İlham Əliyev Naxçıvanda açılışlar etdi - Foto

Siyasət

124

İlham Əliyev Naxçıvanda açılışlar etdi - Foto09:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

Axar.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Dövlət başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür. Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək diametri 900 millimetrdən 630 millimetrə qədər olan borularla 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.

Layihə ərazisində diametri 560 millimetrdən 63 millimetrə qədər plastik borularla 59,4 kilometr içməli su xətti çəkilib, 2500 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində 7 yanğın hidrantı tikilib. Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arasında təzyiqlə verilir. Şərur şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər olan borularla 19 kilometrdən çox daxili kanalizasiya şəbəkəsi çəkilib və 1500 ədəd ev kanalizasiya xəttinə qoşulub. Kanalizasiya sularının kənarlaşdırılması üçün diametri 400 millimetrdən 600 millimetrə qədər plastik borularla 7,3 kilometr uzunluğunda ana xəttin inşası aparılıb.

Bununla da Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.

Sonra dövlət başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basdı.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə məlumat verib.

Prezident İlham Əliyev kompleksi işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu.

Məktəbin binası üçmərtəbəlidir. Binada iki kompüter sinfi, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, 2 şahmat sinfi, hərbi kabinet, 24 ümumi sinif otağı, müəllimlər otağı və idman zalı var. Məktəbin həyətində qazanxana və bufet binası tikilib. Bir sözlə, burada şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli imkanlar mövcuddur.

Prezident İlham Əliyev məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.