PKK bizimlə çalışdı: Ərdoğana isə inanıram - Trampdan şok

Dünya

37

PKK bizimlə çalışdı: Ərdoğana isə inanıram - Trampdan şokTürkiyənin ölümcül düşməni PKK ilə Barak Obama dönəmindəki ortaqlığı davam etmək çətin bir vəziyyət yaradar. Onlar uzun illərdir bir-birinə nifrət edirlər.

Axar.az Türkiyənin “CNN Türk” nəşrinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Suriyadakı proseslər barədə danışarkən deyib. Trampın çıxışı zamanı YPG deyil, məhz PKK sözünü işlətməsi diqqət çəkib.

Suriya ilə bağlı qərarının doğru olduğu müdafiə edən Tramp “artıq bu sonugəlməz savaşı bitirməyin vaxtı çatmışdı” fikrini təkrarlayıb. O, ABŞ-ın Yaxın Şərqdəki varlığını “ən pis səhv” kimi qiymətləndirib.

Tramp, həmçinin, Suriyanın şimalındakı vəziyyətlə bağlı Türkiyə tərəfi ilə 3 ildir müzakirə aparıldığını qeyd edib:

“Türkiyə ABŞ-ın bölgədən çəkilməsini uzun illərdir istəyir. Türkiyə və PKK bir-biri ilə illərdir vuruşur. Biz bu savaşın ortasında buraxıldıq. Sadəcə 30 gün davam etməli idi, lakin illərdir Suriyadayıq. İndi tərəflərlə danışıb oradan çıxmaq vaxtıdır. Ərdoğana nə hiss etdiyimizi söylədik, ancaq hər iki tərəflə də danışırıq”.

ABŞ-ın bir çox İŞİD üzvünü həbs etdiyini xatırladan Tramp hazırda sözügedən terrorçulara kürdlərin nəzarət etdiyini bildirib:

“Onlar olmasa, bu vəzifəni Türkiyə icra edəcək. Türkiyə də ən azı bizim qədər bu insanların azad şəkildə gəzməsini istəmir”.

ABŞ Prezidenti Türkiyə iqtisadiyyatına qarşı təhdidləri ilə bağlı da danışıb:

“Bunu əvvəl keşiş Branson hadisəsində də etdim. Ərdoğanın orada (Suriyanın şimal-şərqi) ağıllı davranacağına əminəm, buna ümid edirəm”.

Donald Tramp, eyni zamanda, kürdlərin tarixən yalnız öz torpaqları uğrunda savaşda ABŞ-a yardım etdiyini də qeyd edib:

“Kürdlər II Dünya müharibəsində bizə yardım etmədilər. Normandiyada bizə yardım etmədilər. Öz torpaqları ilə bağlı bizə yardım etdilər. Bu fərqli bir şeydir. Kürdlərə inanılmaz dərəcədə böyük miqdarda silah, sursat, pul xərclədik. Buna baxmayaraq kürdləri sevirəm. Ancaq orada fərqli fraksiyalar var. Məsələn, PKK fərqli bir qruplaşmadır. Onlar bizimlə çalışdılar. Çətin bir qrup olsa da, birlikdə çalışdıq. Onlar öz torpaqları üçün savaşırlar”.