlərdə yeri

“Seyyid” sözünün ərəb dilindən tərcüməsi “ağa” deməkdir. Ümumiyyətlə, ərəb dilində bu söz ehtiram əlaməti olaraq işlədilir. Məsələn, fars dilində “ağa”, türk dilində “əfəndi” kəlməsi hansı mənaya malikdirsə, ərəb dilində “seyyid” kəlməsi də həmin mənanı verir.

“Seyyid” kəlməsinə Qurani-Kərimdə də rast gəlirik. Allah-Təala buyurur: “(Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir” (Ali-İmran, 39). Göründüyü kimi, ayədə Həzrət Yəhya (ə) “seyyid (öz qövmünün ağası)” adlandırılır.

Qurani-Kərimin daha bir ayəsində Allah-Təala ailə başçısını (əri) arvadın seyyidi adlandırır. Həzrət Yusif Peyğəmbərlə (ə) Züleyxanın əhvalatının təsvirində oxuyuruq ki, Züleyxa Yusifi (ə) günaha məcbur etmək istəyəndə, peyğəmbər çıxış yolunu o yerdən uzaqlaşmaqda gördü. Yusif Peyğəmbər (ə) otaqdan çıxmaq istəyəndə Züleyxa da onun ardınca qaçdı və arxadan köynəyini dartıb cırdı. Ayənin davamında buyurulur: “...Onlar qapının ağzında (qadının) seyyidi (əri) ilə rastlaşdılar...” (Yusif, 25). Ailənin başçısı kişidir və qadın ona tabe olmalıdır; bu səbəbdən Allah Züleyxanın ərini onun seyyidi adlandırır.

Seyyid Allahın adlarından biridir

Qeyd etməyi lazım bilirik ki, Allahın gözəl adlarından (əsma əl-hüsna) biri də Seyyiddir. Allah-Təala bütün varlıq aləminin ağası, Rəbbi və Malikidir. Bütün həqiqi mülk yalnız Ona məxsusdur. İnsanların hakimiyyəti, mülkiyyəti və ağalığı nisbidir, şərtidir. Bu üzdən bəzi hədislərdə oxuyuruq ki, Peyğəmbərimiz (s) özünü “seyyid” adlandırmaqdan çəkinmiş, onu bu adla çağıranları məzəmmət etmiş və bu adın Allaha layiq olduğunu söyləmişdir. Əlbəttə, həzrətin bu sözünü mütləq mənada qəbul etmək olmaz. Yuxarıda göstərilən hallarda Peyğəmbər (s) onun bir bəşər olduğunu diqqətdən kənar tutmasınlar, onu ibadət və pərəstişə hədəf etməsinlər deyə (keçmiş ümmətlər öz peyğəmbərlərinə etdikləri kimi), bu münasibəti göstərmişdir. Amma bir sıra digər hədislərdə o həzrətin özünü və hətta bəzi başqa şəxsləri də “seyyid” adlandırdığının şahidi oluruq.

Seyyidlik məsuliyyətdir

Hədislərdə də “seyyid” kəlməsi “ağa, başçı, bir qövmün, nəslin ən şərəfli və hörmətli üzvü” mənasında işlədilib. Bu kəlmənin ümumi mənada işləndiyi hədislərdə məsuliyyət mövzusu daha çox qabardılır. Belə ki, seyyidlik (ağalıq) məqamının ucalığından daha çox, onu əldə etməyin şərtləri və bu məqamı qorumağın çətinliyi ön plana çıxarılır. İmam Əli ibn Əbutalib (ə) buyurmuşdur: “Seyyid o kəsdir ki, (din) qardaşlarının yükünə dözür, qonşularla yaxşı qonşuluq edir”. “Seyyidliyin fəziləti gözəl ibadətdir” (Mizan əl-hikmə, 2-ci cild, səh. 1380-1381).

Peyğəmbərimiz (s) öz mübarək hədislərinin birində seyyidliyin tərifini verərək məsələyə möhür vurur. Bu hədis bir dəstənin başçısı sayılan şəxsin əslində nə qədər böyük məsuliyyət yükü daşıdığını ifadə edir: “Qövmün seyyidi onun (qövmün) xidmətində durandır” (yux. mənbə). Hədis bunu öyrədir ki, özünü bir nəslin, bir cəmiyyətin başçısı və rəhbəri sayan şəxs təkəbbürlə davranmamalı, özünü çəkməməlidir. Əksinə, unutmamalıdır ki, onun böyüklüyü həmin cəmiyyətə nə qədər xeyirli olması, insanların xidmətində durması, təvazökar davranması ilə ölçülür.

