Rüfət MURADLI - SOSİAL ŞƏBƏKƏ VƏ ONUN QƏRƏZLİ ÇIXIŞÇILARI

yazar

452

Rüfət MURADLI - SOSİAL ŞƏBƏKƏ VƏ ONUN QƏRƏZLİ ÇIXIŞÇILARI Kimsəyə sirr deyil ki, mövcud reallığımızda əsas və alternativ media vasitəsi missiyasını sosial şəbəkələr daşıyır. Tv-lərdə və əksər saytlarda alternativ fikir əks olunmadığı üçün toplum əsas informasiyanı sosial şəbəkələrdən almaq məcburiyyətindədir. Bəlkə bizi də elə Şimali Koreyadan, Çindən, Suriyadan ayıran müsbət nəsnələrdən biri də məhz budur.

Aparılan təqdiqatlara görə Azərbaycan miqyasında təkcə FB şəbəkəsində bir milyondan artıq istifadəçi var. Təbii ki, bu rəqəmin hamısı aktiv fəaliyyətə dəlalət etmir. Amma bütün hallarda ölkə səviyyəsində ən çox məlumatlar və fikir mübadilələri məhz sosial şəbəkədə həyata keçirilir. Özəlliklə FB narazı və etirazçı kəsim üçün bir rupor vasitəsinə çevrilmişdir. Seçkisi demokratik keçirilməyən, kütləvi aksiyalara icazə verilməyən bir ortamda sosial şəbəkə bəlkə də yeganə tribuna rolunu da oynayır. İnsaf xatirinə deməliyik ki, FB-da dərc edilən xəbərlər saatlar sonra saytlarda öz əksini tapır. Bu baxımdan, xüsusilə son zamanlar bu sosial şəbəkənin imkanlarının genişləndirilməsilə insanımızın maariflənməsində və xəbərdar edilməsində FB-un rolu daha da artmış və bunu inkar etmək ədalətsizlik olar. Cəmiyyətin ümummilli məsələlərdəki səfərbərliyi və həmrəyliyinin dərəcəsini də sosial şəbəkədə dəfələrlə müşahidə etmişik. İstər 2016-cı ilin aprelindəki hərbi əməliyyatlarda, istər deputat Hadi Rəcəblinin şəhid ailələri və qazilərlə bağlı neqativ mövqeyinə qarşı, istər xaricdə yaşayan Azərbaycanlıların Astan İsmayılova "şəxsiyyətini" xatırladan mesajları, istərsə də son günlər Araz Əlizadənin türklük əleyhinə ənənəvi sərsəmləmələri müqabilində kütləvi etiraz rəyləri toplumumuzun həm də uğurlu nəbz yoxlaması sayıla bilər. Yəni milli məsələlərdə, hakimiyyətin sosial problemləri dərinləşdirdiyi hallarda cəmiyyət heç olmazsa sosial şəbəkədə öz etirazını sərgiləmək iqtidarında olur. Amma təəsüflə etiraf etməliyik ki, sosial şəbəkə həm də Azərbaycanın , özəlliklə Türkün varlığını istəməyən, separatçı, xain, milli mənəvi dəyərlərimizə xilaf çıxanlar üçün də bir tribunaya çevrilmişdir. Özü də təhqir, təhdid, ədəbsizlik, qorxu və vəhşət saçan fikirlərin əks edildiyi bir tribuna.. Nə yazıq ki, özünü dindar , hətta mömin sayan, əslində daşıdığı təriqətin mənsub olduğu ölkələrin missionerlərinin təlqini ilə şüursuzca "tərəfdara" çevrilən yüzlərlə "yobaz"la bir vətəni paylaşmaqdayıq. Nə yazıq ki, bir cibində Azərbaycan pasportu, digər cibində hətta parlamentimizin də mandatını daşıyan, lakin ruhu, mənəviyyatı Kremldə təcəlli tapan onlarla , yüzlərlə "beşinci kalon" törtöküntülərilə bir səmanın altında yaşamaqdayıq. Məhz bu namərd zehniyyətin daşıyıcıları öz missiyalarını sosial şəbəkələrə daşıyaraq dövlətçiliyimizi, milli dəyərlərimizi hədəfə almaqdan belə çəkinmirlər. Amma ən çox təəssüf doğuran hal isə özünü, ömrünü milli-demokratik mübarizəyə həsr etmiş bəzi insanların bu zəhərli təbliğatın "ovuna" düşməsi olur. Heç kəsə sirr deyil ki, Azərbaycan adlı vətənimizin bugünkü acı reallığında - ölkədə günü gündən artan ağır sosial durum, Qarabağ adlı düyünün çözülməmiş qalması , rüşvət, korrupsiya adlı nəhs gerçəyin olmasında əsas günahkar məhz mövcud hakimiyyətdir. Özünü müxalifət sayan istər partiya, istər