İcra nümayəndəsi 2 ahıl qadını “öldürüb” bağlarını ələ keçirdi

Cəmiyyət / Kriminal

122

İcra nümayəndəsi 2 ahıl qadını “öldürüb” bağlarını ələ keçirdi
Bakının Türkan qəsəbəsində inanılmaz cinayət baş verib. 80 və 90 yaşlı iki qadın sənəd üzərində “öldürüb”, onlara aid bağ torpaq sahələri ələ keçirilib. Hazırda həyatda olan 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var! Bəli, məhz belədir, adamlar həyatdadır, amma rəsmi olaraq “dünyadan köçüblər”. Böyük, inanılmaz cinayət Bakının Türkan qəsəbəsində baş verib. Xəbəri alan kimi Türkan qəsəbəsinə yollandıq. Sənədləri araşdırdıqca, 80 yaşlı Əzizə Atayevanı, 91 yaşlı Xumara Şabanovanı dinlədikcə Türkan qəsəbəsində torpaqları zəbt edən böyük bir cinayətkar dəstənin fəaliyyət göstərdiyi aydın olur.

Həmsöhbətimiz olan Əzizə Atayevanın “Ölüm haqqında şəhadətnamə”sində 2006-cı il 10 iyun tarixində ürək çatışmazlığından dünyadan köçməsi qeyd olunub. Qadın isə qarşımızda oturub danışır, baş verənlərə hiddətini gizlədə bilmir. İşin üstü açılandan sonra özünün, övladlarının ölümlə təhdid edildiyini deyir.

Bu dəhşətli cinayətin üstü illərlə bağlı qaldığından daha bir oxşar cinayət törədilib. Bu dəfə, 20 may 2014-cü ildə Xumara Şabanova eyni diaqnozla (kəskin ürək çatışmazlığı) “öldürülüb”! Hər iki qadın baş vermiş cinayətdə icra nümayəndəsi Rahil Babayevin və bələdiyyə sədrinin adını çəkirlər.

Xumara Şabanova deyir ki, məsələnin üstü tam təsadüfən açılıb. Notariusa gedərək bağ-torpaq sahələrini oğlunun adına rəsmiləşdirmək istəyiblər. Lakin notariusda öyrəniblər ki, torpaq digər şəxsin adına keçirilib. Eyni durumla Əzizəxanım Atayeva üzləşib. Türkan qəsəbəsi, Xanlar küçəsi, döngə 6, ev 1 ünvanında yaşayan qadın deyir ki, bir qrup məmur əlbir olub, onu ölmüş elan edərək əmlakını ələ keçirib. “Üstəlik, bizi şikayət edəcəyimiz təqdirdə ölümlə hədələyirlər. İcra nümayəndəsi Rahil Babayevə səslənirəm, övladlarımın başına bir iş gəlsə, bütün məsuliyyət onun üzərindədir. Tələb edirəm, necə ki, məni ”öldürüblər", zəhmət çəkib “diriltsinlər”, Türkan qəsəbəsi, 196 saylı bağ sahəsini də mənə qaytarsınlar. Həmin bağ rəhmətlik həyat yoldaşım İsbat Şahüseyn oğlu Atayevin adınadır. Yoldaşım 14.01.2006-cı il tarixdə vəfat edib. Həmin bağ sahəsinə oğlanlarımın, qızlarımın vərəsəlik hüquqları var. 2017-ci ildə Türkan qəsəbə icra nümayəndəsi Rahil Babayev oğluma deyib ki, səni işə düzəldirəm. Rahil Babayevin işçisi Mehman gəlib oğluma deyib ki, bəs Çingiz adlı şəxsin adına etibarnamə verməlisən ki, işə düzəldə bilək. Ona görə də Çingiz oğlumu Nərimanov rayonunda yerləşən 5 saylı “Asan xidmət” mərkəzinə aparıb etibarnamə alıb. Biz bir neçə gün bundan əvvəl yoldaşımdan qalan torpağa vərəsəlik işini rəsmiləşdirdikdə məlum oldu ki, bağ sahəsi xəbərimiz olmadan başqa adamın adına rəsmiləşdirilib. 33 saylı notariat ofisindən vərəsəlik işinin bəzi surətlərini aldıqda məlum oldu ki, oğlumun adına 04.07.2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi verilib. O da bilindi ki, 08.05.2017-ci il tarixdə Türkan qəsəbə icra nümayəndəsi Rahil Babayev 607 saylı arayış verib. Arayışda bilərəkdən yoldaşım Atayev İsbat Şahüseyn oğlunun yeganə vərəsəsi kimi oğlum Əlihüseyn İsbat oğlunu göstərib. Rahil Babayev bizim ailə tərkibini çox gözəl bilir. Belə arayış yazmaqla vərəsə kimi oğlumu göstərir və onun adından öz adamı olan Çingizin istifadə etməsinə yol açır", - deyə həmsöhbətimiz bildirib.

Əzizəxanım Atayeva deyir ki, daha dəhşətli saxtakarlıq onun ölüm şahadətnaməsinin hazırlanması ilə bağlıdır: “Bu adamlar əlbirdirlər. Notariusda onu da bildik ki, işin içində mənim - Atayeva Əzizəxanım Mirzə qızının rəhmətə getməyim haqda şəhadətnamə də var! Bilmirəm gülüm, yoxsa ağlayım... Bunu notariusa Rahil Babayevin adamı Çingiz Səfərov təqdim edib. Bu günə məlum olan məsələ odur ki, Türkan icra nümayəndəsi özünə dəstə düzəldərək saxta arayış verməklə ailə üzvlərimin sayını azaldıb, öz tanışı Çingiz Səfərovun adına başqa iş adı ilə etibarnamə verdirib, əmlakımıza yiyələnib. Bu da azmış kimi, bizi şikayət edəcəyimiz təqdirdə fiziki məhv edilməyimizlə təhdid edirlər. Bu da azmış kimi, Daşqın Nəsirov adlı şəxsin adına Çingiz Səfərov tərəfindən oğlumun adından etibarnamə verilib və bağ-torpaq sahəmiz formal olaraq guya 22 min manata satılıb. Bu əmlakımızın zorla ələ keçirilməsidir. Bizə bir manat belə vəsait ödənilməyib!”

91 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək onlara qarşı baş verən cinayətlərin araşdırılmasını, ailələrinin təhlükəsizliyinin təmin edilməsini, bağ-torpaq sahələrinin qaytarılmasını xahiş ediblər.Yeni Müsavat