İntiqam Soltan - İMARƏT

yazar

722

İntiqam Soltan - İMARƏT
(felyeton)

A kişilər, bax, keçən səfərki kimi olmasın. Gəlin şərti şumda kəsək, pərşumda yabalaşmayaq.

Mən sizə hekayət söyləyəcəm, siz onu "felyeton" kimi başa düşməlisiniz. Dediklərim nə qədər hekayətə bənzəsə də, biz elə bineyi qədimdən başdan ayağa felyetonuq ki, felyeton...

Üstünüzə sağlıq, dədəm bizim ailəmizə əla baxırdı... Dədəm axı hələm-hələm kişilərdən deyildi. Məsələn, ondan başqa heç bir köpəyoğlu anama gözünün ucu ilə baxmağa cəsarət eləməzdi... O özü isə kefi istədiyi vaxt...

Kişi bir imarət saldırmıştı ki, bizim üçün, gəl görəsən... Qonşular bizim imarətin hasarının hündürlüyünü gözləri ilə "ölçmək istəyəndə" papaqları düşərdi. Qonum-qonşu bir yana, heç özümüz bizim sayılan bağ-bağçamızı gəzməyə cürət eləmirdik.

Dədəmin qulluğuna sədaqətlərini isbat etməkdən ötrü bizi hər an parça-parça eləməyə hazır olan elə qancıx xislətli köpəkləri ilə köpək xislətli qancıqları var idi ki...

Həyətin bir başında yekə, german sortu inəklərə layiq tövləmiz var idi.
Düzdü qoyunlarımız digər qoyunlardan fərqlənməsə də, amma dədəm onları istədiyi vaxt sağırdı, qırxırdı, hələ kefi duranda... mindirdi də.

Çünki dədəm atdan-eşşəkdən it kimi qorxarxdı ...
Başındakı çapığı deyilənə görə ya atdan, ya da eşşşəkdən yıxılanda əmələ gəlmişdi. Bu at-eşşək məsələsini nənəm deyərdi. Öz doğduğu idi da, bizim ayağımıza verəsi deyildi ki...

Anamsa onunla dalaşan kimi dədəmin gəncliyindəki bütün zibillərini açıb tökürdü...

Onun dediyinə görə dədəmin dədəsi də dədəmdən geri qalan olmayıb. Dədəm də dədəsinin var-dövlətinə arxalanıb qonum-qonşunun uşaqlarının ovcuna beş-on qəpik basıb onları minərmiş. Bir dəfə də belinə mindiyi qonşu uşağını eşşək yerinə qoyub, onu bizləyəndə gədə gözünə döndüyüm də dədəmi qaldırıb çırpıb yerə...

O vaxt təbii ki, mən onun oğlu deyildim. O öz dədəsinin oğlu idi...

Əlqərəz, harda qaldım...? Hə, qoyunların yanında. Onu deyirdim axı, dədəm qoyunlarını bizdən çox sevirdi. O qədər çox sevirdi ki, qoyunlar dədəmin tikdirdiyi imarətdə, biz də anamın rəhbərliyi ilə, mən deyərdim atalıq qayğısı ilə qoyunların tövləsində yaşayırdıq...

Qoyunların imarətdə qalmağı cəhənnəm... Məni yandıran o idi ki, mənim çarpayımda qonşunun tulasından öz qancığımızın xəyanəti nəticəsində əmələ gəlmiş, bütün gecəni bizim quzularımızı şor gözləri ilə süzən küçük yatırdı...
Özü də dədəmin ən sevimli küçüyü olduğu üçün toxunulmazlıq statusu qazanmışdı. Yoxsa çoxdan onu küçük kimi əzmişdim...

Düşündükcə qəhər məni boğmasaydı, hələ sizə bu imarətdən çox zadlar deyərdim... Hələlik bu boyda bəsimizdi. Mənim də, sizin də...

Amma, bax, sözümüz sözdü... Mən "hekatət", - siz "felyeton"
Di allah amanında...

Conflict.az