Saray avtobuslarının Sumqayıta girişinə qadağa qoyulub?

Cəmiyyət

190

Saray avtobuslarının Sumqayıta girişinə qadağa qoyulub?Bu gündən etibarən Abşeron rayonunun Saray qəsəbəsindən şəhər mərkəzinə və Sumqayıt istiqamətinə sərnişin daşıma ilə məşğul olan "501”, "503”, "520”, "522” və "585” saylı marşrutların hərəkətinə məhdudiyyət qoyulub.

Conflict.az Virtualaz.org-a istinadən xəbər verir ki, buna görə sakinlər bir neçə kilometr məsəfəni piyada getmək məcburiyyətində qalıblar. Qərardan ən çox əziyyət çəkənlər isə Bakıda, Sumqayıtda və Saray qəsəbəsində işləyənlər, təhsil alan tələbələr olub.


Sakinlər bu qərarın hansı səbəbdən verilməsindən xəbərsiz olsalar da, Sumqayıt Nəqliyyat Departamentinə icra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən göstəriş verildiyini deyiblər.

Əvvəllər həmin marşrutlar Bakı Avtovağzalından çıxıb Saray qəsəbəsini keçməklə Sumqayıtın 18, 12, 13, "Şərq Bazarı”, 6 və 5-ci mikrorayonlarında dayanıb sərnişin toplayırdılarsa, indi sürücülərə Saraydan 18-ci mikrorayona daxil olub Çerkassı küçəsi ilə birbaşa şəhər Avtovağzalına getmələri göstəriş verilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Qafqazinfo”ya verilən məlumata görə, hazırda şəhərdə nəqliyyat infrastrukturu yenidən qurulur:

"İstər şəhərdaxili, istərsə də Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən avtobuslar yeni müasir sərnişin avtobusları ilə əvəz olunur. Son vaxtlar Sumqayıt şəhərinə Türkiyə istehsalı olan 145 ədəd müasir sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb.

Bundan əlavə, Bakı-Sumqayıt marşrutu üzrə Saray qəsəbəsindən keçməklə sərnişinlərə xidmət göstərən daşıyıcılara xidmətin Bakı Beynəlxalq Avtovağzalından Sumqayıt şəhər avtovağzalınadək həyata keçirildiyi barədə xəbərdarlıq edilib. Bu baxımdan, sürücülərin səsləndirdikləri iddialar əsassızdır.

Hazırda Bakı-Sumqayıt marşrutu üzrə Saray qəsəbəsindən keçməklə sərnişinlərə xidmət göstərən avtobuslar mövcuddur”.