hərəkat, istərsə də hər bir fərd bacardığı qədər, özü də ağır sosial və iqtisadi şərtlərə, inzibati səddlərə baxmayaraq bu iqtidarla mübarizəsini davam etdirir. Və inanıram ki, Azərbaycan dövlətçiliyinin varlığı üçün illərini vermiş çoxları üçün dövlətçiliyimiz həm də bir dəyər anlamı daşıyır. Bu baxımdan bəzən sosial şəbəkələrdə bu dövlətin, bu millətin varlığını hədəf alan statusları milli demokratik camiə təmsilçilərinin təqdir etməsi ya bəyənməsini anlamaqda zorluq çəkirəm. Təəsüflər olsun ki, bu gün sosial şəbəkələr bu kimi faktlarla zəngindir. Məsələn, bir "gerizəkalı" aşkar şəkildə Azərbaycanın fars torpağı olduğunu iddia edir, özünü ölkədə demokratik mübarizədə pay sahibi hesab edən başqa bir "ağıl sindromu yaşayan" da həmin fikri bəyənir. Digəri aşkar şəkildə Azərbaycanı qan gölünə çevirəcəklərilə hədələyir. Adamın hədəfində məhz Əliyevlər iqtidarı olduğu üçün buna hətta sevinənlər də tapılır. Bir başqası Azərbaycan manatının xilasının rubla çevrilməsində gördüyünü yazır və toplum buna etinasız yanaşır. Və nəhayət bizim bəzi milli-demokrat dostlarımız da separatçı birinin milli azadlıq mübarizəsinin öncülü kimi təqdim olunmasına dəstək verməkdən də çəkinmirlər. Bu gün ortada əzilmiş, incidilmiş, talan edilmiş Azərbaycan adlı vətənimiz var və onun yaralarını sarmaq , onu sağaltmaq üçün çıxış yolunu nə Moskvada, nə Qumda, nə Riyadda , nə də Vaşinqtonda deyil məhz öz ölkəmizdə axtarmalıyıq. Əsrin dörddə biri qədər olan müstəqillik dönəmimizdə toplumun vətən- millət təəssübünün də bir zaman binalarımızı bəzəyən penoplast örtüklər kimi kövrək olduğunun fərqindəyəm. Şübhəsiz bu ürəkağrıdan duruma görə mövcud iqtidarın da bu anadək dərk etmədiyi məsuliyyəti görməkdə də çətinlik çəkmirəm. Necə ki, fransiz psixoloq Mişel Fuko nahaq yerə "hər cəmiyyətdə dəliliyi təyin edən hakimiyyətlərdir" demir. Amma hakimiyyətin yarıtmazlığının, hətta qəddarlığının "bədəlini" Vətənimiz və üzərində yaşadığımız torpaq hesabına ödəmək olmaz. Gerçəkdən görəsən, hansısa ölkənin din xadiminə yönələn mesajlara anında , özü də aqressiv cavab verən bəzi "soydaşlarım" nədən Azərbaycana qarşı yönələn mesajlara cavab verməkdə zorlanırlar?! Azərbaycanın nicatını "Şimalda" görən , "11-ci Qırmızı Ordunu" qarşılamaq üçün Dağıstana qədər qaçaraq gedə bilən "vətəndaşlarımız" da bu tendensiyadan istisna deyil. İnanıram ki, bu gün özünü Azərbaycanın demokratikləşməsi, rifahı üçün məsuliyyətli hesab edən siyasi qurum və fərdlərin hər biri ölkəmizi hədələyən təhlükələrin fərqindədirlər. Elə isə Azərbaycan naminə siyasət meydanında olduğu kimi, sosial şəbəkələrdə də bir az ayıq , qərəzsiz və insaflı olun cənablar! Şübhəsiz ayıq olmaq da kafi deyil. Yəni hər kəs öz məqsədinə cavab verən düşərgənin yanında yer alıb, bir birini "bəyənməkdənsə", milli dəyərləri elektorat toplamağa qurban verməkdənsə yaxşı olar ki, sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan təbliğatlarda birlik və həmrəylik nümayiş etdirsin. Özəlliklə yad düşüncəyə, satılmış, əsir düşmüş yobazlara qarşı. Axı Azərbaycan "Krılovun arabası" deyil ki, hərə bir yerə çəksin.. P.S Mənsub olduğum Ümid Partiyası da öz siyasi kursunda məhz bu amilləri- milli məsələdə həssas olmağı, eləcə də bu prinsipi özünün fəaliyyət prioriteti seçməyi əsas tutmuş və tutmaqdadır. Elə onun sıralarında olma səbəbimin biri də məhz bu meyardır.

Conflict.az