Rüfət Muradlı - O, TÜRK BAYRAĞINA SAYĞISIZLIQ EDƏNLƏRİ SAVUNMAMALI İDİ » Conflict.az

Rüfət Muradlı - O, TÜRK BAYRAĞINA SAYĞISIZLIQ EDƏNLƏRİ SAVUNMAMALI İDİ

yazar

719

Rüfət Muradlı - O, TÜRK BAYRAĞINA SAYĞISIZLIQ EDƏNLƏRİ SAVUNMAMALI İDİ( Milli dəyərlər uğrunda təmənnasız mücadilə aparanlara sayğılarla)
Bu yazı bəlkə də iki il öncə yazılmalı idi. Amma aramızdakı duz çörək, xatir hörmətə görə bu müddətdə susqunluğumuzu pozmadıq. Halbuki haqqımızda Türkün mərdlik ənənəsinə zidd olan həqarətlər və cəfəngiyyatlar söyləndi. Yenə susduq. Son günlər Seyfullah Türksoyun Türkiyə Böyük Millət Məclisinə aday adaylığını duyarkən isə iki il öncə yaşananları soydaşlarımla bölüşməyi özümə borc bildim. Çünki bu dəfə artıq söz təkcə bir dərnək başqanı deyil, potensial bir millət vəkilinin etdiyi yanlışdan gedirdi. Bir millət vəkili üçün əsla bağışlanmaz bir yanlış... Yəqin bu dəfə də yazmasaydım artıq həm vicdanıma, həm də Azərbaycanım qədər sevdiyim Türkiyəmin insanına xəyanət etmiş olardım. Şübhəsiz, həm Qardaş Türkiyənin seçicilərinin, həm də 15 il təkbaşına Türkiyə iqdidarı olmuş bir partiyanın öz adaylarını yaxından tanıması şərtdir. Əlbəttə, əgər tanımaq istəyərlərsə...
Rüfət Muradlı - O, TÜRK BAYRAĞINA SAYĞISIZLIQ EDƏNLƏRİ SAVUNMAMALI İDİ
Seyfullah Türksoyla yaxından 2014-cü il iyulun 26-da, Dmanisidə aparıcısı olduğum 6-cı Elat Bayramında tanış olduq. Bayram mərasimindən sonrakı ziyafət süfrəsində xeyli siyasətdən danışdıq, Seyfullah bəy isə nədən MHP-dən ayrı düşməsini anlatdı. Yaxşı xatırlayıram ki, həmin gün o, "Artıq MHP bitmiş" deyə israr etsə də onunla razılaşmamış, lakin uzun uzadı polemika aparmadan "Hər halda seçim sizin!" deyərək söhbəti bitirmişdik. Sonralar Bakıda və Gürcüstanda bir neçə dəfə görüşdük. 2015-ci ilin iyulunda Seyfullah Türksoy öz çevrəsi ilə yenə Elat Bayramına gəldi. Yenə dostları ilə bərabər tribunaya dəvət edib səhnəni paylaşdıq. Sayğı və ehtiram da həmişəki kimi öz yerində. Bir neçə ay sonra Borçalı Cəmiyyəti olaraq bizi Dünya Qarapapaq Türkləri Birliyi - KARPAT-ın 1-ci qurultayına dəvət etdi. Az sonra arayıb məni həmin birliyin Ali Şurası - "Yüksek İstişare Kurulunda" görmək istədiyini bildirdi . Mən də təşəkkür edib "Hər zaman olduğu kimi başqanımız Zəlimxan bəylə bərabər orada olmağa hazırıq" deyə cavablandırdım. Sayğı və etimad üzərində qurulan bu münasibətlər 2016-cı ilin iyununda Borçalı Cəmiyyətinə qarşı namərdcəsinə hərəkətlər həyata keçirilərkən Seyfulla bəyin və KARPAT-ın sərgilədiyi mövqeyədək heç dəyişmədi. O zaman KARPAT-ın Yüksək İstişarə Kurulunda Borçalı Cəmiyyəti 7 üzvlə təmsil olunurdu. Halbuki bizə qarşı alternativ cəmiyyət qurularkən, adımız, nizamnaməmiz, möhürümüz oğurlanarkən nə yazıq ki, Seyfullah Türksoy və müavinləri Borçalı Cəmiyyətinə aid olmayan, "EL-ə dönük çıxanların" yanında yer aldılar. Baş verənləri heyrət və təəsüf içində izləyirdik. Amma bütün bunlara baxmayaraq yenə ortada hörmət qorundu, üz üzə gəlmədik.
Rüfət Muradlı - O, TÜRK BAYRAĞINA SAYĞISIZLIQ EDƏNLƏRİ SAVUNMAMALI İDİ
