Parlament danışmaq məkanıdır, siz isə təəssüf ki, bunu bacarmırsınız!

yazar

243

Parlament danışmaq məkanıdır, siz isə təəssüf ki, bunu bacarmırsınız!
(deputat Əliağa Hüseynovun açıqlamasına münasibətim)

“Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Ümumiyyətlə, Salyanda həyatı boyu müxalifət olmayıb”- bu cümlələr doğulduğum Salyanın 9-cu ildir deputatı olan Əliağa Hüseynova məxsusdur.
2015-ci ilin deputat seçkiləri öncəsi namizədliyimi geri götürməmdən ötrü dost tanışların gətirdiyi mesajlarından bezib,şəxsən Əliağa müəllimə xatırlatmışdım ki, mən mövcud durumda ölkə parlamentində xalqımı, Salyanımı təmsil etməyə özümü daha layiq görürəm axı. Yenə də üç il əvvəlki fikrimdə qalıram və bir daha şahidəm ki, yanılmamışam. Seçkilərdə baş verən saxtakarlıqlara, üzləşdiyim iyrənc olaylara toxunmadan( onsuz da bütün ölkə səviyyəsində eyni eybəcərliklər olub) Əliağa müəllimə xatırlatmaq istəyirəm ki, müxalif olmaq mübarizlikdir, fikir,mövqe sahibi olmaqdır, yaltaq və məddah olmamaqdır, fəzilətdir, cəsarətdir və millətin, toplumun, dövlətin inkişafı üçün vacibdir . Müxalif olmaq həm də şərəf məsələsidir- bizdə Məhəmməd Əmin Rəsulzadələrin, Əbülfəz Elçibəylərin, Avropada Martin Lüterlərin, Yan Qusların, Amerikada Martin Lüter Kinqlərin , Çe Quaraların timsalında...
Müxalifəti olmayan, diktatura şəklində idarə olunan ölkələr Afrikanın mərkəzindəki sivilizasiyadan məhrum ölkələrdir. Müxalifəti olan ölkələr isə dünyanın ən aparıcı, inkişaf etmiş ölkələridir. Bu gün Azərbaycanımızı müxalifətsiz Afrika ölkələrinın, müxalifəti boğulan İranın, S. Ərəbistanının, O.Asiya respublikalarının gününə düşməməyə qoymayan da məhz ölkəmizdəki müxalif düşüncədir. Biz bununla qürur duymalıyıq , nəinki alternativ fikrə qarşı aqressivlik nümayiş etdirmək. Necə ki, mən bir salyanlı kimi də Çar Rusiyası dönəmində alternativ düşüncə sahibi, böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadə ilə, erməni bolşevik işğalına qarşı ağ kəfən geymiş və Stalin dönəminin repressiyalarının qurbanı olmuş Ağa Mir Bağır, Ağa Mir Əşrəf kimi ağalarımızla, Sovet Rusiyası dönəmində dissident şairimiz Xəlil Rza Ulutürklə, onların mübarizliyi ilə hər zaman fəxr edirəm. Əgər bu gün sizin iddia etdiyiniz kimi doğma Salyanımda ziyalılar müxalifətin önünə keçib lokomotivlik etmirsə( halbuki Salyanda müxalif düşərgədə mənim tanıdığım onlarla mübariz ziyalımız var), bunun da günahı 25 ildən artıq millətimizi, o cümlədən müəllim, həkim,iş adamı,mühəndis ordusunu ailəsi üçün götürə biləcəyi bir tikə çörəklə imtahana çəkən mövcud iqtidardır. Bu “qəhrəmanlığı” ilə hakimiyyət nəinki qürur duymalı, əksinə ölkəni bu duruma gətirib çıxardığına görə utanc hissi yaşamalıdır. Bir zamanlar islam peyğəmbərimiz “ Alim ölərsə, aləm ölər” deyərdi. Azərbaycanımızda nəinki alimlərimiz, bütünlükdə elm, sənət, sənaye, səhiyyə və digər sektorlarda çalışan minlərlə, onminlərlə ziyalımız maddi mənəvi terrorun qurbanına çevrilərək susdurulmuş və cəmiyyətin mübarizə ruhu öldürülməkdə davam edir. Şübhəsiz ki, ziyalı susdurularsa etiraz etmək missiyası ziyalı olmayan, lakin vicdanlı, cəsarətli fəhlənin, əməkçinin, ya da işsizin üzərinə düşəcək. Etirazçının haqq səsinə səs vermək yerinə, onları müxtəlif “yarlıklarla” ləkələmək isə heç bir ədəb qaydasına sığmayan hərəkətdir. Doğrudur, qeyd etdiyiniz kimi Salyan Azərbaycanımın öz ziyalıları ilə fəxr ediləsi bölgəsidir. Və inanıram ki, gerçək, lakin susdurulmuş ziyalıların da öz sözlərini deyəcəkləri gün çox uzaqda deyil. Amma sizdən vicdanlı,cəsarətli, mövqeyi olan eloğlularım adından xahiş edirəm ki, bu qədər ədalətsiz, primitiv , gerçəkliklə aşağı yuxarı əlaqəsi olmayan, əslində Salyan ziyalılığına xələl gətirən açıqlamalar vermək yerinə , elə 2010-cu ildə sizə deputat mandatı verilən andan bu günədək parlamentdə susduğunuz kimi yenə də susmaa davam edin. Baxmayaraq parlament danışmaq məkanıdır, siz isə təəssüf ki, bunu bacarmırsınız...

Conflict.az