Sizin reklam burada
Sizin reklam burada

SALAM VERMƏYİN ƏDƏBLƏRİ

SALAM VERMƏYİN ƏDƏBLƏRİ SALAMIN CAVABINI ONDAN DA GÖZƏL ŞƏKILDƏ VERIN

Allah-təala Qurani-kərimdə buyurur: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır” (Nisa, 86).



Dinimizdə tövsiyə edilir ki, salamın cavabı ya ondan da yaxşı şəkildə, ya da heç olmasa salamın özü kimi verilsin. Peyğəmbər buyururdu ki, namazda və salamda xəsislik etməyin.

Süyuti “Dürrüd-mənsur” təfsirində (IV, 557) Salmani-farsinin dilindən belə bir hadisəni təsvir edir: Bir nəfər Peyğəmbərə bu şəkildə salam verdi: “Əssəlamü əleykə ya Rəsuləllah”. Peyğəmbər onun cavabını bu cür aldı: “Və əleykə və rəhmətullah” (Həmçinin sənə də. Və Allahın mərhəməti olsun sənə). Sonra başqa bir adam gəlib o həzrətə salam verdi: “Əssəlamü əleykə ya Rəsuləllah və rəhmətullah” (Ey Allahın Rəsulu, Sənə salam və Allahın mərhəməti olsun). Peyğəmbər cavabında buyurdu: “Və əleykə və rəhmətullahi və bərəkatuh” (Həmçinin sənə də. Allahın mərhəməti və bərəkəti olsun sənə). Daha sonra üçüncü adam Peyğəmbəri bu cür salamladı: “Əssəlamü əleykə və rəhmətullahi və bərəkatuh”. Peyğəmbər onun salamına qısaca cavab verdi: “Və əleyk”. Həmin adam təəccüblə soruşdu: “Ey Allahın Peyğəmbəri, atam-anam Sənə fəda olsun! Filankəs və filankəs gəldilər, Sənə salam verdilər, Sən onların salamını mənim salamımdan da yaxşı şəkildə aldın. Halbuki, mən onlardan daha yaxşı salam vermişdim”. Peyğəmbər buyurdu: “Sən daha bizim üçün imkan qoymadın ki, verdiyin salamdan daha yaxşı cavab verək”. Sonra Peyğəmbər yuxarıdakı ayəni oxudu, ardınca buyurdu: “Mən də sənin salamının cavabını qaytardım”. (“Və əleykə” dedim, yəni dediyin bütün salam-duaların hamısı sənin özünə də olsun).





9. EVƏ GIRMƏZDƏN ƏVVƏL SALAM VERIN



Müsəlman bir kəsin evinə daxil olmazdan qabaq mütləq salam verməlidir. Təəssüf ki, günümüzdə bəzən qonşuların bir-birinin həyətinə icazəsiz və salamsız girdiyinin şahidi oluruq. Evə girməzdən əvvəl salam verməyin mənası həm ev əhlini öz gəlişindən xəbərdar etmək, həm də onlara salamatçılıq, xeyir-bərəkət arzu etməkdir. Qurani-kərimdə buyurulur: “Ey iman gətirənlər! Başqalarının evinə sahibindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır” (Nur, 27).

Həzrət Mühəmməd Peyğəmbər (s) bir evə girməzdən əvvəl çöldə qapının bir tərəfində kənara çəkilib durar və salam verərdi. O zamanlar qapıya pərdə asmaq dəb deyildi. Ona görə də qapı açılanda qapı ağzında duran adam evin içini görə bilirdi. Peyğəmbər buna görə düz qapının qabağında deyil, bir kənarda durardı. Öz evinə gələn qonaqlara da bunu tövsiyə edirdi. Əbu Səid Xüdri bir dəfə Peyğəmbərin qapısının düz qabağında durduğu zaman o həzrət etiraz edib bir az kənara çəkilməsini istəmişdi (Fəxr Razi. Ət-Təfsirül-kəbir, XXIII, 198).

Peyğəmbər hətta öz qızı Fatimənin (ə) evinə gəldiyi zaman da salam verib icazə alardı. Baxmayaraq ki, gündüzlər adətən Əli (ə) işlədiyi üçün evdə olmazdı, Fatimə (ə) uşaqlarla birlikdə evdə qalardı. Peyğəmbər qapıya çatanda əli ilə qapını azacıq içəriyə itələyib “Əssəlamü əleykum” deyə çağırar, Fatimə (ə) evdən salamın cavabını alandan sonra Peyğəmbər içəri girməyə icazə istəyər, sonra evə daxil olardı. Bir gün Peyğəmbər Cabir ibn Abdullah Ənsari ilə birlikdə Əlinin (ə) evinə gəldi. Qapı arxasından salam verib tək olmadığını bildirdi və icazə istədi. Fatimə (ə) hicabsız olduğunu söyləyib bir az gözləmələrini xahiş etdi. Bir azdan Peyğəmbər yenə salam verib icazə istədi. Artıq hicabını örtmüş Fatimə (ə) salamın cavabını alıb giriş icazəsi verdi (Nurüs-səqəleyn, III, 587).

