Intiqam SOLTAN - Milli mərəz...

yazar

211

Intiqam SOLTAN - Milli mərəz...

Haşiyə: (proloq əvəzi) Gəlin uşaqlarımızı qoruyaq, içimizdəki qorxunu və dilimizdəki yalanı onlara ötürməyək...
Qorxu xəstəlikdir!
İnsanın qəlbinə girib onu məhv edən xəstəlik. Hansı ki, bizdə epidemiya halını alıb!
Sağalması şübhə altına alınan mərəzə çevrilib! (yenə bizdə)
Təəssüf...
N. Nərimanov oğluna yazdığı "yarımçıq məktub"unda deyir ki, "mən həkimlik sənətini seçdim ona görə ki, azadlığım öz əlimdə olsun..."
Yaxşı bəs nədən azad peşə sahibləri olan həkimlərimiz əlində "şprisi" belə tutanda əlləri titrəyir...
Görən onların canına bu qorxunu, bu vəlvələni salan nədir!?
Mərhum dövlət başçımız H. Əliyev deyirdi ki, "Ədalətsizliklə ədalətli bərpa etmək mümkün deyil..."
Bəs nədəndir ki, görəsən hakimlərimiz ədalətə ədalətlə yanaşmaqdan qorxurlar?!
Dünyaca məşhur yazıçı Steven King deyir ki, "“Ayy...pox” yazmalı olduğun yerdə “Ayy...şəkər” yazma. İnanın mənə, intellektual qorxaq adam, yazıçı olmaq istəyirsə, lakin həqiqəti deməkdən qorxursa, bu mümkün olan şey deyil”.
Bəs nədən görən yazarlarımızın əlində qələm həqiqəti yazmaq anında tir-tir əsir. Elə əsir ki, qaralanmış kağızda nə yazıldığından heç şeytan da baş aça bilmir...?!
Müəllimlərimiz dünya elminin süzgəcindən min dəfələrlə keçmiş həqiqəti öz gələcəkləri olan körpələrə çatdıranda nədən dilləri qorxudan iflic olur...
Aktyorlarımız topuqlarından da aşağıda oturub, altdan yuxarı onlara büt kimi baxan tamaşaçılara niyə həqiqi deyil, yalan hisslərini sırıyırlar...?!
Vəkilimiz niyə qorxudan müstəntiq donunda olsun ki?!
Deputatımız milləti dövlətdə təmsil eləməkdənsə, nədən dövlətin millət arasında təmsilçisi rolunda çıxış etməlidir axı?!
Çobanımız nədən özünü çoban kimi təqdim etməkdən çəkinir... Amma səlahiyyəti olan tabeçiliyində olanları qoyun kimi otarır...?!
Nədən görən polisimiz mülki geyimdə olmalıdır ...?!
And yerimiz nədən fərdi rifahımıza xidmət edən ünvanlara çevrilib...?!
Televiziyalarımız, kinomuz, mətbuatımız, tetrlarımız qorxaq və yalançılığın haker hücumuna məruz qalıb...
Milli mənəvi dəyərlərimiz qorxaqlığın, yaltaqlığın və yalanın qarşısında Antarktida çovğununa düşmüş Afrikalı körpə kimi əsim-əsim əsir...
Bu qorxu nədir ki, bir virus kimi qanımıza düşüb, sindrom olub canımıza hopub... Hərəmiz öz işimizi vicdanla görməkdən niyə qorxuruq axı...?!
Niyə söyüd ağacına dırmaşıb armud axtarırıq, ya da almanı əzgil kimi təqdim etməyə cəhd edirik...?!
Özümüzdən yuxarıdakındanmı xoflanırıq ...?!
Ola bilər, amma nəyindən, niyə, səbəb nədir?!
Bəlkə öz işimizi vicdanla görməməyimizdəndir...?!
Qorxudan həqiqətin yerinə elə həmin yuxarıdakılara təqdim etdiyimiz yalanların sabahların birində bünövrəsiz tikili kimi öz başımıza uçağından qorxmuruqmu?!
Yox, qorxmuruq!
Nədən, bilirsinizmi?!
Ona görə ki, sabahımızı görə bilmirik!
Sabahımızı görə bilmirik, ona görə ki, sabahımız haqqında düşünmürük!
Düşünmürük, ona görə ki, sabahmıza qarşı laqeydlik!
Sabahımıza qarşı laqeydik, ona görə ki, cahilik!
Cahilik, ona görə ki, mütaliəmiz zəifdir!
Mütaliəmiz zəifdir, ona görə ki, aldığımız tərbiyə özü tərbiyəsizdir!
Amma aldığımız tərbiyə niyə tərbiyəsizdir, – bax onun cavabını bilmirəm!!!
Gəlin düşünək! Hamımız düşünək!
Çünki bu Vətən, bu Dövlət, bu Məmləkət, bu Millət hamımızındır!
Canı canımızdır, qanı da qanımız!
Sabah o olmazsa heç birimiz olmayacağıq!
Vəssalam!!!
Haşiyə: (epiloq əvəzi) Gəlin uşaqlarımızı qoruyaq, içimizdəki qorxunu və dilimizdəki yalanı onlara ötürməyək...