Və nəhayət 2016-cı ilin iyulunda Dmanisidə Elata, Borçalıya, Türklüyə qarşı hörmətsizlik baş verdiyi an gizli maskalar tamamilə töküldü. 26 iyulda sübh saatlarında biz Borçalı Cəmiyyətinin Elat Bayramı üzrə TK- nin üzvləri olaraq Azərbaycan, Gürcüstan və Türkiyə bayraqlarını səhnəyə asdıq. Az sonra yerli hökumət nümayəndələri gəlib və bizim ciddi müqavimətimizə baxmayaraq səhnənin üzərində dalğalanan Türkiye bayrağını endirdilər. Ardıcıl çabalarımız sonuc vermədiyi zaman isə biz "Türkiye bayrağı endirilən yerdə Azərbaycan bayrağı qalmaz" deyib Azərbaycan bayrağını da səhnədən aldıq. Zatən bu bayramın mahiyyəti və fəlsəfəsi Gürcüstan, Türkiyə və Azərbaycan dostluğunun təcəssümü olmasında idi. Bayraqlardan biri olmazsa, 8 il uğurla davam edən Elat və dostluq ənənəsi pozulardı. Həmin gün milli dəyərlərimizə sayğısızlıq bununla bitmədi. Ağsaqqalımız Osman Əhmədoğlunun da sözlərinə etinasız yanaşan yerli hökumət rəsmiləri qubernatorla razılaşdırdığımız şərtləri ayaq altına qoyaraq "Bu gün burada Elat yox, Dmanisi bayramı olacaq" deyib Borçalıda yaşayan soydaşlarımıza, Türkiyədən, Azərbaycandan və dünyanın ayrı ayrı nöqtələrindən Elat Bayramına qatılan yüzlərlə insana aşkar şəkildə sayğısızlıq etdilər. Biz son anadək mübarizə apardıq, lakin yenə müsbət nəticə hasil olmadı. O anlarda "Elat" deyib Armudlu yayalasına gələn yüzlərlə soydaşımızla bərabər bəyanat verib bu bayramın nə Elata, nə Borçalıya, nə də Türklüyə aidiyyatının olmadığını dilə gətirərkən Dünya Qarapapaqlar Birliyindən orada olan nümayəndələr, o cümlədən başqan yardımçısı Hikmet Karaboga ( o sonradan öz əməlinə haqq qazandırmaq üçün hətta bizi İran casusu belə adlandırmışdı) və başqaları utanmadan Türk bayrağının endirildiyi səhnəyə çıxıb təbrik nitqi söylədilər, hətta rüsvayçı şəkildə bizi aşağılayanların önündə "şapka" da çıxardılar. O gün Al bayrağa hörmətsizlik edilən zaman baş verən bu üzücü olaylara Gürcüstandakı Türkiyə səfirliyinin və TİKA-nın təmsilçiləri də üzüntü içində şahidlik etmişdilər.
Mənəviyyatla maddiyatın tam üz üzə gəldiyi an yaşandı o gün Armudluda. Biz bəyanat verib, Yallı gedib Elat sevdalıları ilə oranı tərk etdik. Dmanisioba sevdalıları isə orada qaldılar. O cümlədən KARPAT təmsilçiləri...
Rüfət Muradlı - O, TÜRK BAYRAĞINA SAYĞISIZLIQ EDƏNLƏRİ SAVUNMAMALI İDİ
Qardaş Türkiyenin mətbuatında da Türkiye bayrağının endirilməsi sərt təpki ilə qarşılandı.
Türkiyənin usta qələmlərindən Ömər Lekesizin həmin günlərdə "Yeni Şafak"da yayılan "Gürcüstan dost ama..." yazısı isə yazarın baş verənlərə ürək ağrısı ilə yanaşmasını əks etdirirdi. O günlərdə Qars Sərhəd Boyları Dərnəyinjn sədri Muharrəm Yıldız, İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp , MHP Qars İl başqanı Yaver Özcan və başqaları da öz vicdanlarının səsinə səs verib bu üzücü olayı- Türkiyə bayrağına olan çirkin saldırını qınayan mövqelər sərgilədilər. Nə yazıq ki, Armudli yaylasında Türkiyə bayrağının endirilməsinə göz yumub, bayrağı endirənlərin yanında