İntiqam Soltan - ADAMLIQ DƏRSİ

yazar

251

İntiqam Soltan - ADAMLIQ DƏRSİ(felyeton)
Salammölök...
Bu günkü söhbətimiz adamı heyvandan necə ayırmaq olar, onun haqqında olacaq...
Əgər sən sənə qarşı bütün günü öz vətənindəcə səhərdən axşamacan olunan təhqirlərdən karıxmısansa, yəni çaşmısansa...
O mənada ki, sənə hər yerdə o qədər heyvan kimi davranıblar ki, sən özünü itirmisən və bilmirsən ki, adamsan, yoxsa heyvansan...
Kimdən soruşsan da dəqiq cavab tapa bilmirsən. Yəni ki, unamırsan; ayə mən heyvanam, ya adamam...
Bu vədə cumursan evə, bir dənə ayna tapırsan. (Ayna bədənnüma olsa işin lap rahat olar.) Və keçib dayanırsan həmən o bədənnüma güzgü deyilən aynanın qənşərində, yəni qabağında...

Haşiyə: Əgər evdə ikiniz təksinizsə, yəni sən və ayna. O vədə şübhələrinin darmadağın olmasından ötrü hətta əynindəki şalvarını soyuna da bilərsən... Özü də lüt anabülbül...

Hə, keçib durursan aynanın qənşərində və diqqətlə boylanırsan öz bədəninin yarısından aşağı. Yəni lüt yerinə...

Əgər sən görsən ki, iki ayağa sahibsən, deməli, ay heyvan, bil və agah ol, sən insansan... Və buna heç zərrə qədər də şübhən, filanın olmasın...
Axı heyvanda dörd dənə ayaq olur...

Elə o heyni, yəni əlbəəlcənə tumanını gey əyninə, cum küçəyə, üzünü də tut yuxarı səmtə və var gücünlə bağır. De ki, ay adamlar, mənimlə niyə heyvan kimi davranırsınız, axı mən də adamam!
Sonra da imkan vermə ki, səninlə heyvan kimi rəftar eləsinlər.
Nə evdə, nə də küçədə, nə çöldə, nə bacada, nə mollaxanada, nə də o biri xanada, nə məktəbdə, nə də mədrəsədə, nə tikintidə, nə də söküntüdə, nə hansısa kabinetdə, nə də hansısa başqa ...netdə ...

De ki, a qurban olum sizə, mən axı heyvan mənşəli varlıq deyiləm, mən adamam, adam! Baxın, mənim iki ayağım var. Lazım gəlsə ayaqlarının ikisini də sox gözlərinə...
Amma bir şərtlə... Gərək özün də adam olasan da... Özü də hərtərəfli...
Yəni təkcə hıqqana-hıqqana yazmağı, höccələyə-höccələyə oxumağı yox, həm də öz hüquqlarını və onları qorumağı biləsən... Başa düşdün, ay qanmaz?!
Hə, əgər başa düşdünsə, di durma, yeri get, adam ol, ay heyvan oğlu heyvan!

Əssəlamun əleykim, və rəhmətullah və bərəkətu ...

Conflict.az