Prezidenti təbrik edirlər (YENİLƏNİR)

Siyasət

203

Prezidenti təbrik edirlər (YENİLƏNİR)Albaniya Prezidenti İlir Meta Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrik məktubun deyilir:

"Hörmətli cənab Prezident.

Sizi inamlı qələbəniz, yenidən çox böyük ictimai dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Ali dövləti fəaliyyətinizdə və dost Azərbaycanı daha da inkişaf etdirməkdə Sizə uğurlar arzulayıram.

Yeni mandatınız dövründə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin, xüsusilə iqtisadi və ticari sahələrdə daha da güclənəcəyinə və intensivləşəcəyinə qəti inamımı ifadə edirəm. Əminəm ki, TAP və İAP qaz kəmərləri kimi böyük layihələrin həyata keçirilməsinə və gələcəkdə Albaniyanın qazlaşdırılması imkanına Azərbaycan Hökumətinin və şəxsən Sizin göstərdiyiniz dəstəklə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı maraq doğuran digər sahələrdə də genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi münasib bildiyiniz vaxtda Albaniyaya dövlət səfərinə dəvət etmək arzumu ifadə etmək istəyirəm. İnanıram ki, bu səfər Albaniya və Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına daha sanballı töhfə verəcək.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana və onun xalqına daha sürətli inkişaf və rifah arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Türkmənistan Respublikasının prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:



"Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdəki möhtəşəm qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə göstərilən yüksək etimadın və dövlətçiliyin, ölkənin sosial-iqtisadi inkişafının möhkəmlənməsi üçün həyata keçirdiyiniz kursun dəstəklənməsinin əyani təsdiqidir.

Türkmənistan ilə Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq telləri bağlayır. Əminəm ki, ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi qardaş xalqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan Respublikasının xalqına isə əmin-amanlıq, inkişaf və rifah arzu edirəm.

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi, Azərbaycan dövlətinin inkişafına yönəlmiş kursunuzu dəstəklədi.

Qoy, bu inamlı qələbə Sizə ruh yüksəkliyi, ali dövləti vəzifənizdə bundan sonra da yorulmaz fəaliyyətiniz üçün qüvvə və enerji bəxş etsin, Azərbaycanın gələcəkdə də səmərəli sosial-iqtisadi inkişafının və ictimai-siyasi sabitliyinin təmin edilməsinə yönəlmiş yeni ideyaların, layihələrin, strateji təşəbbüslərin reallaşması üçün stimul olsun. Sizin qələbənizə ürəkdən sevinirəm, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar arzu edirəm.

Tatarıstan-Azərbaycan əməkdaşlığının gələcəyinə inamla baxıram, qardaş xalqlarımızın mənafeyi, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı naminə qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün birgə fəaliyyətimizə ümid bəsləyirəm".