Körpə qidalarının bir çoxu təhlükə mənbəyidir

Səhiyyə

284

Körpə qidalarının bir çoxu təhlükə mənbəyidir Səhiyyə Nazirliyi bəzi pediatrları bu qidaların distribüterlərinin təsirindən çıxara bilmir
Bu sahədə müəyyən monitorinqlərin aparılmasına baxmayaraq, müsbət nəticəsi yoxdur Hazırda genofondumuzu təhdid edən ən ciddi məsələlərdən biri də süni körpə qidalarıdır. Daha çox xarici ölkələrdən idxal olunan və mənşəyi məlum olmayan körpə qidaları övladını öz südü ilə bəsləməkdən imtina edən analar üçün asan çıxış yolu olsa da, körpələr üçün xəstəlik mənbəyidir. Söz yox ki, sağlam cəmiyyətin təminatında ərzaq təhlükəsizliyi, xüsusi ilə uşaqların qidalandığı ərzaqlar mühüm rol oynayır. Lakin bu gün kütləvi şəkildə körpə qidalarına olan maraq gələcəyimizin təhlükədə olduğuna bir işarədir. Körpələrin ana südü əvəzinə keyfiyyətsiz süni qidalarla bəslənməsi bəşəriyyəti genetik fəlakətə sürükləyir. Bu gün tibb elminin qarşısında duran əsas vəzifələrdən biri də körpə ölümünün qarşısının alınması, ən azından minimuma endirilməsidir. Hər gün bu qidalarla bağlı aparılan araşdırmaların nəticələri təhlükənin ciddiliyini sübut edir. Yadınızdadırsa, bir müddət əvvəl ölkəmizdə də geniş satılan "Milupa Aptamil Südlü Taxıl Qarışığı" ilə bağlı Türkiyədə sensasion araşdırma üzə çıxmış və qidanın tərkibində GMO olduğu təsdiqlənmişdi. Belə ki, Türkiyənin Qida Əkinçilik və Heyvandarlıq Nazirliyinin keçirdiyi monitorinq zamanı uşaq qidaları ilə bağlı sensasion məqamlar üzə çıxıb. Məlum olub ki, Bakıda da satışda olan "Milupa Aptamil Südlü Taxıl Qarışığı" adlı məhsulda GMO (genetik modifikasiya olunmuş) elementləri aşkarlanıb. Bursa şəhərində nazirlik əməkdaşlarının təsbit etdiyi bu nəticə barədə öncə gidahareketi.org saytı yazıb, ardınca isə Türkiyənin tanınmış "Sabah" qəzeti xəbəri tirajlayıb. GMO-nun varlığından əmin olmaq üçün bu uşaq qidasından nümunələr götürülərək Ankaradakı Nəzarət Laboratoriyasına göndərilib. Qida Əkinçilik və Heyvandarlıq Nazirliyinin verdiyi açıqlamada isə nəticə bir daha təsdiqlənib və bildirilib ki, əlaqədar şəxslər barədə hüquqi məsuliyyət nəzərdə tutulacaq. Qeyd edək ki, sözügedən qida məhsulları Bakının apteklərində də satışdadır və ailələr arasında yetərincə populyardır. Amma aidiyyəti qurumlar bu təhlükəli uşaq qidalarının satışdan yığışdırılması üçün indiyə kimi heç bir tədbir görməyiblər. Bundan başqa, Böyük Britaniya mütəxəssislərinin araşdırmasına görə, dünyanın bütün ölkələrində satılan məşhur uşaq yeməklərinin tərkibində mərgümüş və digər zəhərli maddələr aşkarlanıb. Həmin qidaları istehsal edən şirkətlər maddələrin insan orqanizmi üçün təhlükəli olmadığını desələr də, ekspertlər bunun tam əksini söyləyirlər. "Organix", "Hipp", "Nestle" və "Holle" uşaq qidaları şübhə altındadır. İsveçdəki Karolin İnstitutunun metallar və sağlamlığın tədqiqatı bölməsinin alimləri Karin Lyunqun rəhbərliyi ilə araşdırma aparıblar. Alimlərin hesablamalarına görə, "Organix" uşaq qidasının hər porsiyasının tərkibində 2 mikroqram mərgümüş, 0,03 mikroqram kadmium və 0,09 mikroqram qurğuşun var. "HiPP" qidasında həmin rəqəmlər 1,7, 0,13 və 0,33-ə bərabərdir. "Holle"nin hər porsiyasında isə 7,3 mikroqram mərgümüüş, 0,38 qram kadmium və 0,26 mikroqram qurğuşun olub. Əlbəttə, aşkarlanan maddələr yaşından asılı olmayaraq insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Nəzərə alsaq ki, bu gün ölkədə körpə qidaları istehsal olunmur, həmin tərkibli qidaların ölkə bazarlarında da yer alması ehtimalını artırır. Xatırladaq ki, Azərbaycanda 2001-ci ildə "Erkən yaşlı körpələrin qidalanması" ilə bağlı qanun qəbul olunub. Azərbaycan bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə konvensiyasını ratifikasiya edib. Ancaq hələ də körpə qidalarının marketinqi, satışında problemlər yaşanır. Həmin qanunlarda qeyd olunub ki, körpə qidalarının reklamı, etiketində sağlam uşaq, əmzik şəkli, bundan başqa valideynlərə yönəlmiş reklam materialları verilməməlidir. Pediatrlarla uşaq qidası distribüterlərinin əlaqəsi olmamalıdır. Onların xarici ölkələrə göndərilməsi üçün müəyyən ianələr verilməməlidir. Harada körpə qidasının reklamı varsa, orada iri hərflərlə "ana südü əvəzedilməzdir", "Övladlarınızı ana südü ilə qidalandırın" yazılmalıdır. Körpə qidaları 25 C temperaturdan aşağı dərəcədə saxlanılmalıdır, lakin bu gün həmin qidaların 40%-i lazım olan temperaturda saxlanılmır. Məhz bu səbəbdən körpələr tədrici zəhərlənmənin qurbanı olurlar. Əldə etdiyimiz məlumatlara görə, əksər pediatrlar körpə qidaları distribüterlərinin təsiri altındadır. Hətta doğum evlərində analara körpə qidaları haqqında məlumat verilir, lakin kodeks bu halları qadağan edir. Çünki ana körpə qidasının adını eşidəndə istər-istəməz südü çəkilir. Qanunda göstərilir ki, üçüncü ölkədən körpə qidasının idxalı qadağandır, lakin bu hallara da rast gəlirik. Bu sahədə müəyyən monitorinqlərin aparılmasına baxmayaraq, müsbət nəticəsi yoxdur. Qeyd edək ki, burada dövlət orqanlarının nəzarəti qədər valideynlər də bu məsələlərə xüsusi diqqət göstərməlidirlər. Ekspertlər bildirirlər ki, yeni ana olmuş xanımlar körpələrini təbii yolla qidalandırmalıdır. Tərkibi bilinməyən qidaların körpələrə verilməsi onların sağlamlığına mənfi təsir göstərə bilər. Bütün bu məlumatları ümumiləşdirib deyə bilərik ki, hazırda Azərbaycanda satılan uşaq qidalarının yetərli hissəsi aşkar təhlükə mənbəyidir. Odur ki, Səhiyyə Nazirliyinin yetkili şəxsləri bu istiqamətdə təcili işlər görməli və pediatrları uşaq qidalarının distribüterlərinin təsirindən çıxarmalıdır.
Kənan Eyvazoğlu

Conflict.az