ABŞ Türkiyəni fikrindən daşındırmağa çalışır - Bank hesabları BLOKLANA BİLƏR

Dünya

26

ABŞ Türkiyəni fikrindən daşındırmağa çalışır - Bank hesabları BLOKLANA BİLƏR"ABŞ Türkiyənin "S-400" hava hücumundan müdafiə sistemlərini əldə etməsinə qarşı sanksiyalar tətbiq edərsə, Türkiyə kimi müttəfiqi itirmək riski daşıyacaq".

Publika.az xəbər verir ki, bunu Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Viktor Nadein Raevskiy "RT" kanalına müsahibəsində deyib.

Ekspert xatırladıb ki, rəsmi Vaşinqton dəfələrlə Ankaranı müdafiə sistemini almaqdan daşındırmağa çalışsa da, Rəcəb Tayyib Ərdoğan sözünün üzərində qaldı:

"Ərdoğan yaxşı bilir ki, ABŞ NATO-da Türkiyə qüvvələrinin köməyi olmadan keçinə bilməz. NATO-nun şərq cəbhəsində Türkiyəni əvəz edə biləcək qüvvə yoxdur. Orada Türkiyə Silahlı Qüvvələri ilə müqayisə edilə biləcək hərbi qüvvə yoxdur. Yaxın Şərqdə isə Türkiyə Silahlı Qüvvələri yalnız İran ordusu ilə müqayisə edilə bilər. Buna baxmayaraq Vaşinqton Türkiyəyə qarşı təsir mexanizmlərindən istifadə edərək onun "F-35" qırıcı təyyarələrinin istehsalı layihəsindən kənarlaşdırılması və bu ölkədən olan hərbçilərə və siyasətçilərə qarşı sanksiyalar tətbiq ediləcəyi ilə bağlı fikirlərini bildirməkdə davam edir. ABŞ həmçinin Türkiyənin daim ehtiyac duyduğu Beynəlxalq Valyuta Fondu kreditlərini də məhdudlaşdıracaq. Bu isə Türkiyə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Ancaq Türkiyənin bank hesabları bloklanmayacaq".

Qeyd edək ki, Türkiyə-ABŞ münasibətlərində böhran yaradan "S-400" məsələsi yayda aktuallıq qazanıb. Ərdoğanın sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri gələn ilin aprelində işə düşəcək. Rəsmi Vaşinqton isə Türkiyəyə "S-400"lərdən imtina edərək "Patriot"lar almasını tövsiyə edir. Türkiyə güzəştə getməkdən imtina edib.