“Boeing”dən KRİTİK QƏRAR: Azərbaycanın da imtina etdiyi təyyarələr...

Dünya

78

“Boeing”dən KRİTİK QƏRAR: Azərbaycanın da imtina etdiyi təyyarələr...ABŞ-ın “Boeing” aviasiya şirkəti “737 Max” seriyalı sərnişin təyyarəsinin istehsalını dayandıracaq.

Buna səbəb istifadəyə verilməsindən qısa müddət sonra həmin təyyarələrin qəza törədərək 346 nəfərin həlak olmasına səbəb olmalarıdır.

“Boeing”in idarə heyəti Çikaqoda təşkil edilən toplantıda “737 Max” seriyasındakı problemlərin həllini tapa bilmədiklərini, buna görə də seriyanın istehsalının dayandırılması variantının hər ötən gün daha da yaxınlaşmasını dilə gətirib. Qərarın qısa müddət ərzində rəsmi şəkildə açıqlanacağı gözlənilir.

“737 Max” böhranı şirkətə 10 milyard dollara yaxın ziyan vurub.
Qeyd edək ki, ötən il "737 Max 8" tipli sərnişin təyyarəsinin uçuş nəzarət sistemindəki istehsal xətası bir çox qəzalara səbəb olmuşdu. İndoneziyanın “Lion” hava yolları şirkətinə aid “737 Max 8” təyyarəsi 23 oktyabrda Cakartadan Sumatra adasındakı Panqkal Pinanq şəhərinə getmək üzrə uçuşa başlamış, qısa müddət sonra dənizə düşmüşdü. Hadisə nəticəsində 189 nəfər həlak olmuşdu. Daha sonra Efiopiya hava yollarına aid eyni seriyalı təyyarə 10 martda Əddis-Əbəbədən Nayrobiyə getmək üçün yola çıxmış, qısa müddət sonra qəzaya uğramışdı. Təyyarədəki 157 sərnişinin hamısı həlak olmuşdu.

Bu faciələrdən sonra Azərbaycan, Türkiyə, Çin, Efiopiya, Almaniya, Britaniya, Fransa, Niderland, Avstriya da daxil olmaqla, bir çox ölkə "Boeing 737 Max" təyyarələrinin xidmətini dayandırıb.