Ərdoğan və Putindən Kreml sarayında: 3 mühüm saziş…

Dünya

167

Ərdoğan və Putindən Kreml sarayında: 3 mühüm saziş…15:25

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

Axar.az xəbər verir ki, iki liderin görüşü Rusiya-Türkiyə Ali Əməkdaşlıq Şurasının 8-ci iclası çərçivəsində baş tutub. Məlumata görə, görüş çərçivəsində dövlət başçıları ikitərəfli münasibətləri, ticari-iqtisadi əlaqələri, Türk Axını qaz kəməri və Ağquyu atom elektrik stansiyasının tikintisini, S-400-lərin Türkiyəyə tədarükünü müzakirə edəcəklər.

Tərəflər arasında həmçinin Suriya məsələsi də müzakirə olunacaq.

***

Türkiyə və Rusiya liderləri Kreml sarayında görüş öncəsində açıqlamalar verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada tərəflər arasında 3 sazişin imzalanacağını bildirib:

“Bu gün aramızda 3 saziş imzalanacaq. Bunlarla birlikdə gələcəyə hesablanmış addım atmış olacağıq. Sizin də ifadə etdiyiniz kimi, ticarət həcmində 15 faizlik artım qeydə alınıb. Müəyyən etdiyimiz hədəf vardı: məlum 100 milyard dollarlıq hədəfə doğru irəliləmək.

Hər şeydən əvvəl “Türk axını” layihəsinin dəniz hissəsi artıq başa çatıb, qurudakı addımlarımız da planlaşdırılan şəkildə davam edir. Hədəfimiz işləri nəzərdə tutulan təqvim üzrə yekunlaşdırmaqdır.

Bir digər vacib məsələ də hazırda bölgədəki terror fəaliyyətlərinə qarşı birlikdə atdığımız addımlardır. Xüsusən Suriyada atdığımız və atacağımız addımlar böyük önəm daşıyır.

Rusiya-Türkiyə Ali Əməkdaşlıq Şurasının 8-ci iclasının bu mənada önəm daşıdığına inanıram. Burada nazirlərimizin bir-biriləri ilə keçirəcəyi görüşlər önəm ifadə edir. Bunları müzakirə edərək 8-ci toplantımızı tamamlayacağıq”.

Rusiya Prezidenti Vladimir Putin də öz növbəsində Ankara ilə münasibətlərin inkişafından danışıb:

“Türkiyə ilə ikitərəfli münasibətlərimizin xüsusən də iqtisadi sahədə inkişaf etməsini məmnunluqla izləyirik. Mədəniyyət və turizm ilinin açılışını edəcəyik. Aprel ayına ticarət həcmimizin artımı 15 faizə bərabər olub. “Türk axını”nın dəniz və quru hissəsi arasında əlaqə bir qədər əvvəl yaradılmışdır. Beynəlxalq münasibətlər və qlobal problemlərlə bağlı gərgin əməkdaşlıq aparırıq”.