Həzrət Mühəmməd Peyğəmbər (s) və imamlar da seyyid idilər

Peyğəmbərimizin çoxsaylı hədislərində o həzrətin özünü “seyyid” adlandırdığının şahidi oluruq. O həzrət buyurmuşdur: “Mən qiyamət günündə insanların seyyidiyəm” (Səhih əl-Buxari, hədis 4712; Səhih Müslim, hədis 480 (194); Sünən əl-Tirmizi, hədis 3148 və s. mənbələr). Bəzi hədislərdə isə Peyğəmbər İmam Əliyə (ə) bu ləqəbi aid etmişdir. Ümmül-möminin Aişədən rəvayət edirlər ki, bir gün Peyğəmbər (s) Əlini (ə) göstərib buyurdu: “Bu, ərəbin seyyididir”. Aişə deyir ki, soruşdum: “Məgər ərəbin seyyidi sən deyilsənmi?” Peyğəmbər (s) cavab verdi: “Mən Adəm oğlunun seyyidiyəm, Əli isə ərəbin seyyididir”. Soruşdum: “Seyyid nədir (nə deməkdir)?” Buyurdu: “Seyyid o kəsdir ki, ona itaət etmək (Allah tərəfindən hər kəsə) fərz (vacib) buyurulub, necə ki, mənə itaət etmək də (hər kəsə) fərz buyurulub” (Əmali Səduq, 10-cu məclis, 10-cu hədis, səh. 40). Bu hədisi bir qədər fərqli şəkildə əhli-sünnənin böyük alimi Hakim Nişaburi də “əl-Müstədrək əla-l-Səhiheyn” kitabında üç dəfə rəvayət etmişdir (3-cü cild, səh. 144, hədis 4689 və 4690; hədislərin ikisi Səid ibn Cübeyr və Ürvə ibn Zübeyr vasitəsilə Aişənin dilindən, biri isə Cabir ibn Abdullahdan rəvayət edilib).

Müsəlmanlar arasında məşhur olan və hər iki məzhəbin kitablarında xatırlanan hədisə görə, İslam Peyğəmbəri (s) İmam Həsənlə (ə) İmam Hüseyni (ə) də “seyyid” adına layiq bilmişdir: “Həsənlə Hüseyn cənnət cavanlarının iki seyyididirlər”.Kimlərə seyyid deyilir?

Dini termin kimi Həzrət Mühəmməd Peyğəmbərin (s) üçüncü nəsildən babası (yəni atasının babası) Haşimin nəslindən olanları seyyid adlandırırlar. Bu mənada Peyğəmbərimizin özü də seyyid olub.

Haşim Qüreyş soyundan idi. Əsl adı Əmr ibn Əbdi-mənaf olmuş, səxavətinə görə ona Haşim ləqəbi verilmişdi. Ərəblər çörəyi xırda-xırda doğra¬yıb xörəyin içinə tökən adama haşim deyir¬lər. Əmr kasıblara bu yolla ehsan etdiyi üçün həmin ləqəbi qazanmışdı.

Haşim Məkkə şəhərinin ən nüfuzlu sakinlərindən idi. Xüsusilə, şəhərin ticarət işləri¬nə o nəzarət edirdi. Haşimin övladları ilə (Bəni-Haşimlə) qardaşı Əbdi-şəmsin övladları (Bəni-Üməyyə) arasında kin-küdurət və düşmənçilik vardı. Çünki Bəni-Üməyyə Haşimilərin maddi və mənəvi üstünlüyünə paxıllıq edirdi. Əbu Süfyanla Həzrət Mühəmməd Peyğəmbərin (s), Müaviyə ilə Əli ibn Əbutalibin (ə), Yezidlə İmam Hüseynin (ə) düşmənçiliyinin bir səbəbi də bunda idi. (Əlbəttə, onların mübarizəsinin mühüm səbəbi haqla batilin barışmazlığı idi, nəsil düşmənçiliyi ikinci dərəcəli səbəbdir).

Haşim Mədinə şəhərində Bəni-Nəccar soyundan Səlma adlı qadınla evlənmiş və dörd oğul sahibi olmuşdu. Oğullarından biri İslam Peyğəmbərinin babası Əbdülmüttəlibdir. Digər oğlu Əsəd İmam Əlinin (ə) ana babasıdır.

