Boliviyada diplomatik qalmaqal baş verdi

Dünya

89

Boliviyada diplomatik qalmaqal baş verdiMeksika Xarici İşlər Nazirliyi bu addımı siyasi qərar olaraq qınayıb

Boliviya hökuməti Meksika səfirini və İspaniya səfirliyinin iki əməkdaşını ölkədən çıxartmaq qərarına gəlib.

AFP xəbər verir ki, buna səbəb səfirlik əməkdaşlarının keçmiş hökumətin tərəfdarlarını qanunsuz olaraq ölkədən çıxartmağa cəhd göstərməsidir.

“Mənim rəhbərlik etdiyim konstitusiyalı hökumət Meksikanın Boliviyadakı səfiri Maria Teresa Merkadonu, İspaniyanın işlər vəkili Kristina Borrequeronu və konsul Alvaro Fernandezi arzuolunmaz şəxs (persona non qrata) elan etmək qərarına gəlib”, - deyən respublikanın müvəqqəti prezidenti Jeanin Anes adıçəkilən diplomatları Boliviya xalqının və konstitusiyalı hökumətinin suverenliyinə və heysiyyətinə ciddi zərər verməkdə ittiham edərək 72 saat ərzində ölkə ərazisini tərk etmələrini bildirib.

Meksika Xarici İşlər Nazirliyi bu addımı siyasi qərar olaraq qınayaraq səfirə vətənə dönmək təlimatı verdiklərini açıqlayıb.

Bundan əvvəl Boliviya hökuməti İspaniya səfirliyini sabiq prezident Evo Moralesin tərəfdarlarını ölkədən çıxartmaq üçün Meksikanın nümayəndəliyinə maskalı şəxslər göndərməkdə ittiham etmişdi. Buna səbəb Boliviyanın bir neçə nəfər keçmiş rəsmisinin Meksika səfirliyində sığınacaq tapması olub.(report.az)