Generaldan Aşura xəbərdarlığı: - “İmkan verilməyəcək!”

Cəmiyyət

130

Generaldan Aşura xəbərdarlığı: - “İmkan verilməyəcək!”Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Bunu açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

General bildirib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə sentyabrın 20-də paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək”.

S. Bağırov həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq: “Bilirsiniz ki, dini mərasimlərin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Polis dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə etməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək”.

Qeyd edək ki, Aşura günü yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimlərin keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən lazımı qüvvələr ayrılıb.