Evdə insanın ən məhrəm adamları olsalar belə, yenə salam verib icazə almaq lazımdır. Nur surəsinin yuxarıdakı ayəsi nazil olandan sonra bəzi səhabələr Peyğəmbərdən soruşdular ki, hətta anamın otağına girəndə də icazə almalıyam? Peyğəmbər soruşdu: “Istəyirsənmi icazəsiz girib ananı çılpaq halda görəsən?”. O adam “yox” deyəndə Peyğəmbər buyurdu: “Elə isə ondan izn istəyib sonra evə gir” (yux. mənbə, III, 586).

Hətta insan öz evinə girmək istədiyi zaman evdə adam olmadığını bilsə belə, yenə salam verməsi müstəhəbdir. Quranın Nur surəsinin 61-ci ayəsində buyurulur: “Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın”. Müqəddəslərimiz tövsiyə ediblər ki, boş evə girən adam bu sözləri desin: “Əssəlamü əleyna min indi Rəbbina” (Rəbbimizdən bizə salam olsun). Bu hərəkət həm ruzini artırar, həm də mələklərlə ünsiyyət yaradar (yəni bu salamdan mələklərə də pay çatar və onlar ev əhlinə salamatlıq, bərəkət gətirərlər) (Biharül-ənvar, LXXVI, 7).



10. KIMLƏRƏ SALAM VERMƏYƏ DƏYMƏZ?



Hədislərdə bəzi insanlara salam verməyin nəinki savab olmadığı, hətta bəyənilmədiyi bildirilir. Bu, həmin adamlara qarşı bir növ baykot tədbiri kimi qəbul edilir. Ətrafdakıların ona salam vermədiklərini, yəni onu saymadıqlarını görən adam yəqin ki, bundan bir nəticə çıxarar və cəmiyyət içində öz nüfuzunu bərpa etməyə çalışar. Imam Mühəmməd Baqir (ə) bütpərəstə, faizlə pul verən adama, qeyrətsiz adama, əyyaşlıq edən şərabxora, ifftəli qadınlar haqqında əxlaqsız şeirlər yazıb onlara iftira atan şairlərə, açıq-aşkar günah edən fasiqlərə salam verməyi məsləhət görmürdü (Biharül-ənvar, LXXVI, 9). Sərxoş vəziyyətdə olanlara da salam vermək lazım deyil.

Öz təbii ehtiyacını ödəməklə məşğul olan və hamamda çimən adamlara da salam verilməz. Namaz qılan adama da salam vermək məsləhət deyil. Çünki o, sizin salamınızı gözəl bir şəkildə ala bilməyəcək. Namaz qılan adam verilən salamın cavabını qaytara bilər, lakin eynilə həmin şəkildə (ətraflı məlumat üçün müctəhidlərin risalələrinə baxın, “Namazı batil edən əməllər” fəsli). Məscidə girəndə namaz qılan adamlara salam vermək əvəzinə, Peyğəmbərə və Əhli-beytinə salam və salavat göndərmək daha yaxşıdır.

Hədislərin bir qismində deyilir ki, qeyri-müsəlmanlar da əgər salam versələr, cavabı verilməlidir. Cavabı qısaca olaraq “əleyküm” və ya “salam” şəklində vermək məsləhətdir.

Yuxarıda salam verilməsi məsləhət görülməyən adamların təbəqəsinə baxanda belə bir nəticə alırıq: Müsəlman öz dininə, dini-əxlaqi dəyərlərinə zidd çıxan şəxslərə qarşı mübarizə vasitəsi olaraq bu tədbirdən istifadə etməlidir. Burada səbəb insanın həmin adamlara şəxsi nifrəti və incikliyi deyil, onları islah etmək və dini dəyərlərə öz sadiqliyini göstərməkdir. Əgər iki nəfərin arasında şəxsi münasibətlər üzərində yaranmış inciklik varsa, Islam bu incikliyi aradan qaldırmağı və ilk addım ataraq barışmağı tövsiyə edir. Barışmağın ən yaxşı yolu isə görüşərkən birinci salam verməkdir. Hətta müsəlman, ona söz atan, sataşan adamlara da təvazö ilə yanaşmalı, onların fitnəsinə baş qoşmamalı və edilən istehzaların qarşısında salam verib keçməlidir. Quranda buyurulur: “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər” (Fürqan, 63).

Salam verən zaman insanlar arasında fərq qoymaq, yəni var-dövlət, vəzifə baxımından üstün adama salam verib kasıbı saymamaq böyük günahdır. Imam Rza (ə) buyurub ki, hər kim kasıb müsəlmana varlı müsəlmana verdiyi salamdan fərqli (daha aşağı) səviyyədə salam versə, qiyamət günündə Allah ona qəzəblənər (Nurüs-səqəleyn, I, 525).

Həzrət Mühəmməd Peyğəmbər (s) qadınlara salam verər, qadınlar da Onun salamını alardılar. Imam Əli ibn Əbu Talib (ə) də qadınlarla salamlaşardı. Amma cavan qadınlara salam verməyi xoşlamazdı. Buyurardı ki, qorxuram onların səsi mənə xoş gələr və salam verməklə qazanmaq istədiyim savab günaha çevrilər (Biharül-ənvar, LX, 335).

  • Sosial şəbəkədə paylaş