Onlardakı can aldı – Bizim parklardakılar nə dərəcədə təhlükəlidir?

Cəmiyyət

104

Onlardakı can aldı – Bizim parklardakılar nə dərəcədə təhlükəlidir?Parklar və xüsusilə də oradakı atraksionlar uşaqlar üçün nə qədər cəlbedici olsa da, təhlükəli yanları da az deyil. Onların vaxtlı-vaxtında baxışdan keçməməsi, nəzarət altında olmaması faciəvi halların yaşanmasına da gətirib çıxara bilir.

Belə ki, bir neçə gün əvvəl Türkiyənin Mersin şəhərində bir azyaşlı parkdakı oyuncaq helikopterdə oynayarkən onu elektrik cərəyənı vurub. Biçarə uşaq elə oradaca keçinib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Nəzərə alsaq ki, paytaxtımızda da belə atraksionların, oyuncaqların yer aldığı xeyli parklar var. Bunların ən çoxu da Dənizkənarı Milli Parkda yer alır. Bəs görəsən, bizdəki atraksionlar necə nəzarətdə saxlanılır, necə yoxlanılır?

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı “Yeni Sabah”a danışıb:

“Dənizkənarı Milli Park ərazisindəki karusel və atraksionlar ildə bir dəfə texniki baxışdan keçirilir. Fövqəladə Hallar Nazirliyi mütəxəssislərinin iştirakı ilə qurğularda dinamik və statik sınaqlar aparılır. Yoxlamadan sonra bir illik xüsusi icazələr verilir. Texniki baxış adətən mövsümqabağı keçirilir. Bu il texniki baxış 05.04.2019 tarixində keçirilib. Bulvar ərazisindəki bütün karusel və atraksionlar istifadəyə tam yararlıdır. Hər il texniki baxışın yekun nəticələri ilə bağlı məlumatlar atraksionların üzərinə vurulur.

Hər 3 ildən bir isə karusel və atraksionlarda texniki təhlükəsizlik qaydalarına uyğun olaraq ən müasir cihazlar vasitəsilə əsaslı müayinələr aparılır. Qurğular ən xırda detallarınadək yoxlanılır. Növbəti belə müayinə gələn ilin mayında olacaq.

Ümumiyyətlə isə hər gün istifadədədn öncə attraksionlar mütləq yoxlanılır, sonra işə salınır”.