yer alan KARPAT üzvlərinin hərəkətinə haqq qazandıran Seyfullah Türksoy isə həmin gün Türkiyə bayrağı üçün mücadilə verənləri "fetoçu provakatorler" adlandırdı... Təsəvvür edirsiniz. Bayrağının qeyrəti çəkənlər "fetoçu" olmaqda suçlandı, bu olaylara uzaqdan seyrçi kimi baxanlar isə haqlı çıxarıldı. Orada bizlərin tək suçumuz da bu idi ki, korporativ maraqları düşünmədik və milli dəyərlərimizdən vaz keçmədik. Seyfullah Türksoyun həmin insafsızca açıqlaması isə Borçalı Cəmiyyəti olaraq bizim KARPAT- la qırılma nöqtəmiz oldu və "Birlik"dən ayrıldıq. Sonra öyrəndik ki, Seyfullah bəy və bəzi müavinləri Gürcüstanda müştərək iş qurmaq istəyirmişlər. Ona görə də yerli hakimiyyətə xoş gəlmək , onlarla normal münasibətləri saxlamaq lazım imiş. Yəni bu qədər sadə, lakin utancverici... Nəhayət şahid olduq ki, 7 ay üzvü olduğumuz KARPAT adlı qurumun başında duranlar milli dəyərləri işinə gəldiyi zaman şəxsi, korporativ maraqlara qurban verməyə də hazır imişlər. Çox təəssüf...
Rüfət Muradlı - O, TÜRK BAYRAĞINA SAYĞISIZLIQ EDƏNLƏRİ SAVUNMAMALI İDİ
Şübhəsiz, Seyfullah Türksoyun Türk Dünyası ilə bağlı televizyonçuluq fəaliyyətlərini danmaq haqsızlıq olar. Adam uzun illər bu sahədə çalışıb, əmək verib, Türkmyurdlarını qarış qarış dolaşıb və saysız filmlər çəkib. Amma Türk bayrağına sayğısızlıq edənlərə , al bayrağa sahib çıxmayanlara haqq qazandırmağa çalışması onun şəxsiyyəti haqda şəxsən məndə fərqli düşüncə formalaşdırdı. Bu gün isə Ak Partidən Türkiyə Cumhuriyyətinin millət vəkili olmağa adaylığını açıqlayıb. Kaş "xeyirli olsun!" deyib keçə biləydim. Amma vicdanım məhz bayraq olayına görə susqun qalmağıma icazə vermədi. Düşünürəm ki, sabahın millət vəkili dövlətinin bayrağını və o bayrağın müqəddəsliyini hər şeydən uca tutmalıdır. Bir halda ki, həmin aday milliyətçi camiənin köynəyindən çıxdığını da iddia edirsə , o zaman sorumluluq daha da ağırlaşar. Axı bizim lüğətimizdə bayraq bir millətin şərəf, qeyrət və namus simgəsidir. Şübhə yoxdur ki, bu prinsip bütün tələnmasız milliyətçilər üçün də keçərlidir. Yetər ki, bu gerçəyə bütün varlığınla inanasan. Necə ki, Mithat Cemalın "Bayrakları bayrak yapan üstündeki al kandlr" deyə sevgiylə öydüyü Al bayrağa, Arif Nihat Asya öz məşhur şerində "Tarihim, şerefim, şiirim, her şeyim" deyə xitab edər, Nihal Atsız da, "Darbeyle gönüllerde yatan ülkü silinmez! Atsız yere düşmekle bu bayrak yere inmez!…" deyərdi.
Rüfət Muradlı - O, TÜRK BAYRAĞINA SAYĞISIZLIQ EDƏNLƏRİ SAVUNMAMALI İDİ
Əvət bəylər, kaş hər birimiz yerə düşək, torpaq vətən olsun, lakin bayrağımız enməsin...
P.S Yəqin bu yazıya müəyyən təpkilər də olacaq. Necə ki, iki il öncə haqqımızda saysız cəfəngiyyatlar söylədilər, hərçənd sonra bəziləri üzr istədi. Amma çox istərdim ki, bütün düşüncələr yazıda yer alan həqiqətlər kontekstində, ədalət və vicdan çərçivəsində olsun.
Bu arada 24 hazıran seçimləri uca Türk millətinə hayırlı uğurlu olsun! Hansı partiyanın qalib olmasından asılı olmayaraq təki qazanan Türkiyəmiz olsun!

Conflict.az