Haşim təqribən 510-cu ildə Şam səfəri zamanı yolda xəstələnib vəfat etdi. Onun səlahiyyətləri qardaşı Müttəlibə (İmam Şafiinin ulu əcdadına) keçdi.

Haşimin nəslindən olanlara “haşimilər” və ya “Bəni-Haşim” deyilir. Bəni-Haşim Qüreyş qəbiləsinin ən şərəfli qolu idi. Hələ cahiliyyə dövründə Məkkəni ziyarət etməyə gələn ərəbləri şəhərdə yerləşdirib onlara yemək vermək (rifadə) və Zəmzəm quyusundan su paylamaq (siqayə) ixtiyarı Bəni-Haşimdə idi. “Seyyid” kəlməsi də haşimilərə aiddir.

Bunlar da seyyiddir

Ümumilikdə Peyğəmbərin əmilərinin övladları da seyyid hesab edilirlər. Belə ki, Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlibin nəslindən olanlar (həmçinin, Abbasi xəlifələri), Peyğəmbərin (s) digər əmisi Əbutalibin nəslindən olanlar (İmam Əlinin (ə) qardaşı Cəfəri-təyyarın və Əqilin övladları), eləcə də, İmam Əlinin (ə) Fatimeyi-Zəhradan (ə) başqa qadınlarla izdivacından olan övladları və onların nəsli seyyiddir. Göründüyü kimi, bunlar seyyid olsalar da, Peyğəmbərin (s) zürriyyəsi deyillər.

İslam aləmində ən şərəfli seyyidlər Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslindən olanlar sayılır. O həzrətin nəsli yalnız qızı Fatimənin (ə) İmam Əli (ə) ilə izdivacından doğulmuş Həsən (ə), Hüseyn (ə) və Zeynəb vasitəsilə davam etmişdir. Sonrakı imamların nəslindən də şaxələr ayrılmışdır. Bu gün dünyanın müxtəlif ölkələrində on milyonlarla seyyid yaşayır.

Keçmişdə Ərəbistandan gələnlərin bir hissə¬si Azərbaycanda da məskunlaşmışdı. Azərbaycan ərazisində yerləşən bəzi yaşayış məntəqələrinin adındakı “seyid” kəlməsi də buradan yaranıb. Məsələn: Seyidli kəndi (Ağdam rayonu), Seyidlər kəndi (Samux, Laçın, Zəngilan və Kəlbəcər rayonları), Seyidlikəndyeri kəndi (Xaçmaz rayonu), Seyidbazar kəndi (Cəlilabad rayonu), Seyidyurd dağı (Şəki rayonu) və s.

Bunlar isə seyyid deyil

Haşimdən yuxarı nəsildən ayrılan qolların nümayəndələri, həmçinin, Haşimin qardaşlarının nəsli seyyid deyil. Məsələn, Haşimin qardaşı Müttəlibin övladları, o cümlədən, həmin nəsildən olan İmam Şafii seyyid sayılmırlar. Həmçinin, Qüreyş tayfasından olan, amma Haşimdən daha yuxarı şəcərə zəncirindən ayrılan səhabələrin heç biri (Əli ibn Əbutalibi çıxmaqla) seyyid deyil. Həmin səhabələrin bəzisinin mənsub olduqları nəsillərin adı aşağıda verilir:

Əbu Bəkr ibn Əbu Qühafə (Qüreyşin Bəni-Teym qolundan idi),

Ömər ibn Xəttab, Təlhə ibn Übeydullah və Səid ibn Zeyd (hər üçü Qüreyşin Bəni-Ədiyy qolundan idi),

Os¬man ibn Affan (Qüreyşin Bəni-Üməyyə qolundan idi),

Əbdürrəhman ibn Ovf və Səd ibn Əbu Vəqqas (hər ikisi Qüreyşin Bəni-Zührə qolundan idi),

Əbu Übeydə ibn Cərrah (Qüreyşin Bəni-Haris qolundan idi).

Əşəreyi-mübəşşərədən daha biri – Zübeyr ibn Avvam ata tərəfdən Qüreyşin Bəni-Əsəd soyundan və Peyğəmbərin xanımı ümmül-möminin Xədicənin qardaşı idi. Zübeyrin anası Səfiyyə isə Peyğəmbərin doğma bibisi olmuşdur. Lakin seyyidlik oğul vasitəsilə ötürüldüyü, Zübeyrin isə anası seyyidə olduğu üçün Zübeyr özü seyyid sayılmır.