MƏN KİŞİYƏM...

yazar

176

MƏN KİŞİYƏM...(felyeton)

Təbrizli bir dostum mənə yazır:
"Baba, göydə Allah, yerdə sən... Dərdimi deyim, bir çarə qıl;
Baba, üzümə tük çıxır...
Şalvarım da var (şort yox ha, şalvar, uzunlardan) ...
Saçım inşallah ki, tökülür...
Maşallah sulu qəlyan da çəkirəm...
Özümdən də həməşə tər qoxusu gələr...
(övrət besavadlığından ona "it qoxusu" desə də...)
Xudavənd aləmin kərəmi ilə namazım, orucum da öz yerində...
Bu gün-sabah bığ da buraxmağa hazırlaşıram...
Ayıb da düşməsin paklanmışam, yəni ki, vəxtli-vəxtində "sünnət olunmuşam" (sizdə ona "cıqqılı toy" deyəllər) ...
Hə, az qala yadımdan çıxmışdı, övrətim də var axı...
Bütün bunları nəzərə alsaq, demək ki, mən nəmənəyəm?!
Baba, ki-şi-yəm!!!
Düz demirəm, baba?!.
Qaldı başqa söhbətlərə...
Arada oğraşlığım olur... - kişiyəm axı...
Gədəliyim də olur... - kişiyəm axı...
Kimdə olmaz ki?!.
Rüşvət alıram... - kişiyəm ...
Rüşvət verirəm... - kişiyəm ...
("al" "ver" dünyası dəyil, baba?)
Sonra, canım sənə desin, saqqalıma tüpürürlər silirəm, alçaldırlar, istismar eləyirlər (kimi eləmirlər ki), qoyun yerinə qoyurlar, haqqımı tələb etmağa, mitinqlərə getmağa it küçüyü kimi qorxaram. Qorxaram da, odey, o boydana Səddamı asdılar... Odur ki, eşşək kimi işlədib, tula payı verərlər...
Noolsun, baba, noolsun?! Kişinin başına iş gələr da. Nəmənədi ki?!
Başıma gələnlər hamısı mənim kişiliyimə dəlalət elər inşallah ... Axı mən KİŞİYƏM...
Çünki...
Dedim axı, üzümə tük çıxır...
Şalvarım da var (şort yox ha, şalvar, topuğumdan) ...
Şükür ki, təpəm də bala-bala dazlaşır ...
Qəlyan da çəkirəm, özü də sulusundan ...
Özümdən də həməşə tər qoxusu gələr...
(övrət də həməşə deyər: -"Hacı, səndən it qoxusu gəlir". Besavaddı axı...)
Namazım, orucum da öz yerində, vəxt-bevəxt qıllam ...
Bu gün, sabah bığ da buraxmağa hazırlaşıram...
Dediyim kimi, vaxtındaca sünnət də olunmuşam...
Qonşunun arvadını görəndə də ağzım sulanır, mır-mır mırıldayıram...
Özümün də övrətim var, gündə də mahna (siz "bəhanə" deyərsiz) tapıb onu it kimi çırpıram ...
Demək ki, mən nəyəm?!
Genə deyirəm, ki-şi-yəm...
Baba, indi dərd ondadır ki, mən qədəmlərimi ölkədən kənara qoyan kimi hardan olduğumu bilənlər üzümə tüpürürlər.
İndi sən de, başıma haranın daşını salım?!. "
Oxuyandan sonra həmən cavab yazdım ki, - "boyunu yerə soxum, felyetonun əvvəlindəki biriminci cümləni yazmasam, hər kəs elə zənn edərdi ki, bu kişilik dastanını mən yazmışam, özü də öz adımdan yazmışam."
Axı mən də KİŞİYƏM!

Kişi cinsinin təmsilçisi; İNTİQAM SOLTAN

Conflict.az