“Əhalinin narazılığını prezident də deyirsə, bundan böyük nə şikayət…”

Cəmiyyət

36

Aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir çox məsələlərə toxunub. Ölkə rəhbəri qeyd edib ki, makroiqtisadi vəziyyətin stabil, manatın məzənnəsinin sabit, inflyasiyanın aşağı olduğu vaxtda, süni qiymət artımına qətiyyən yol vermək olmaz.

Prezident deyib ki, bəzi hallarda bahalaşma mövsümi xarakter daşısa da, bir çox hallarda qiymətlər süni şəkildə artırılır.

İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”,-Prezident bildirib.

Maraqlıdır ki, ölkə rəhbəri hər müşavirədə süni qiymət artımına etirazını bildirsə də, problem həll olunmur. Bəs səbəb nədir?

Dəfələrlə parlamentdə süni qiymət artımına etiraz edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, bu problem kökündən həll olunmalıdır:

“Prezident bu problemi havadan demir! Problem çox ciddidir, aidiyyatı qurumlar bununla məşğul olmalıdırlar. Əgər sən xammalı xaircdən dollarla alırsansa, obyektiv bahalaşma başadüşüləndir. Yox, öz ölkəndə istehsal etdiyin məhsulu durmadan bahalaşdırırsansa, deməli subyektiv maraqlardan çıxış edirsən. Xüsusilə də bayramqabağı bahalaşma daha sürətli olur, insanlar ürəyi istəyəni alıb yeyə də bilmir. Buna son qoymaq lazımdır”.

Parlamentari deyib ki, İqtisadiyyat Nazirliyi bu məsələyə diqqəti artırmalıdır:

“Nəzarət gücləndirilməli, monitorinqlər davamlı aparılmalıdır. Bəzən deyirlər “bizə şikayət daxil olmayıb”. Əgər bu problemi Prezident səsləndirisə, bundan böyük nə şikayət istəyirlər? Şikayət var ki, ölkə rəhbəri bunu səsləndirir. Biz mütəmadi olaraq bu məsələni Milli Məclisdə qaldırırıq, mətbuat dəfələrlə yazır. Hamımız bazarla əlaqəsi olan adamlarıq, süni qiymət artımını görürük ki, bu məsələyə toxunuruq. Süni qiymət artımı həm əhali, həm də dövlət üçün çox böyük problemdir.

Bazarda inhisarçılar var, bu bir problemdir. Digər tərəfdən baxırsan ki, kim hansı qiyməti istəyir onu da “oxuyur”. Bunun qarşısı alınmalıdır. Bu kimi halların qarşısı alınmadığı üçün hadisələr baş verir, əhali narazılıq edir. Yenə deyirəm, dövlət başçısı ciddi məsələyə artıq neçənci dəfədir ki, toxunur. Ona görə də konkret addımlar atılmalıdır”.