ALLAHIN ƏN ÇOX BƏYƏNMƏDIYI MÜBAH ƏMƏL – TALAQ

Elm

137

ALLAHIN ƏN ÇOX BƏYƏNMƏDIYI MÜBAH ƏMƏL – TALAQTalaq nikahın pozulması, boşanma deməkdir. Talaq həm tərəflərdən birinin təşəbbüsü ilə, həm hər iki tərəfin istəyi ilə, həm də şəriət məhkəməsinin (müctəhidin) hökmü ilə həyata keçirilə bilər.



Islam dinində yalnız ər-arvad arasındakı münasibətlərin dözülməz həddə çatdığı zaman talağa icazə verilir. Tarixdən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) boşanmaq arzusunda olan səhabələrini daha dərindən düşünməyə, həyat yoldaşına güzəştə getməyə və ailə ocağını qorumağa çağırırdı (oğulluğu Zeyd ibn Harisə ilə Zeynəb bint Cəhşin əhvalatında olduğu kimi). Imam Cəfər Sadiq (ə) buyurmuşdur: “Allahın ən çox qəzəbləndiyi halal əməl talaqdır. Talaq Allahın ərşini titrədir”. Qurani-kərimdə talaqdan əvvəl ailənin qorunması üçün bir daha düşünmək, güzəştə getmək, anlaşılmazlığı danışıq yolu ilə aradan qaldırmaq tövsiyə edilmişdir (Nisa, 128). Həmçinin, Quranda məsləhət görülür ki, ər-arvadın münasibətləri gərginlik həddinə çatıbsa, onların ağsaqqal qohumları bu vəziyyəti aradan qaldırmağa və tərəfləri barışdırmağa çalışsınlar (Nisa, 35).

Talaq verən kişi yetkinlik yaşına çatmış, əqli cəhətdən sağlam olmalı, öz istəyi ilə talaq verməlidir. Şiə məzhəbində talaq verən kişinin ayıq olması (sərxoş olmaması) şərtdir. Əhli-sünnə məzhəblərində isə sərxoş şəxsin də talağı səhihdir. Yenə şiə (cəfəri) məzhəbinə görə, talaq düzgün ərəb dilində, şəriətdə nəzərdə tutulmuş konkret ifadələrdən biri ilə deyilməlidir. Əhli-sünnə məzhəbində isə hər hansı dildə, hər hansı formada və hətta bəzi şərtlər və üstüörtülü rəmzlər halında da deyilməsinə icazə verilir.

Şəriətə görə, ər öz arvadına bir dəfə talaq verdikdən sonra yenə onun yanına qayıda bilər və bu zaman təzədən kəbin kəsdirmək lazım deyil. Ikinci dəfə də bu vəziyyətin təkrar edilməsinə icazə verilir. Bu talaqlar rici (qayıdış) talaqları adlanır. Üçüncü talaq isə bain talaq adlanır. Üçüncü talaqdan sonra kişinin öz arvadına qayıtmasına icazə yoxdur. Bu halda yalnız qadın başqa bir kişiyə ərə gedib (aralarında cinsi əlaqə olmaq şərti ilə) ondan boşansa və ya ikinci əri vəfat etsə, yenidən birinci əri onu kəbinlə özünə arvad edə bilər (Bəqərə, 230). Birinci və ya ikinci rici talaqdan sonra kişi iddə adlanan müddət ərzində arvadınını yanına qayıtmasa, bu, bain talaq sayılır və onlar bir-birindən üç talaqla boşanmış hesab edilirlər. Məhkəmənin (müctəhidin) hökmü ilə verilmiş talaq da bain hökmündədir.

Cəfəri məzhəbinə görə, üç talaq birdəfəyə, eyni məclisdə (şəraitdə) verilə bilməz; eyni məclisdə verilən üç talaq bir talaq hökmündədir. Bu, qəzəb halında talaq verməyin qarşısını almaq üçündür. Əhli-sünnə məzhəbində isə, kişi eyni məclisdə üç dəfə talaq verdiyini elan etsə, günah qazanır, amma arvadından bain talaqla boşanmış sayılır.

Bain talağın daha iki növü də şəriətdə müəyyən edilib. Qadın ərindən boşanmaq istəyirsə, öz mehriyyəsini və ya başqa bir əmlakı ərinə bağışlamaq şərti ilə ondan talaq ala bilər. Buna xül talağı deyilir (Bəqərə, 229). Qadınla kişi hər ikisi ailə həyatına son qoymaq istəsələr, qadın öz əmlakından müəyyən məbləğdə pulu və ya malı ərinə hədiyyə verərək, ona talaq verməsini tələb edə bilər. Buna mübarat talağı deyirlər.

Cəfəri məzhəbində talağın səhih olması üçün kişinin öz iradə və istəyinə əsasən talaq verməsi, bu zaman zarafat niyyəti etməməsi, talaq verilən zaman qadının heyz və nifas halında olmaması tələb edilir. Əgər qadın heyzdən paklandıqdan sonra kişi onunla yaxınlıq etmişsə, növbəti heyz dövrünə kimi ona talaq verə bilməz; qadının növbəti heyz halını başa vurub paklanmasını gözləməlidir ki, ona talaq versin. Əhli-sünnə məzhəblərinə görə, bu şərtlərin pozulduğu talaq bidət talağı adlanır; bu halda kişi günah qazanmış olur, amma talaq qüvvədə qalır.

Boşanan qadın başqa kişiyə ərə getməzdən əvvəl bir müddət gözləməlidir; buna iddə deyilir (Bəqərə, 228). Talaqdan sonra kişi öz keçmiş arvadının mehrini verməli, həm də müəyyən müddət ərzində onun dolanışıq xərcini ödəməlidir (buna nəfəqə deyilir və müasir anlamda alimentə uyğundur).

Qurani-kərimdə talaq zamanı iki şahidin olması əmr edilir (Talaq, 2). Bunun əsas səbəbi emosional gərginlik, qəzəb və sairə bu kimi hallarda verilən talağın qarşısını almaq, tərəflərə düşünmək üçün imkan verməkdir. Cəfəri məzhəbində iki şahidin olması vacib şərt sayılır və şahidsiz talaq etibarsız qəbul edilir. Lakin əhli-sünnə məzhəblərində iki nəfərin talağa şahid durması vacib deyil.

Conflict.az