Əsədlə PKK yaxınlaşır: Türkiyəyə qarşı Menbiç “tələsi”? - Ağar

Dünya

30

Əsədlə PKK yaxınlaşır: Türkiyəyə qarşı Menbiç “tələsi”? - Ağar“Sülh çeşməsi” əməliyyatının “Zeytun budağı” və “Fərat qalxanı”ndan dərhal sonra baş verməməsi Ankaranın konyunkturanın, daha dəqiq desək, uyğun şərtlərin formalaşmasını gözləməsiylə əlaqədar idi.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli hərbi ekspert, “Habertürk”ün hərbi strategiya üzrə məsləhətçisi Abdullah Ağar deyib.

“Bir çox parametr var idi. Ən uyğun zaman gözlənildi və buna görə də hazırlıq həyata keçirildi. Şərtlərin yetkinləşməsi və uyğunlaşması gözlənildi” – deyə o bildirib.

Çoxlu sayda dövlətin Türkiyənin Suriyada əməliyyat keçirməsinə qarşı olmasından bəhs edən ekspert bunun normal olduğunu deyib:

“Biz Türkiyə olaraq heç bir ölkəni qarşımıza almamışıq. Onlar bizim qarşımıza keçiblər. Yəni onlar öz mənfəətləri naminə istifadə etdikləri terror təşkilatını Türkiyə məhv etmək həmləsini ortaya qoyan kimi qarşımıza keçdilər. Bu da anlaşılan bir şeydir”.

Ağar qeyd edib ki, biz ölkəmizin parçalanmasından qorxduğumuz üçün Trampın sanksiyalarından qorxmuruq.

PKK-YPG-nin Əsədlə yaxınlaşmasına gəlincə isə Abdullah Ağar hazırda terror təşkilatının bu addımı özünü xilas üçün atdığını deyib:

“Bu əməliyyat PKK-nı çarəsiz buraxıb. ABŞ və Avropa terror təşkilatına nəzəri olaraq dəstək verir, amma hazırda ona praktik dəstək lazımdır. Praktik dəstəyi təklif edəcək yeganə yer də Əsəd rejimi və Rusiyadır. Bunun üçün terror təşkilatı onlara yaxınlaşır. Burada Türkiyə uduzmur. Belə etməklə Türkiyə YPG-PKK-nın iddiasını yox edir. Digər tərəfdən Əsəd rejimi də Türkiyənin üzərindən terror təşkilatının müstəqillik istəyini məhv etməyə çalışır. Bilinən tək şey odur ki, terror təşkilatıyla rejim bir-birinə nifrət edir. Bundan öncə YPG-PKK Suriyanı parçalamağa çalışırdı, amma indi terror təşkilatının bu həvəsi qalmayıb. İndi onlar sadəcə özlərini xilas etməyə çalışırlar”.

Ağarın sözlərinə görə, hazırda ABŞ-ın əlində olan Menbiç çox önəmli nöqtədir və ABŞ burada öz oyununu qurmağa çalışacaq:

“Burada üç ehtimal var: Birincisi, əgər ABŞ verdiyi sözü tutub, koordinasiyalı formada Menbiçdən çıxsa, Türkiyə bölgəyə hərəkət edəcək. İkinci ehtimala əsasən, ABŞ Rusiya ilə gizli razılaşma əldə edəcək. Əgər belə anlaşma olarsa, Menbiç Əsədə veriləcək.

Üçüncü ehtimal isə ABŞ-ın Menbiçdən koordinasiyasız çıxmasıdır. Bu, əsl tələdir. Əgər bu gerçəkləşsə, Türkiyə və Əsəd rejimi üz-üzə qalacaq. Bu zaman Türkiyə ilə birgə hərəkət edən sünni ünsürlərin yer aldığı Azad Suriya Ordusu ilə şiə milisləri üz-üzə gələcək ki, bu da bölgədə məzhəb savaşının fitilini alovlandıra bilər”.

O, həmçinin, Rusiya və Türkiyə arasında Suriyada toqquşmanın yaşanma ehtimalının az olduğunu bildirib:

“Rusiyanın torpaq ələ keçirmə refleksi iki ölkə arasında gərginliyə səbəb ola bilər, amma Kremlin geosiyasi baxışı bunu aşmağa kömək edəcək. Rusiya Türkiyənin formalaşdırmağa çalışdığı təhlükəsizlik bölgəsində dəlik yaratmağa çalışsa, bu, problem yaradacaq. Türkiyənin istəyi bütün istiqamətlərdən PKK-nın çıxarılmasıdır. İstər ABŞ, istərsə də Rusiya bu baxışı dəyişdirə bilməz”.